Paytaxtda qadını döyüb öldürdülər
Polis və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində törədilmiş ağır cinayətin üstü "isti izlər"lə açılıb.
Milli.Az bildirir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan birgə məlumatə görə, aprelin 30-da saat 11 radələrində Səbail rayonu ərazisində üzərində zorakılıq əlamətləri olan qadın meyitinin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Tibbi müayinə zamanı meyitin bədənində çoxsaylı xəsarətlər aşkar edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalarla mərhumənin paytaxtın Nizami rayon sakini, 1971-ci il təvəllüdlü Santrandinova Yelena Viktorovna olduğu müəyyən edilib.
İstintaq zamanı aprelin 29-da Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Samir Zenyukovun tanışları Alla İbrahimovanı, 1985-ci il təvəllüdlü Dmitriy Razumniyi və Yelena Santrandinovanı yaşadığı Səbail rayonundakı mənzilinə dəvət edib onlarla birlikdə yeyib-içdikdən sonra aralarında baş vermiş münaqişə zəminində D.Razumniyi ilə bir qrup şəxs halında Y.Santrandinovanın baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Zenyukov və D.Razumniy şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
-------------
16:31
Dünən gecə Bakının Səbail rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, gecə saatlarında Neftçilər prospektində binanın qarşısında meyiti tapılan 46 yaşlı Yelena Sandradinovanın meyitinin elə həmin binanın pəncərəsindən atıldığı məlum olub. Belə ki, Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy 3-cü mərtəbədəki mənzildə kef məclisi təşkil ediblər.
Onlar əvvəlcədən tanıdıqları Yelenanı və onun rəfiqəsi Allanı da məclisə dəvət ediblər. Gecə saatlarında spirtli içkinin təsiri altında olan şəxslər arasında dava-dalaş olub. Bu zaman onlar 41 yaşlı Yelenanı döyüblər. Ağır xəsarətlər alan qadının xırıldadığını görən dostlar daha sonra onu pəncərədən küçəyə atıblar. Həmin vaxt hər iki şəxs onlara etiraz edən Allanı da döyüb evdən qovublar. Daha sonra isə spirtli içkinin təsiri altında yuxuya gediblər.
Polis ilk olaraq meyitin tapıldığı yerin qarşısındakı binanı yoxlamaq qərarına gəlib və qapı açılanda otağın qan içində olduğu, içki şüşələrinin ətrafa səpildiyini görüblər. Tutulan şəxslər törətdikləri əməli etiraf ediblər.
Bildirilir ki, hadisədə adı keçən şəxslər qeyri-sağlam həyat tərzi sürürlər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
-----------
12:53
Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.
Milli.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy tutulublar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
----------
09:28
Bakıda qətl törədilib.
Səbail rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Neftçilər prospekti, 93 ünvanında, Qız Qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun qətlə yetirildiyi müəyyənləşib.
Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandrandinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zyikov Samir Nərimanoviç, Razumıy Dmtirti Aleksandroviç və Alla adlı qadındır.
İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yanına atılıb
Araşdırmalar davam edir.