Elxan Şahinoğlu: " Hesab etmirəm ki, Makron münaqişənin həllində eks-prezidentlər -Fransua Ollanddan və ya Nikola Sarkozidən daha fəal olacaq"
"Fransadan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ciddi təşəbbüs yoxdur”.
Bunu Sherg.az-a yeni seçilən Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini şərh edərkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, zaman-zaman xarici işlər nazirlərinin görüşlərini təşkil etsələr də, münaqişənin həlli istiqamətində Fransadan ciddi təşəbbüslər yoxdur:
"Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu dövlət münaqişənin həllində zamanla müəyyən fəallıq da göstərirdi. Məsələn, keçmiş prezident Jak Şirakın dövründə, 90-cı illərin sonunda Azərbaycan və Fransa prezidentlərinin Parisdə məşhur görüşü də baş tutdu. Bundan sonra 2005-2006-cı illərdə də görüş keçirildi. Amma son 10 ildir Fransa passivdir. Minsk qrupunun həmsədrləri arasında faktiki yeganə vasitəçi Rusiyadır. Azərbaycan, Ermənistan prezidentlərinin, xarici işlər nazirlərinin görüşləri Rusiya ərazisində bu dövlətin vasitəçiliyi ilə keçirilir. Rusiya Ermənistanın strateji müttəfiqi və Azərbaycanla tərəfdaş dövlətdir və təsir imkanları böyükdür.
E.Makron prezident seçilib, onun Dağlıq Qarabağ münaqişəsi haqqında müəyyən açıqlamaları da olub. Hesab etmirəm ki, Makron münaqişənin həllində eks-prezidentlər Fransua Ollanddan və ya Nikola Sarkozidən daha fəal olacaq. Bu dövlət Minsk qrupunun həmsədri olduğundan, qurum daxilində müəyyən təşəbbüslər göstəriləcək. Ola bilsin, yaxın müddətdə və ya ilin sonuna qədər Parisdə xarici işlər nazirlərinin görüşləri həyata keçirilsin. İrəlidə parlament seçkiləri var və prezidentin başı da buna qarışacaq. Çünki Makronun bu qələbəsi hələ heç işin yarısı deyil. O çalışmalıdır ki, parlamentdə onun öz hərəkatının nümayəndələri deputat seçilsin. Prezident olduqdan sonra gərək o parlamentdə də özünə yaxın fraksiyanı formalaşdırsın. Yəni Makronun hələ 2-3 ay başı bu məsələlərə qarışacaq. Üstəlik Suriyada, Ukraynada olan vəziyyətləri də nəzərə alsaq, onda Makronun Dağlıq Qarabağ münaqişəsinin həllində elə də maraqlı olacağına inanmıram”.
Minsk qrupu həmsədrlərinin fəaliyyətinin passivliyinə toxunan E.Şahinoğlu bildirib ki, həmin dövlətlər münaqişənin həlli ilə məşğul olmurlar:
"Minsk qrupu həmsədrləri sadəcə status-kvonun uzadılmasına çalışır. Yeganə istəkləri odur ki, atəşkəs pozulmasın, sakitlik olsun. Həmsədr olan iki dövlət – Fransa və Amerika münaqişənin dərinliyinə gedib, həllinə çalışmır. Onlar sadəcə Rusiyanın bazarına girməyək, o nə desə razılaşaq. Rusiyanın etdikləri isə göz qabağındadır”.
Qeyd edək ki, ötən gün Fransada keçirilən ikinci tur prezident seçkilərində ölkənin sabiq iqtisadiyyat naziri, 39 yaşlı Emmanuel Makron qalib gəlib.
Aysel Aslan