Ermənistanı yola gətirməyə çalışırlar

“Əgər erməni nazir Edvard Nalbandyan masa arxasına oturmağa razılıq verirsə, deməli, Kreml İrəvana təzyiq göstərməyə başlayıb”


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə açıqlamasında görüşün prinsip etibarilə mümkün olduğunu söyləyib.

 Nazir bildirib ki, üç ölkənin xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra qoşunların çıxarılması və ya ərazi müqabilində sülh mümkündür:

"Son 12 il ərzində danışıqlar prosesinin məntiqini bu təşkil edir. Amma diplomatiyada "danışıqlar naminə danışıqlar” mövcud deyil. Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”. 

Xatırladaq ki, nazirlər arasında sonuncu görüş aprelin 28-də Moskvada keçirildi. Ancaq Rusiyanın təşəbbüsü ilə reallaşan sonuncu işgüzar toplantıdan nəticə çıxmadı. Çünki erməni tərəfi həmin görüşə Moskvanın tələbi ilə "könülsüz” qatılmışdı. İndi isə düşmən ölkənin naziri görüşlə bağlı ilk təşəbbüsçü kimi çıxış edir. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, əgər erməni nazir Edvard Nalbandyan masa arxasına oturmağa razılıq verirsə, deməli, Kreml İrəvana təzyiq göstərməyə başlayıb. Ekspertin fikrincə, həm Rusiya, həm də digər həmsədr dövlətlər müəyyən mənada düşmən ölkəni yola gətirməyə çalışırlar: 

"Ermənistan müstəqil ölkə deyil. Ona görə də həmsədr dövlətlər hesab edirlər ki, Ermənistan danışığa getməli və Azərbaycanla razılaşmalıdır. Əlbəttə, müəyyən şərtlər olmasa, gündəlikdə ciddi məsələlər müzakirə olunmasa, reallaşan istənilən görüş nəticəsiz olacaq. Vurğulamaq lazımdır ki, nazirlərin görüşü nə qədər mühüm olsa da, əsas təmaslar və mümkün nəticələr dövlət başçılarının bir araya gəlməsi zamanı baş verir. Ancaq ortada hansısa razılıqdan söhbət gedirsə və müəyyən anlaşma varsa, həmin sənədi əvvəlcə nazirlər hazırlayır və dövlət rəhbərinə məruzə edirlər. İstənilən halda Azərbaycan tərəfi heç bir görüşdən, danışıqdan imtina etmir. Bunu hər dəfə bəyan edirik. Ermənistan isə dəfələrlə görüşlərdən boyun qaçırır, əlavə gərginlik yaradan bəyanatlar verir. Xüsusən, son dövrlərdə düşmən ölkə danışıqlar prosesinə yaxın durmur”. 

Politoloq bildirib ki, əgər düşmən tərəf reallığı dərk edirsə, həqiqətən nəticə əldə etmək istəyirsə, danışıqların davam etdirilməsində problem yoxdur: 

"Lakin "danışıq naminə danışıq” təşkil edilməməlidir. Onsuz da hamıya hər şey bəllidir, qətnamələr bizim xeyrimizədir. Düşmən tərəf düşdüyü vəziyyəti görməli və mövcud durumdan düzgün nəticə çıxarmalıdır. Ermənistan diplomatiyadan kənar qaçarsa, o zaman Azərbaycan hərb variantını işə sala bilər. Sırf o məqsədlə ordumuz müasir silah-sursat, hərbi texnika ilə zənginləşdirilir. Ermənilər özləri üçün bu təhlükəni yaddan çıxarırlar. Düşmənə xatırlatmaq lazımdır ki, Azərbaycanın güclü hərbi potensialı var. Məncə, ermənilər daim qorxu altında yaşamalı və anlamalıdırlar ki, işğal etdikləri torpaqlar hər an savaş yolu ilə geri alına bilər”.

İsmayıl