Vaşiqtonda Tramp-Ərdoğan görüşü gərgin keçəcək

Türkiyə çalışacaq ki, ABŞ Yaxın Şərq regionunda Ankaranın mövqelərini nəzərə alsın və türk dövləti ilə hesablaşsın


ABŞ Prezidenti Donald Tramp mayın 16-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Bu barədə Ağ Evin məlumatında bildirilib. Məlumata əsasən, liderlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, səfər öncəsi Ərdoğan Çinin paytaxtı Pekində keçirilən qlobal sammitdə Vaşinqtona xəbərdarlıq xarakterli mesajlar verib. Prezident bildirib ki, əgər ABŞ müttəfiqi Türkiyəni heçə sayıb, terrorçulara silah göndərməyə davam edərsə, Ankara yolunu başqa istiqamətə çevirəcək: "Biz Amerika ilə NATO-da müttəfiq dövlətlərik. Türkiyə olaraq PYD-ni terror təşkilatı sayırıq. Əgər Amerika ittifaqa kölgə salsa, o zaman biz də başımızın çarəsinə baxmalıyıq. ABŞ-ın PYD ilə əməkdaşlıq etməsi, ilk növbədə öz nüfuzuna xələl gətirir”. Türkiyə Prezidenti Suriya böhranının çox uzandığını və artıq səbir qalmadığını söyləyib: "Biz Vaşinqtona boşu-boşuna getmirik. Bu səfər vergül yox, nöqtə olacaq”. 

Səfərlə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert İlqar Vəlizadə deyib ki, ABŞ-ın müəmmalı və ziddiyyətli mövqeyi Türkiyə ilə ikili əməkdaşlıqda, ümumilikdə bölgədə ciddi problemlərin yaranmasına gətirib çıxarır. 

Ekspertin sözlərinə görə, hər iki tərəf öz mövqeyindən asanlıqla çəkilməyəcək: 

"Çox güman ki, Ərdoğanın Amerika səfərindən sonra da ziddiyyətlər qalacaq. Ancaq istənilən halda tərəflər arasında ortaq düstur müəyyən olunmalıdır. Həmin düstur imkan verəcək ki, bundan sonra baş tutan görüşlər, müzakirələr hansısa nəticə versin. Əgər ilkin addımı atmaq mümkün olarsa, nəticə əldə edilər. Türkiyə çalışacaq ki, ABŞ Yaxın Şərq regionunda Ankaranın mövqelərini nəzərə alsın və türk dövləti ilə hesablaşsın. Xüsusən, PYD ilə bağlı məsələni ön planda tutacaq və israrla tələb edəcək ki, terrorçulara silah yardımı dayandırılsın. Sözün açığı, Vaşinqtonun bu tələbə razı olacağını zənn etmirəm.

 Fikrimcə, ABŞ alternativ təkliflər irəli sürəcək. Alternativlərin nədən ibarət olacağını isə zaman göstərəcək”. Politoloq bildirib ki, tərəflərin danışıqlar prosesi elə də asan olmayacaq. Müzakirələrin mürəkkəb olması gözlənilir: "Ərdoğanın ABŞ səfəri öncəsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparması o anlama gəlir ki, Ərdoğan Moskvanın mövqeyini də nəzərə alır. Yəni Amerika-Türkiyə danışıqlarında digər tərəflərin də mövqeyi müzakirə mövzusu olacaq. Bunun özü əlavə çətinliklər yaradır. Ona görə də səfərin nəticəsi ilə bağlı nikbin fikir söyləmək tezdir”.

İsmayıl