İradə Cavadova bunu müsbət hal sayır
“Çünki uzun müddət postlarında qalan hakimlər daha təmkinli və düzgün işləyə bilirlər”
Milli Məclisin iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub və bununla bağlı məhkəmələrə əlavə səlahiyyət verilib.
Dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlıdır. Hazırda qüvvədə olan qanuna görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən birinin yanında qalmasını müəyyən etməlidir. Dəyişikliyə görə, bundan sonra məhkəmə uşağı bir valideynindən alıb, digərinə verə bilər. Digər dəyişikliyə əsasən məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Parlamentin iclasında Ali Məhkəmənin hakimlərinin təyin edilməsi ilə bağlı Prezidentin göndərdiyi təqdimata da baxılıb. Müzakirələrdən sonra 3 nəfər - Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyev ömürlük hakim təyin ediliblər. Məlumat üçün deyək ki, bir neçə il əvvəl "Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliyə əsasən hakimlər ömürlük seçilə bilir. Lakin ömürlük hakim seçilmək ölənə qədər yox, son yaş həddinə qədər hakimlik etmək deməkdir. Azərbaycanda son yaş həddi 65-dir.
Dəyişikliklərlə bağlı "Şərq”ə danışan tanınmış vəkil, hüquqşünas İradə Cavadova məhkəmə islahatlarını müsbət dəyərləndirib. Amma ekspertin fikrincə, məhkəmə sisteminin tam müstəqil və ədalətli işləməsi üçün bir sıra mühüm addımların atılması zəruridir: "Üç hakimin vəzifəyə ömürlük, yəni 65 yaşa qədər təyin olunması yaxşı haldır. Çünki uzun müddət postlarında qalan hakimlər daha təmkinli və düzgün işləyə bilirlər. Amma əsas məsələ hakimlərə verilən məvaciblə bağlıdır. Məsələn, digər məhkəmələrdə, xüsusən birinci instansiyalarda işləyən hakimlərin maaşları çox azdır. Ona görə də bəzi hallarda hakimlərlə bağlı xoşagəlməz faktların şahidi oluruq. Neqativ hallarla bağlı xeyli şikayətlər daxil olur”. İ.Cavadova bildirib ki, bir çox hakimlər presedent hüququna, yəni mövcud qətnamələrə istinad etmirlər. Bu səbəbdən eyni məsələ ilə bağlı müxtəlif qərarlar verilir: "Məhkəmələrdə süründürməçilik yaşanır, müxtəlif bəhanələr gətirərək qərarları bilərəkdən əsassız yerə uzadırlar. Biz vəkilləri ən çox narahat edən bu məsələlərdir. Ümid edirik ki, tədricən bu problemlər aradan qalxacaq”.
Hüquqşünasın sözlərinə görə, xarici ölkələrdə hakimlər spesifik fəaliyyət göstərirlər: "Hazırda bizdə də məhkəmə sistemlərində belə bölgü aparılır. Birinci instansiya məhkəmələrində cinayət işlərinə konkret hakimlər baxırlar. Onlar mülki işlərlə məşğul olmurlar. Amma yaxşı olar ki, ailə, uşaq, boşanma məhkəmələrinə baxan hakimlər də ayrıca fəaliyyət göstərsinlər. Çünki son zamanlar ailə məsələləri, boşanmalar və alimentlərlə bağlı həddindən artıq çox məhkəmə prosesləri olur. Bu zaman qarışıqlıq və anlaşılmazlıq yaşanır. Məsələn, mənim praktikamda belə problem olub. İki il davam edən məhkəmə prosesində hakim aliment tələbinə münasibət bildirə bilməyib. Nəticədə məhkəmə daha bir il uzanıb. Bəzi hakimlər icraatı bilmirlər. Daha çox regionda işləyən hakimlər nöqsanlara yol verirlər. Bu məsələyə çox diqqətli yanaşmaq lazımdır”.
İsmayıl