Azərbaycan və Türkiyənin birgə təlimləri real döyüş əməliyyatlarını özündə birləşdirir
Mayın 1-dən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb. 5 gün davam edəcək təlimlərdə şəxsi heyətlə yanaşı, zirehli texnika, artilleriya qurğuları, minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcəklər.
Məlumat üçün deyək ki, Türkiyə ordusunun şəxsi heyəti 10 gün öncədən Azərbaycana gəlib və "N” saylı hərbi hissədə yerləşiblər. Hərbi hissəsinin cəbhə bölgəsinə yaxın olduğu ehtimal edilir. Bu o deməkdir ki, türk hərbçiləri, o cümlədən hava şahinləri erməni işğalçı qüvvələri ilə kifayət qədər yaxın məsafədə təlim keçirlər. Bu da Türkiyə və Azərbaycanın sarsılmaz birliyi, müttəfiqliyinin növbəti parlaq nümayişi olmaqla yanaşı, həm də düşmən ölkəyə açıq şəkildə xəbərdarlıq ismarıcıdır. Türkiyə nümayəndə heyətinin rəhbəri, polkovnik Hakan Açıkgöz bildirib ki, birgə təlimlərdə qazanılan təcrübə iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsir göstərəcək: "Təlimlərdə əsas məqsəd Azərbaycan və Türkiyə orduları arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirməkdir. Eyni zamanda qərargahların müştərək planlaşdırması, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Birgə təlimlərlə bağlı "Şərq”ə açıqlama verən hərbi eskpert Ramil Məmmədli deyib ki, Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlıq milli ordumuzun yarandığı ilk gündən inkişaf etməyə başlayıb. Ekspertin sözlərinə görə, Silahlı Qüvvələrimiz müasir ordu strukturlaşması və komplektləşməsi istiqamətində türkiyəli hərbiçilərin bilik və bacarığından, təcrübəsindən çox istifadə edib:
"Azərbaycan Silahlı Qüvvələri formalaşmış dövrünü yaşayır. Ordumuz 20 il əvvəlki kimi cari məsələlərin həlli ilə deyil, qlobal problemlərin çözülməsi istiqamətində iş aparır. Hazırda müasir döyüş taktikasının mənimsənilməsi, döyüş bacarığının formalaşması, hərbi texnikaların modernləşməsi kontekstində ciddi işlər görülür. Türkiyə ilə Azərbaycan arasında mayın 1-də başlayan 5 günlük hərbi təlim ilk deyil. İndiyə kimi iki ölkə arasında bu və ya digər qoşun formatı növləri çərçivəsində 10-a yaxın hərbi təlim keçirilib. Bu təlimlər döyüş atışlı, təcrübələrin öyrənilməsi və qərargah formatında olub. İndiki təlimlər də real döyüş əməliyyatlarını özündə birləşdirən, şərti hədəfələrə atəş zərbəsi endirilən təlimlərdir”.
Ekspert bildirib ki, Türkiyə ilə Azərbaycanın hərbi baxımdan yaxınlaşması bizi sevməyən düşmən qüvvələri, xüsusən, Ermənistanı ciddi narahat edir:
"Düşmən ölkənin hərbi gücümüzün artmasından qorxması təbiidir. Fikrimcə, təlimləri Ermənistana ismarıc, mesaj kimi qəbul etmək olar. Yəni belə demək mümkündürsə, düşmən ölkə bu təlimlərdən özünə düşən nəticəni çıxardacaq. Amma birgə təlimlərin sırf Ermənistana hesablandığını demək də olmaz. Çünki Azərbaycan Silahlı Qüvvələri qəbul edilmiş əməkdaşlıq planına uyğun olaraq hər il Türkiyə ilə müxtəlif formatda təlimlər həyata keçirir. İndiki təlimlər də həmin proqramın tərkib hissəsidir. Şübhəsiz ki, düşmənlərimiz bu təlimləri özlərinə qarşı hesab edirlər”.
İsmayıl