Şəhid məzarları fərqlənməyəcək, ancaq seçiləcək




Məzarlıqların girişində şəhidlərin dəfn olunması üçün xüsusi yerlərin ayrılmasına ehtiyac yoxdur
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov dünyanın bir çox ölkələrində olan məzarlıqların giriş hissəsində şəhidlərin dəfn olunması üçün xüsusi yerlərin ayrıldığını deyib.

Onun sözlərinə görə, həmin yerlərdə ancaq şəhidlər dəfn olunur: "Buna misal olaraq, qonşu Türkiyəni göstərmək olar. Bəs Azərbaycanda niyə məzarlıqlarda şəhidlərin dəfn olunması üçün xüsusi yerlər ayrılmır?”
Komitə sədri bildirib ki, qanunvericilikdə bununla bağlı müddəalar var.
"Bununla bağlı "Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun var. Həmin qanunda şəhid abidələrinin, məzarlarının hansı formada, necə və harada olması göstərilib. Bunlar da bilavasitə olaraq, müvafiq icra hakimiyyəti orqanına, Müdafiə Nazirliyinə həvalə olunub”.
S.Novruzov deyib ki, nümunəvi qəbiristanlıqlarla bağlı qanun layihəsi hazırlanır.
"Həmin qanunda nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması da öz əksini tapıb. Bu qanunda müəyyən istisnalar da var. Şəhid məzarları digərlərindən fərqlənməyəcək, amma seçiləcək. Gələcəkdə həmin qanun qəbul olunsa, ayrı-seçkilik də olmayacaq”.
Deputat hesab edir ki, məzarlıqların giriş hissəsində şəhidlərin dəfn olunması üçün xüsusi yerlər ayrılmasını heç kim nəzərdə tuta bilməz.
"Çünki ola bilər ki, sabah bizim şəhidimiz olmadı. Mən həmin yerlərin nəzərdə tutulmasını məqsədəuyğun hesab etmirəm. Əgər şəhidimiz olacaqsa, onun dəfn olunması üçün yer tapmaq və ya müəyyən etmək mümkündür”.

Millət vəkili Fazil Mustafa S.Novruzovun təklifini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, məsələni daha sistemli şəkildə həll eləmək lazımdır: 

"Çünki indiyə qədər bilinmir kim harda dəfn olunub. Ən azı konkret bir ünvan olanda cəmiyyət və yaxınları üçün rahat olur. Düşünürəm ki, bu istiqamətdə işləmək mümkündür. Hər halda gündəmə gətirsələr, bu layihə ilə bağlı təkliflərimizi də verərik”.

Yeganə Bayramova