"...Müharibə hər zaman başlaya bilər"




"Hərbçilərin erməni kəşfiyyatına satılması məsələsində səbr nümayiş etdirmək lazımdır”.

Bunu Sherg.az-a Bakı şəhərində və Azərbaycanın digər bölgələrində təxribat və terror törətmək planı hazırlayan ermənilərlə məxfi əməkdaşlıq edən bir qrup azərbaycanlı hərbçilərin tutulması ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib. 

O bildirib ki, rəsmi orqanların bəyanatı məsələnin ciddiliyindən xəbər verir:

"Rəsmən atəşkəsdir, lakin Ermənistan və Azərbaycan arasında rəsmi müharibə vəziyyəti bitməyib. Təbii ki, bu dövlətlərin bir-birinin içərisinə işləyən, kəşfiyyat məlumatı ötürən şəxslər olacaq. Sirr deyil ki, Ermənistan ordusunun içərisində də Azərbaycana çalışan şəxslər var. Amma Azərbaycanın içərisindən olan, xüsusən hərbçilərin Ermənistana işləməsi isə eyni zamanda mənəviyyatsızlıq, ədalətsizliyin nümunəsi kimi dəyərləndirilir. Çünki Azərbaycan əsrlərdir təcavüzə məruz qalan, rahat yaşadığı yerdə yüz illərdir ermənilər tərəfindən haqsızlıqlar görən, vətəndaşları qətlə yetirilən ölkədir. Böyük dövlətlər tərəfindən Azərbaycanın torpaqları zorla alınıb, 

Böyük Ermənistan adlı qondarma dövlət düzəldilib, insanlarımız işgəncələrə məruz qalıb. İndi də Azərbaycan torpaqlarında gözü olan ölkələr var. Belə şəraitdə həmin hərbçilərin alçaq hərəkətləri, həqiqətən, təəssüfləndiricidir. Amma bunun səbəblərinə baxanda görərik ki, bu, sadəcə Ermənistanın gücü hesabına deyil. Ermənistanı himayə edən böyük dövlətlər, Azərbaycanın uğurlarına kölgə salan, Ermənistanı himayə etdiklərinə görə qalib gələcəyini düşünən qüvvələr var. Onlar Azərbaycanın haqq mübarizəsinə mane olmağa çalışırlar”.

Ölkə daxilində cəmiyyəti parçalayan, siyasi, regional cəhətdən təsir göstərən qüvvələrin, müxtəlif fikirli etnik və dini qrupların olduğunu deyən T.Kərimlinin sözlərinə görə, xüsusilə, orduda belə xainlər ciddi cəzalandırılmalıdır:

"Nəzərə almalıyıq ki, müharibə hər zaman başlaya bilər. Bəzi insanlar görürlər ki, Ermənistan hansı dövlətlər tərəfindən himayə olunur. Beləliklə düşmənə müəyyən meyllilik yaranır. Ermənilər isə həmin şəxslərin yaxınları, özləri ilə əlaqələr yaradıb, belə hallara cəlb edirlər. Amma mən buna təbii baxıram. Çünki tarixən də münaqişələr baş verdikdə hətta ən xırda dövlətlərin belə xeyrinə işləyən casuslar olub. Ona görə, bu məsələyə çox səbrlə yanaşmaq lazımdır. Yaxşı ki, aidiyyatı orqanlar bu cinayəti zamanında aşkara çıxarıb. Müvafiq cəza tədbirləri görürlər. İstənilən halda beynəlxalq reytinq cədvəlində Azərbaycan ordusunun Ermənistandan dəfələrlə yüksəkdə olması faktı var. Ona görə mən buna elə də həyəcanla yanaşmıram”.

Ayyət Əhməd