Zorakılıq faktı günü-gündən artır




Mehriban Zeynalova:

"Cinsi zorakılıqla bağlı qanun

qəbul olunarsa, bu cür xoşagəlməz faktların qarşısı da alınar”

Azad İsazadə:

"Güclü cəmiyyətlər zorakılıq

qarşısında aciz qalmır”

Murad İsayev:

"Baş verən hadisələr gənclərin də ailə həyatı qurmazdan öncə tibbi-psixoloji müayinədən keçmələrinin vacibliyindən xəbər verir”

Ölkədə təcavüz hallarının sayı durmadan artır. Az qala hər gün mediada qardaşı, atası, qonşusu və başqa birisi tərəfindən zorlanan qızlar və hətta oğlanlar haqqında xəbərlər oxuyuruq. Çox güman ki, artıq insanlarda beyin, düşüncə pozğunluğu artıb. Çünki atanın, qardaşın, əminin və dayının öz qızlarına, bacılarına qarşı bu cür cinsi zorakılığı etməsi bizim üçün qəbulolunmazdır və mentalitetimizə yaddır. Nə yazıq ki, vaxtı ilə ancaq başqa ölkələrdən eşitdiyimiz bu cür faktlar indi ölkəmizdə də az qala hər gün, həm də bir neçə ailədə yaşanır. Mentalitetimizə zidd olsa da, təəssüf ki, bu cür hallara yol verənlər var.

Biz ki adət-ənənəsinə sadiq, ana-bacı qeyrəti çəkən, qonşu qızına yan gözlə baxanın gözünü oymağa hazır bir millət idik. Bəs bu zorlanma hadisələrinin səbəbi nədir? Bütün tarix boyu tapındığımız mentalitetimiz, milli mənəviyyatımız nədən korlanıb?

Ekspertlərin qənaətincə, insanların bu qədər yırtıcı olması, öz doğma qızına qarşı cinsi zorakılıq tətbiq etməsi və ya bacılarını zorlayaraq həmin anları anbaan kadra alması bir sıra problemlərdən qaynaqlana bilər.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da qadınların cinsi zorakılığa məruz qaldığını təsdiqləyib. Onun fikrincə, cəmiyyətin qadınlara münasibəti dəyişdirilməlidir. Hüquq müdafiəçisi hesab edir ki, qadınların cinsi zorakılığa məruz qalması ilə bağlı qanun qəbul olunmalıdır: "Əksər Avropa ölkələrində cinsi zorakılıqla bağlı qanun qəbul olunub. Ancaq təəssüflər olsun ki, Azərbaycanda belə bir qanun yoxdur. Cinsi zorakılıqla bağlı qanun qəbul olunarsa, bu cür xoşagəlməz faktların qarşısı da alınar”.

Ekspertin sözlərinə görə, cinsi zorakılığa məruz qalan qadın dərhal polisə müraciət etməlidir: "Əksər hallarda qadınlar nədənsə qorxduğu üçün polisə müraciət etməkdən çəkinir. Qadınlar onu da bilməlidir ki, zorakılığa məruz qalan hər bir qadının kimliyi anonim saxlanır”. M.Zeynalova bildirdi ki, qadınlara cinsi zorakılıq tətbiq edən şəxsə qarşı cəza tətbiqi sərtləşdirilməlidir: "Bəzən elə hal olur ki, cinsi zorakılıq edən şəxs məhkəmə zalından azadlığa çıxır”.

