Yaxşı baxın!..

Onlar gələcəyin potensial narkomanlarıdır
Yeniyetmələrin paytaxt küçələrində yapışqan iyləyə-iyləyə belə asudə şəkildə gəzişməsi təhlükədən xəbər verir



Bakı küçələrində tinər - yapışqan iyləyən yeniyetmələrlə bağlı video yayılıb. Publika.az-ın əməkdaşları metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında tinər iyləyən uşaqları lentə alıblar və bu video dünəndən sosial şəbəkələrdə çox izlənir. Xəbərdə bildirilir ki, Publika.Az bu görüntülərlə bağlı araşdırma aparır.

Videoya baxanda yeniyetmələrin qeyri-etik davranışları, anormal hərəkətləri diqqət çəkir. Ekspertlərsə bu cür qeyri-adi davranışların "kley”in təsirindən ola biləcəyini istisna etmirlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan "Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizova bu cür yapışqan iyləyən uşaqlarla hələ bir neçə il əvvəl rastlaşdığını dedi:

- Mərkəz insan alveri, əmək və cinsi istismarla bağlı film hazırlayırdı. O zaman biz paytaxtın "Nizami” metrostansiyasının ətrafında, bulvar ərazisində bu tip uşaqlarla qarşılaşmışdıq. Gözümüzün önündə uşaqlar "kley” iyləyirdilər. Onlardan soruşanda ki, niyə bunu edirsiniz, cavab verdilər ki, bəzən ac qalırıq, bununla aclığımızı yatırdırıq, aclığı yaddan çıxarırıq. Bəzisi aclığını unutdurmaq üçün uyuşdurucu xassəyə malik dərmanlardan istifadə etdiklərini də deyirdi. Biz insan alveri ilə bağlı film hazırladığımıza görə, bu məsələni filmə daxil etmədik. Amma əminəm ki, o kadrlar operatorda saxlanılır. Doğrusu, uşaqların gətirdiyi əsas mənə inandırıcı görünmədi. Çünki yapışqana verdikləri pula çörək də ala bilərlər. Görünür, bu uşaqlarda artıq aludəçilik, vərdiş yaranıb. Bu da birdən-birə yaranmır. Deməli, bu uşaqlar neçə ildir ki, tərkibində uyuşdurucu olan vasitələrdən istifadə edirlər. Və buna artıq vərdiş edirlər. Yeniyetmələrin paytaxt küçələrində yapışqan iyləyə-iyləyə belə asudə şəkildə gəzişməsi təhlükədən xəbər verir. Onlar artıq taksikomandırlar və gələcəyin potensial narkomanlarıdır. Bəlkə də artıq narkotikə qurşanıblar. Belə faktlar da var ki, bəzən yeniyetmələr cinayətkar qruplar tərəfindən qəsdən toksiki maddələrə alışdırılır.

Bir müddət keçdikdən sonra aludəçilik onları narkotik maddə istifadəçisinə çevirir. Narkotik maddə, həblər, iynə əldə etmək üçün cinayətə əl atmağa başlayırlar, narkotik maddələrin satışı, daşınması ilə məşğul olurlar. Onları buna təhrik edənlər var. Bu uşaqlardan, yeniyetmələrdən öz cinayətkar əməllərində bir vasitə kimi istifadə edirlər.

M.Əzizova son illər yeniyetmələr arasında siqaret və narkotik maddələrdən istifadənin geniş yayıldığını da dedi:

- Bizim mərkəzə psixoloji reabilitasiya keçmək üçün yeniyetmələr müraciət edir, hətta qızlar da var aralarında. Onlarla aparılan söhbətdən aydın olur ki, hələ məktəbdə oxuyarkən siqaret çəkməyə başlayıblar. Yavaş-yavaş siqaret keçib uyuşdurucu maddələrə, narkotiklərə. Məktəbdə oxuyarkən yüngül narkotiklərdən istifadə ediblər və onlarda artıq alışqanlıq yaranıb. Eləsi var, sinir sistemi müalicəsində istifadə olunan həblər qəbul edir. Bu dərmanlardan bir həb qəbul etdikdə müalicəvi effekt verirsə, 2-3 həb atdıqda, artıq uyuşdurucu təsirə malik olur. Qallüsinasiyalar başlayır, özlərini havada hiss edirlər, ətrafdan təcrid olunurlar və s.

Bəs belə təhlükəli halların qarşısının alınmasında hansı tədbirlər həyata keçirilməlidir?

M.Əzizova qeyd etdi ki, burada məktəb və valideynlərin üzərinə məsuliyyət düşür. Ən böyük məsuliyyət daşıyan onlardır:

- Valideyn uşağın nə işlə məşğul olduğuna diqqət etməlidir. Bəzən yeniyetmə hamam otağında, ayaqyolunda çox oturur. Valideyn maraqlanmalıdır ki, uşaq niyə orda çox oturur. Çünki uşaqlar adətən hamamda, ya da ayaqyolunda siqaret çəkir, uyuşdurucu dərman qəbul edirlər. Valideynin məsuliyyətini dərk etməsindən, uşağa qarşı diqqətli olmasından çox şey asılıdır. Orta məktəblərdə vəziyyət qaneedici deyil. Məktəblərdə nə tədris arzuolunan səviyyədədir, nə də təlim-tərbiyə. Uşaqlarla heç bir izahedici, maarifləndirici iş aparılmır. Belə hallarda şagirdlərə uyğun filmlər nümayiş olunmalıdır. Məlumatlandırma kampaniyaları aparılmalıdır, şəkillərlə, rəqəmlərlə, sənədlərlə yeniyetmələrə narkotik maddələrin, siqaretin gətirdiyi bəlalar anladılmalıdır. Bilirsiz, uşaq psixologiyası qadağaları qəbul etmir. Amma ona film, şəkil, nəsə bir əyani vəsait göstərəndə, bu, onun yaddaşında qalır və ona daha güclü təsir göstərir. Uşağı "atana deyəcəyəm” sözüylə qorxutmaq yaxşı nəticə vermir. Amma ona göstərilsə ki, siqaret çəkmək ağ ciyəri necə dağıdır, narkotik vasitələr insanın ölümünə necə gətirib çıxarır, bu, daha böyük effekt verir və onu çəkindirir. Təəssüf ki, bizdə nə uşaqlarla bağlı, nə də yeniyetmələrlə bağlı belə tədbirlər keçirilmir. Hüquq-mühafizə orqanları da kənarda seyrçi mövqeyi tutub. Halbuki, polis taksikomaniya ilə məşğul olan yeniyetmələri heç olmasa müvəqqəti sığınacaqlara yerləşdirə bilər, bundan sonra onların valideynlərinin kimliyi ilə, harada yaşamaları ilə maraqlanar. Valideyn uşağına nəzarət edə bilmirsə, o, valideynlik hüququndan məhrum edilməlidir. Yapışqan iyləyə-iyləyə küçədə sərbəst dolaşanlar sabah başqa uşaqları da təsir altına salacaq, onların da gələcəyini məhv edəcəklər.