Xoşagəlməz statistika açıqlandı

Azərbaycanda 5 min qız erkən ərə verilib

Bakı, Xaçmaz, Gəncə, Lənkəran, Sumqayıt və Qaradağa səfər də daxil olmaqla Azərbaycandakı 10 günlük missiyasının sonunda BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb nə nəticələri mövzusunda çalışan xüsusi məruzəçisi xanım Rəşidə Mancu bir sıra problemləri açıqlayıb.

Qeyd edib ki, Azərbaycan hökuməti qadınların ictimai həyatda səlahiyyətlərinin artırılması, o cümlədən təlimlər və maarifləndirmə kampaniyaları vasitəsilə onlara yönəlmiş təşəbbüslərə xüsusi diqqət yetirib. Qadınların siyasi həyatda iştirakı artıb və hazırda Milli Məclisin 125 millət vəkili arasında 19 xanlm var. Hazırda qeydiyyatdan keçmiş olan yarım milyon sahibkardan 15%-i qadındır.

Daxili İşlər Nazirliyindən Rəşidə Mancuya verilən məlumata görə, 2012-ci ildə qadınlara qarşı 5478, 2011-ci ildə isə 6705 cinayət hadisəsi törədilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirib ki, 2011-ci ildə 87, 2012-ci ildə isə 105 qadın intihar edib, ancaq bu hadisələrlə bağlı heç bir izah verməyib.
"Kommersiya, cinsi istismar və məcburi əmək məqsədilə qadınların alver obyektinə çevrilməsi halları da narahatlıq doğuran məsələlərdən biridir. Əldə edilən statistik məlumatlara görə 2012-ci ildə qadın alveri ilə bağlı 89 hadisə aşkar edilib”.

Rəşidə Mancu bildirib ki, əsasən Cənub bölgəsinə xas olan erkən, məcburi və qeyri-rəsmi evliliklərin sayının artması narahatçılıq doğuran məsələ kimi davamlı olaraq vurğulanır. Dövlət Komitəsinin məlumatlarına görə 2013-cü ildə 5000-dən çox qız uşağı erkən evliliklərin qurbanı olub (2012-ci ildə bu rəqəm təxminən 4000 idi).

Rəşidə Mancunun sözlərinə görə, cinsə görə uşaqların abort edilməsi hallarının sayı artıb və bu da cəmiyyətdə qadınlara və qız uşaqlarına verilən patriarxal dəyərin təzahürüdür. Azərbaycan cinsə görə abort hallarının üstünlük təşkil etdiyi ölkələr arasında ikinci yeri tutur. "Təəssüf ki, mən dövlət qurumlarından bu cür araşdırmaları təsdiq edəcək statistik məlumatları əldə edə bilmədim”-deyə BMT məruzəçisi bildirib.

"Missiyam zamanı Sumqayıtda və Qaradağda yerləşən məcburi köçkün düşərgələrinə baş çəkmək imkanım oldu. 1993-cü ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən və Azərbaycan torpaqlarının 20%-nin işğalı ilə nəticələnən münaqişə yerlərindən didərgin düşmüş icmalar üçün cismani zorakılıq; ailə üzvünün itirilməsi və maddi mülkiyyətin itirilməsi daxil olmaqla çox ciddi fəsadlara səbəb olub. Təxminən bir milyon qaçqın və məcburi köçkün – Ermənistandan və Dağlıq Qarabağdan olan azərbaycanlılar – öz yurdlarından zorla çıxarılıb. Onların yarıdan çoxu qadın və uşaqlardır.
... Mən düşərgələrdə, yataqxanalarda və mehmanxana binalarında yaşayanların əziyyətlərinin kədərləndirici hallarını gördüm və eşitdim. Mən, həmçinin itkin düşmüş ailə üzvlərinin qayıdacağına hələ də ümid edən şəhid ailələrindən olan qadınların dərdlərini eşitdim. Azərbaycanın məcburi köçkünlərinin hal-hazırda işğal altında olan doğma torpaqlarına "qayıtmaq hüququ”nun təmin edilməsi və ya digər həll yollarının tapılacağına dair siyasi məqamlar bu insanların sülh prosesini gözlədikləri müddət ərzində Hökumətin hal-hazırda onların bütün növ hüquqlarını təmin və müdafiə etməsinin qarşısını almamalıdır.

Bir çox irəliləyişlərə baxmayaraq, qadınlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanun və siyasətlərin icra mexanizmlərinin məhdudluğu və ya yoxluğu məsələsi bir sıra insanlar tərəfindən dəfələrlə qaldırıldı. Dəfələrlə qeyd olundu ki, spesifik icra mexanizmləri və fəaliyyət üçün baza rolunu oynayan, iştirakçı tərəflərin vəzifələrini dəqiq müəyyən edən, eləcə də özündə monitorinq və qiymətləndirmə mexanizmlərini ehtiva edən heç bir strategiya yoxdur”.

Rəşidə Mancu Azərbaycan hökumətinə qadınlara qarşı zorakılıq məsələlərinin həllində daha əsaslı və mərkəzləşdirilmiş yanaşma tətbiq etməsini təklif edib.
O deyib ki, missiyasının nəticələri 2014-cü ilin iyun ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyi hesabatında daha təfərrüatlı müzakirə ediləcək.