Ukraynanı çətin günlər gözləyir

Yanukoviç qərarsızlıq göstərməklə özünün siyasi karyerasını bitirmiş oldu



Vilnüsdə keçirilən zirvə toplantısında Ukrayna ilə Avropa İttifaqı arasında ticarət və əməkdaşlıq sazişi imzalanmayacaq. Rəsmi Ukraynanın bu qərarı Rusiya Federasiyası və Gömrük İttifaqının digər üzvləri, MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub.

Bundan başqa, daxili bazarın Ukrayna və Avropa Birliyi ölkələri arasında paritet münasibətləri təmin edəcək səviyyədə formalaşdırılması da qərarın məqsədlərindən biridir. Müxalifət isə hökumətin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina barədə qərarını xəyanətkarlıq adlandırıb. Həmçinin Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi avrointeqrasiya tərəfdarlarının kütləvi aksiyalara başlamasına səbəb olub. Noyabrın 24-də paytaxt Kiyevdə keçirilən kütləvi tədbirlərdə on minlərlə insanın iştirak etdiyi və müxalifətin müddətsiz aksiyaları hələ də davam etməkdədir. Hətta aksiyaçılar "avromeydan”ı noyabrın 29-na kimi boşaltmayacaqlarını bildiriblər.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, hazırda Ukrayna "Avropa Birliyi (AB) yoxsa Gömrük İttifaqı (Gİ)” sualına cavab axtarışında parçalanma mərhələsindədir. Ukrayna prezidenti Yanukoviçin faktiki olaraq küncə sıxıldığını deyən politoloq bildirib ki, aksiyaların nə qədər davam edəcəyi ilə bağlı indidən konkret nəsə demək mümkün deyil: "Onu bilirəm ki, artıq həm vaxt, həm də manevr imkanları baxımından Yanukoviç ətrafında həlqə daralmaqdadır. Bir tərəfdən Rusiya prezidenti Putin Ukraynanın Rusiyaya olan 30 milyard borcunu xatırlatdı. Digər tərəfdən Avropa Birliyinin Genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle vaxtın azaldığını vurğulamaqla Ukraynanın artıq seçim etməli olduğunu bildirib. Ən əsası da hər iki tərəfin əlində kifayət qədər ciddi arqumentlər və hadisələrə təsir imkanları var. Ona görə də hər şey Ukrayna prezidentinin verəcəyi qərardan asılıdır. Yanukoviç Vilnüsə gedib Ukrayna ilə Avropa İttifaqı arasında ticarət və əməkdaşlıq sazişi imzalayacaq, yoxsa sənədə imza atmaqdan imtina edəcək, bunu demək çətindir. Ancaq istənilən halda, Yanukoviç qərarsızlıq göstərməklə özünün siyasi karyerasını bitirmiş oldu. Bundan sonra Ukraynanın hansı istiqamətə gedəcəyindən asılı olmayaraq Yanukoviç başda olmaqla indiki hökumət siyasi baxımdan tam "bankrot” vəziyyətdədir. Ukraynada bu riski artıran bir amil də ölkədə güclü müxalifətin olmasıdır. Odur ki, prezident Yanukoviçin durumu məncə heç də həsəd aparılacaq deyil...”

Ukraynadakı aksiyaların günü-gündən böyüyəcəyini vurğulayan politoloqun sözlərinə görə, tələbələrin iğtişaşlarda aktiv iştirakı göstərir ki, Ukraynanı çox çətin günlər gözləyir: "Güman etmirəm ki, Avropa Birliyi komissarının mesajlarının arxasında heç nə dayanmır. Bu günə qədər Rusiya güc nümayiş etdirirdi və hesab edirdi ki, MDB məkanına daxil olan ölkələr yalnız Kremlin gücü ilə hesablaşır. Qərb Rusiya üçün "dişsiz” geosiyasi rəqib kimi görünürdü. Ancaq Qərbin "dişi” özünü bu yaxınlarda göstərəcək. Hətta bu prosesin Ukraynadan başlayacağı da istisna deyil.