Plastik kartlara blok qoyulması doğru addım deyil

Xərclərin həyata keçirilməsi, işçilərin əmək haqlarının verilməsində çətinliklər yaranır

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atılıb.

Bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyə olunub. Bu, "Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.
Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub. Maraqlıdır, nağdlaşdırma ilə bağlı limitlərin qoyulması nə dərəcədə düzgündür və bu hal sahibkarlara necə təsir göstərəcək?

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, nağdlaşdırma ilə bağlı plastik kartlara blokların qoyulması heç bir halda arzuolunan deyil. 

Ekspert bildirib ki, əvvəlcə infrastrukturun bu prosesə hazır olmasına ehtiyac var: 

"Plastik kartlardan vəsaitin çıxarılmasına ona görə qadağalar nağdlaşdırma ilə bağlı limitlərin olduğu üçün müəyyənləşib. Elə şirkətlər var ki, onların regionlarda ofisləri var və həmin şirkətlər pullarını plastik kartlar vasitəsilə ödəyirlər. Amma plastik kartlara blok və qadağalar müəyyənləşdirildiyi üçün xərclərin həyata keçirilməsi, işçilərin əmək haqlarının verilməsində çətinliklər yaranır. Məsələn, qonorarların verilməsi və xidmətin həyata keçirilməsində çətinliklər var. 

Banklar tərəfindən kartların bloka alınması düzgün deyil. Kommersiya bankları prosesə hazır olduqdan sonra nağdlaşdırma ilə bağlı limitləri həyata keçirməsi daha məqsədəuyğun olardı. Həm reallıq, həm də müşahidələr göstərir ki, praktik olaraq hələlik bank sektoru nağdlaşdırma ilə bağlı mövcud limitlərə infrastruktur baxımından hazır deyil. İnfrastrukturun inkişaf etdirilməsinə və formalaşmasına ehtiyac var. 

Çox təəssüf ki, prosedur olaraq banklar nağdlaşdırmaya hazır olmadıqları üçün ən asan yolu seçirlər. Nağdlaşdırmaya limitlər müəyyənləşdirərək məhz plastik kartlardan istifadəni məhdudlaşdırırlar və ya ümumiyyətlə qadağalar qoyurlar. Nəticə etibarı ilə bu, sahibkarlığın inkişafına mənfi təsir göstərir”.

Yeganə Bayramova