Nağd pul qıtlığı bir azdan bankların çöküşünə səbəb olacaq
“Biz dəfələrlə mətbuata açıqlama verdik, amma dinləyən olmadı. Nəhayət, deputatların da bu problemə diqqət ayırması sevindirici haldır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitə sədri Ziyad Səmədzadə pul qıtlığının Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlərdən birinə çevrildiyini deyib. Millət vəkili kifayət qədər narahatedici olan pul qıtlığı məsələsinin ciddi müzakirə edilməsini vacib hesab edir: "Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”.
Bəs, pul qıtlığı niyə yaranıb? Necə aradan qaldırmaq olar?
Ölkədə pul qıtlığı, yəni dövriyyədə nağd pul kütləsi çatışmazlığının yeni xəbər olmadığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli bu prosesin ötən ildən etibarən başlanan bir proses olduğunu və bugünədək davam etdiyini deyib:
"Mərkəzi Bank normal addım ata bilmir deyə ancaq sərt pul siyasəti ilə manatın dövriyyəsini azaldıb. Xatırlayırsınızsa, MB yanvar ayından kredit siyasətini sərtləşdirməklə dövriyyədə olan pulları müxtəlif üsullarla yığmağa başladı. Banklarda olan sərbəst manat kütləsini isə yüksək faizlə toplamağa başladı. Manat kütləsi toplandıqca bankların əməliyyat aparmaq üçün əllərində olan vəsaitləri azaldı. Bu isə ümumi iqtisadi aktivliyə çox ciddi mənfi təsir göstərməyə başladı. Bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur. İqtisadi aktivliyin və pul dövriyyəsinin azalması bir müddət sonra bankların çöküşünə səbəb olacaq. Çünki bankların əlində olan əsas əmtəə pul kütləsidir, onlar pul dövriyyəsindən qazanır. Yəni, kredit verib onları toplamalıdır. Hazırda banklar heç bir pul əməliyyatlarını edə bilmir. Ticarət dövriyyəsinin azalması yoxsulluğun artması üçün ciddi zəmin yaradıb”.
N.Cəfərlinin sözlərinə görə, digər yanlış qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının nağd hesablamalara qoyduğu qadağalardan ibarət idi:
"Azərbaycanda infrastruktur tam oturuşmadığından nağdsız hesablaşmalar o qədər də populyar deyil. Mərkəzi Bankın yeni dəyişiklikləri əsasında müştəri ay ərzində 15 min manatdan artıq nağd pulu banklardan çıxara bilməz. Yəni, müştərinin öz pulunu özünə vermirlər. Nağd hesablamalara qoyulan məhdudiyyətlər isə biznesin işinə ciddi əngəllər yaratdı və nəticədə balans kütləsi xeyli azalmağa başladı. Heç bir administartiv qərarla, əmrlə belə məsələləri həll etmək mümkün deyil. Çünki dünyanın heç bir ölkəsində tək nağd ödəniş, ya da plastik kartla ödəniş prinsipi yoxdur. Bütün ölkələr sadəcə vaxtı ilə stimullaşdırma proqramları həyata keçiriblər. Əhalini kartla ödənişin daha sərfəli və məqsədəuyğun olduğuna inandırıblar. Bu inam üzərində inkişaf nəticəsində dünya ölkələrində ticarət dövriyyəsinin 85-90 faizi kartla həyata keçirilir. Azərbaycanda da bu yola getmək və ticarət dövriyyəsinin şəffaflığını təmin etmək istəyirlərsə, bu, əmrlə olmayacaq. Çünki birinci bunun altyapısı hazırlanmalıdır. Yəni, bütün ticarət nöqtələrində post terminalların fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Əks halda bu cür inzibati qərarlar iqtisadi aktivliyə mənfi təsir edir. Heç də təsadüfi deyil ki, bu daha çox özünü xarici ticarət dövriyyəsində büruzə verdi. İlk üç ay ərzində idxal mallarında təxminən 17 faiz azalmalar var”.
İqtisadiyyatın nağd pul kütləsi ilə qidalanmasının çərçivəyə alınması və sıxışdırılmasının artıma və inkişafa ziyan olması ilə bağlı biz dəfələrlə mətbuata açıqlama verdik, amma dinləyən olmadı. Nəhayət, deputatların da bu problemə diqqət ayırması sevindirici haldır:
"İki devalvasiya vaxtı Azərbaycan necə idisə, indi də elədir. Yəni, nə xarici ticarətdə bir üstünlüyümüz var, nə də əsas məhsulumuz olan neftin ixracatında və hasilatında artım var. Qeyri-neft sektoruna ümid edirdik, orada da ciddi bir dəyişiklik yoxdur. Azərbaycanda və ətraf bölgələrdə əks prosesin getdiyi bir vaxtda, fundamental heç bir iqtisadi dəyişiklik olmadan dolların ucuzlaşdığını görürük. Halbuki Azərbaycanda bunun üçün heç bir iqtisadi zəmin yoxdur. Yeganə səbəb inzibati qaydada Mərkəzi Bankın bazara müdaxilə edərək manat dövriyyəsini azaltmasıdır.
Şəymən