Psixoloq Azad İsazadə isə deyib ki, ideal cəmiyyət heç vaxt qurulmayıb, zorakılıq isə həmişə olub. Onun sözlərinə görə, yalnız zəif cəmiyyətlər belə zorakılıqlara qarşı mübarizə aparmır: "Güclü cəmiyyətlər zorakılıq qarşısında aciz qalmır. Deyim ki, inkişaf etmiş ölkələrdə də ailə zorakılığı mövcuddur. Amma həmin ölkələrdə birmənalı olaraq cəmiyyət də, dövlət də bununla mübarizə aparır. Ailə zorakılığı ilə bağlı qanunla bizdə bir çox qanunların icrasında problemlər var. İkincisi, cəmiyyətin özü ailə-məişət zorakılığına qarşı o qədər də mənfi rəy bəsləmir. Düzdür, hamı üzdə deyir ki, zorakılıq pisdir, amma reallıqda döyülən qadın haqqında deyirlər ki, yəqin öz günahıdır, əri boşuna döyməz. Yaxşı adamı döyməzlər düşüncəsi hakimdir. Bununla da zorakılığın həyata keçirilməsinə bəribaşdan bəraət qazandırırlar”.

Ailə üzvlərinin, xüsusən də ataların doğma qızlarına sataşmasının hansı psixologiyanın göstəricisi olduğuna gəldikdə isə psixoloq deyib ki, bu, anormal psixoloji davranışdır: "Hətta hər şeyi kənara qoysaq, cəmiyyətin qınağını, qanunların hökmünü hesablamasaq, yazılmamış qanunları nəzərə almasaq, hətta kriminal dünyanın sakinləri belə, bu hadisələrə çox mənfi yanaşırlar. Həbsxanalarda yatan bu cür cinayətkarlara çox pis münasibət göstərirlər. Bu davranış patoloji düşüncənin nəticəsidir”.

Azad İsazadə deyir ki, bu hallar həmişə olub. Sadəcə əvvəllər operativlik bu qədər inkişaf etməmişdi, texnika zəif, imkanlar məhdud idi, ona görə cəmiyyət baş verənlərdən xəbərsiz qalırdı: "İndi mətbuatın məlumat toplama üsulları çevikləşib, operativdir. İnternet, mobil rabitə, videokameralar və bu kimi vasitələr bu hadisələrin daha tez aşkarlanmasına səbəb olur. Eyni zamanda qeyd elədiyim kimi cəmiyyətdə aqressiya güclənib. Əgər birinin xasiyyətində anormallıq varsa, sözsüz ki, bu, aqressiya ilə birgə büruzə verəcək”.

Atanın doğma qızını, qardaşın öz bacısını zorlaması ilə bağlı yayılan faktlara münasibət bildirən psixoloq Murad İsayev həmin şəxsin normal psixologiyaya sahib olmadığını deyib: "Bir insanın öz parçası olan övladına, doğma bacısına qarşı belə vəhşilik törətməsi onun normal psixologiyada olmamasından xəbər verir. Xüsusən də Azərbaycan mental düşüncələri ilə böyüyən birisinin qızına, bacısına zorakılıq tətbiq etməsi onun psixoloji probleminin olmasından qaynaqlanır. Bu cür hadisələrin baş verməsi bir daha ətrafımızda normal insan kimi görünən şəxslərin nə qədər xəstə patologiyaya sahib olduğunu, psixi problemlərinin olmasını göstərir”. Ailədaxili zorakılığın qarşısının alınması, atanın doğma qızlarını öldürməsi məsələsinə toxunan Murad İsayev gəncləri ailə həyatı qurmazdan öncə tibbi-psixoloji müayinədən keçməyə səsləyib: "Baş verən hadisələr gənclərin də ailə həyatı qurmazdan öncə tibbi-psixoloji müayinədən keçmələrinin vacibliyindən xəbər verir. Normal görünən biri ilə ailə həyatı qurduqdan sonra həmin şəxsdə nə qədər psixoloji problemlərin olduğunu görürük. Məsələn, cənub rayonlarında baş verən hadisələrin birində kişi həyat yoldaşı ilə yanaşı, azyaşlı qızlarını da öldürmüşdü. Bu cür hadisələr normal psixologiyada olmayan insanların cəmiyyətdə çoxaldığından xəbər verir”.