“Oğru dünyasına, mafiyaya müraciət edəsi deyiləm ki?”

Rauf Arifoğlu: “Polisə müraciət etməyə məcbur oldum”

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "facebook”da onu təhqir edən AXCP üzvü Vüqar Qədirov barəsində Daxili İşlər Nazirliyinə müraciət edib. Polisə çağırılan partiya üzvü bir neçə saat dindirilib.

Hansı səbəblərdən dolayı cəbhəçi gənclərin baş redaktoru hədəf aldığını və ona qarşı yönələn qara kampaniyanın arxasında kimlərin durduğunu öyrənmək üçün R.Arifoğlu ilə əlaqə saxladıq. Bu barədə "Şərq”ə danışan baş redaktor ona ünvanlanan təhqirlərin siyasi kampaniya olduğunu deyib: "Gəldiyim qənaətə görə, mənə qarşı aparılan kampaniyanın arxasında AXCP üzvləri dayanır. Düzdür, qarayaxma kampaniyasının içində hər kəsin öz səviyyəsinə uyğun müxtəlif cür tənqidlər və təhqirlər var. Ancaq ümumi halda aydın görünür ki, bütün bunların hamısı bir mərkəzdən idarə olunur. Yəni partiyalı bir kampaniyadır. Məqsədləri nədir, deyə bilmərəm. Ən yaxşısı bunu AXCP-dən soruşmaq lazımdır. Onlar deməlidir ki, hansı səbəbdən "facebook”da olan partiya üzvləri "Yeni Müsavat” qəzetinin, "Müsavat.com” və "Minval.az” saytının baş redaktoru, Rauf Arifoğluna bu dərəcədə çirkin hücumlar edirlər. Qoy məqsədlərinin nə olduğunu açıq şəkildə söyləsinlər”.

Hərə öz tərbiyəsini göstərir deyən R.Arifoğlu onu təhqir etməklə heç nə əldə edə bilməyəcəklərini bildirib: "Bəri başdan deyirəm, kim məni, yaxınlarımı və qohumlarımı təhqir edirsə, hamısını onlara və fikirlərini dəstəkləyənlərə aid edirəm. Əslində bununla sadəcə özlərini gözdən salırlar, müxalif ünvanını ləkələyirlər. Hazırda müxalifətin gündəmində başqa, daha ciddi məsələlər olmalıydı. Ancaq bütün cəbhəçilərin hədəfində mənəm. Elə bil başqa işləri yoxdur. Bu məqam mənim üçün çox maraqlı situasiya yaradır. Ya mənə həddindən artıq çox əhəmiyyət verirlər, ya da mənimlə bağlı xüsusi qəsdi-qərəzlikləri var”.

Baş redaktor qeyd edib ki, ictimai mühitdə ağır şəkildə təhqirə məruz qaldığı üçün qanunauyğun şəkildə müvafiq quruma müraciət edib: "Bu, açıq şəkildə xuliqanlıqdır. Ona görə də ağlım kəsən yerə, DİN-ə müraciət etdim. Əgər bundan sonra belə faktlar olarsa, yenə də müraciət edəcəm. Artıq o işlə məşğul olanlar başa düşməlidir ki, tənqidlə təhqir tamam ayrı-ayrı şeylərdir. Təhqirlə məşğul olanların da cəzası iki növdür. Ya başqa üsullarla özüm onların cəzasını verməliyəm ki, bunu özümə yaraşdırmıram və doğru da hesab etmirəm. Ya da qanunauyğun şəkildə dövlət qurumlarına şikayət etməliyəm. AXCP üzvlərindən oğru dünyasına, mafiyaya şikayət edəsi deyiləm ki?”.

R.Arifoğlunun sözlərinə görə, əvvəlcə AXCP rəhbərliyinə müraciət etsə də, heç bir nəticəsi olmayıb: "Şəxsən AXCP sədri Əli Kərmiliyə yazmışam ki, bu hücumları dayandırsınlar. Bizim həmin partiya üzvləri ilə heç bir problemimiz yoxdur. Kimin nəyinə qalıb ki, hansısa bir qəzet öz maraqlarını necə təmin edir, qoruyur və irəli aparır? Mən polisə müraciət etməyə məcbur oldum. Çünki özümü müdafiə etməliyəm, başqa yolum yoxdur. Əgər AXCP rəhbəri məsələyə münasibət bildirsə və məni təhqir edən şəxsləri cəzalandırsa, təbii ki, polisə müraciətimə yenidən baxacam. Yox əgər belə olmasa, kimin nə deməsindən asılı olmayaraq axıra kimi gedəcəm”.

Qeyd edək ki, günün sonunda AXCP rəhbərliyi, partiya üzvü Vüqar Qədirovun Rauf Arifoğluna qarşı təhqiramiz hərəkətlərini pisləyən bəyanat yayıb.