Merkelin bəyanatı Türkiyəyə qarşı əzələ nümayişidir

“İncirlik” bazasının yerini dəyişmək heç bir dövlətin marağına uyğun gəlmir



"Türkiyədəki "İncirlik” hərbi aviabazasına alternativ axtarmağa məcburuq”. Bunu Almaniya kansleri Angela Merkel deyib. O bəyan edib ki, çox çətin proses olsa da, bu istiqamətdə danışıqları davam etdirmək lazımdır: "Mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. "İncirlik” aviabazasına alternativ axtarmağın vaxtıdır.

Mümkün alternativlər arasında, İordaniya ölkəsi də var”. Xatırladaq ki, bir müddət əvvəl Türkiyə hökuməti alman deputatların "İncirlik” hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməyib. Buna səbəb Avropa Birliyi, xüsusən, Almaniya ilə Türkiyə arasında yaranmış gərginlik olub. Ankaranın qərarından "inciyən” Angela Merkel isə Türkiyəni "cəzalandırmaq” niyyətinə düşüb. 

Merkelin sözlərinə münasibət bildirən politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında deyib ki, "İncirlik” bazasının yerini dəyişmək heç bir dövlətin marağına uyğun gəlmir. Ekspertin sözlərinə görə, Almaniyanın Türkiyəyə qarşı atdığı son addımlardan sonra qardaş ölkə adekvat cavab vermək məcburiyyətində qalıb və alman deputatları bazaya buraxmayıb: 

"Merkelin indiki bəyanatı Türkiyəyə qarşı əzələ nümayişidir. Türkiyənin Qərb üçün önəmi bu ölkənin NATO üzvü olması ilə bağlıdır. Hərbi alyansa üzv olduqdan sonra Türkiyənin mövqeyi daha da güclənib. "İncirlik” aviabazasının ölkədən çıxarılması ilk növbədə Qərbin marağına cavab vermir. Əgər Türkiyə NATO üzvü olmazsa, bu ölkədə Rusiyanın və digər dövlətlərin hərbi bazaları yerləşdirilə bilər. Bundan isə ən çox uduzan məhz Avropa ölkələri olar. 

NATO və Türkiyə əməkdaşlıqda maraqlıdır. Bölgədə nəzarəti əldə saxlamaq üçün hərbi bloka üzv olan Türkiyə xüsusi önəm kəsb edir”. Politoloq düşünür ki, tərəflər arasında münasibətlər gərginləşməyə doğru getməyəcək: "Perspektivdə Türkiyənin NATO-dan çıxması real görünmür. Sadəcə olaraq Avropa İttifaqı ilə yaşanan müvəqqəti gərginlik fonunda bu kimi məsələlər ortaya atılır. Bu baxımdan "İncirlik” aviabazasının İordaniya və hansısa başqa ərəb ölkəsinə köçürmək iddiası ağlabatan deyil”.

İsmayıl