"...Bundan sonra gözləməyin mənası yoxdur"- Müharibə başlasın!




"Biz Ermənistanın təxribatlarından təəccüblənməməliyik”.

Bunu Sherg.az-a ordumuzun ötən gün cəbhə xəttində Ermənistana məxsus zenit-raket kompleksini məhv etməsinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə rəğmən erməni təxribatı davam edir:

"Düşünürlər ki, Azərbaycan bezəcək və təxribatlara göz yumacaq. Amma bu dərəcədə onlara belə imkanlar yaratmamalıyıq ki, burnumuzun ucunda düşmən öz raketlərini yerləşdirsin. Bundan sonra davamlı şəkildə Müdafiə Nazirliyi tərəfindən təxribatların qarşısı alınmalıdır. Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərində problem yaradan düşmənin istənilən canlı qüvvəsi və texnikası dərhal məhv edilməlidir. Azərbaycan əsgərləri də düşmənə bu "rahatlığı” verdilər. Ermənilər bilirdilər ki, Azərbaycan ön xəttə yaxın ərazilərdə zenit-raket sistemlərinin yerləşdirilməsinə imkan verməyəcək. Onlar daha ağır zərbələrlə qarşılaşacaqlarını diqqətə almalı idilər. Bu addımı atıb, indi biabırçı durumla üzləşəndən sonra deyirlər ki, guya raket kompleksində şəxsi heyət olmayıb. 

Görün, nə qədər ağılsızdılar ki, hətta cəsarətləri çatmır, itkilərini qeyd etsinlər. İtkilər mütləq olub. Həmin raket kompleksi 5 nəfər şəxsi heyət olmadan idarə edilə bilməz. 6 təkər üzərində hərəkət edən maşındır. Sürücüsü, operatoru, daşıyıcısı insanlardan ibarətdir. Ermənilər həmin mövqedə yerləşəndə Azərbaycan Silahlı Qüvvələrinin rahat şəkildə raket kompleksini vura biləcəyini ölçməli idilər və bu belə də oldu. 

Düşünürəm ki, bu düşmən üçün ciddi xəbərdarlıq oldu. Ermənilərin ağılsızlığı istənilən addımı ata biləcək səviyyədədir. Azərbaycan böyük dözüm nümayiş etdirdi və bundan sonra gözləməyin mənası yoxdur. Hədələrə başlayıblar ki, guya nə isə əllərindən gəlir. Onlara demək lazımdır, kimsiniz siz? Azərbaycan ərazisini işğal etdiniz, sizə şərait yaradıldı ki, ağıllı qərar verəsiniz. Ermənilərin məntiqli qərar verməsi mümkün görünmür. Azərbaycan bir daha sübut etdi ki, nəyin bahasına olur, olsun, kimliyindən asılı olmayaraq, heç kimə bizim torpaqlarımızda özbaşınalıq etməyə imkan verməyəcəyik”.

Qeyd edək ki, Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Aysel Aslan