Bu validyenlər cərimələnə bilər - Doğum haqqında şəhadətnaməni vaxtında alın !

Mehriban Zeynalova : "Övladına doğum haqqında şəhadətnaməni gec alan valideynlərə də yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır"


"Valideynlərin yeni dünyaya gələn uşaqları üçün doğum haqqında şəhadətnamənin alınmasını gecikdirməsi ilə bağlı cəzalar müəyyən oluna bilər". 

Bunu Sherg.az-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, övladına doğum haqqında şəhadətnaməni gec alan valideynlərə də yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır: 

"Uşaqların məktəbə gecikdirilməsi ilə bağlı 100 manat məbləğində cərimə müəyyən olunması səs-küy yaratdı. Amma burada məntiq ondan ibarət idi ki, valideyn pul cəriməsi ödəməkdənsə, övladını vaxtında məktəbə qoyacaq, məsuliyyətlə yanaşacaq.

Bəzi ailələrdə uşaqlara məktəbə gedəndə doğum haqqında şəhadətnamə alınır. Həmin yaşa qədər isə uşağın sənədi olmadığından tibbi sağlamlıq məsələsi təmin olunmur, bağçaya getməsi, normal inkişafı üçün lazım olan proqramları həyata keçirmək üçün sənəd yoxdur, heç nə etmək olmur. Əvvəllər biz təklif etmişdik ki, doğum evində həmin sənədlər verilsin ki, sonradan problem yaşanmasın. Əgər sonradan valideynlər atalıq hüququnun verilməsini uzadırsa, məhkəmə yolu ilə bunu müəyyən etmək olar. Və valideyn öz hüququnu təsbit etmək üçün sənədi dəyişə bilər. Bəzi qadınlar elə bilir ki, sənədi gecikdirməklə atalıq hüququna nail olacaqlar. Amma bu belə deyil. Övladların sənədlərinin gecikdirilməsinin qarşısını almaq üçün ən yaxşı yollardan biri doğum evlərində sənədlərin verilməsidir”.

Digər maraqlı xəbərlər Sherg.az-ın Facebook səhifəsində

Aysel Aslan