Ermənistan məhsullarının Azərbaycan bazarlarına ayaq açması üçün rahat şərait yoxdurDüzdür, qaçaqmalçılıq yolu ilə erməni məhsullarını ölkəyə gətirmək mümkündür, amma bu hal da bir o qədər geniş yayılmayıb
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2017-ci ilin aprel ayında dövlət sərhədini pozan 40 nəfər saxlanıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 17 ədəd Ermənistan istehsalı olan spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Qeyd edək ki, Azərbaycanda da bir neçə dəfə Ermənistanda istehsal edilən məhsullar aşkarlanıb, məsələ ictimailəşdikdən sonra həmin mallar bazarlardan yığışdırılıb. Ekspertlər bildirirlər ki, hazırda ölkədə qida təhlükəsizliyi ilə bağlı konkret məşğul olan qurum mövcud deyil. Lakin bunun yaradılması gündəmdədir. Belə ki, bu ilin fevral ayında ölkə Prezidenti Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana qeyd olunub ki, Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılsın.
Əfv Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında deyib ki, Ermənistan iqtisadiyyatı, istehsal səviyyəsi o qədər bərbad vəziyyətdədir ki, onun hansısa məhsulları ixrac etməsinin özü belə sual altındadır.
Ermənistandan ixrac olunan yeganə məhsulun konyak olduğunu vurğulayan Fond prezidenti deyib ki, onun istehsal prosesinə də xarici səhmdarlar cəlb olunduğu üçün bu sahə bir az inkişaf edib:
"Konyakın da Ermənistandan Azərbaycana ixracı qeyri-mümkündür. Axı Ermənistan meyvə və tərəvəz sahəsində o qədər ixtisaslaşmayıb ki, Azərbaycan bazarlarına yol açsın. Həm də ki, Azərbaycanın özündə meyvə istehsalı yetəri qədərdir. Elə bu günlərdə erməni bazarlarında Azərbaycan məhsullarının satılması ilə bağlı yayılan məlumatlar da bunun sübutudur. Hətta aparılan araşdırma nəticəsində yüksək vəzifəli şəxslər belə məsuliyyətə cəlb olunublar”. Azərbaycanın Qafqaz regionunda ixrac potensialının Ermənistandan dəfələrlə artıq olduğunu vurğulayan Ə.Nuriyev konkret olaraq Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin olmasını qeyri-mümkün hesab edir: "Təcavüzkar ölkə ilə hər hansı bir iqtisadi əməkdaşlığın qurulmasının yolverilməz olması ilə bağlı bu sahənin nümayəndələrinə lazımi tövsiyələr verilib. Əslində Azərbaycan bazarlarında erməni məhsullarına rast gəlinməsi düşmənin təxribatı da ola bilər. Yəni mümkündür ki, bizim sahibkarlar onların hansısa istehsal şirkətləri ilə heç bir iqtisadi əlaqələri yoxdur, amma Ermənistan xüsusi xidmət orqanları hansısa ölkənin şirkəti ilə əlaqəyə girib Azərbaycana idxal olunan məhsulların üzrinə öz emblemlərini vura bilər.
Bunda məqsəd isə Azərbaycanda bir qalmaqal yaratmaqdan ibarətdir. Bunu ona görə deyirəm ki, Ermənistan məhsullarının Azərbaycan bazarlarına ayaq açması üçün ölkədə rahat şərait yoxdur. Sərhədlərimiz möhkəm qorunur və aidiyyəti qurum əməkdaşları bu cür məsələlərdə çox diqqətlidirlər. Zaman-zaman bəzi kütləvi informasiya vasitələri Azərbaycanda Ermənistanda istehsal olunan məhsulların satıldığını iddia etsə də, erməni məhsullarının geniş miqyasda satışda olmasını sübut edəcək faktlar yetərli deyil. Düzdür, qaçaqmalçılıq yolu ilə erməni məhsullarını ölkəyə gətirmək mümkündür, amma bu hal da bir o qədər geniş yayılmayıb. Sistemli xarakter alan bir əməkdaşlıq inandırıcı deyil, ona görə ki, bu sahəyə dövlət orqanlarının nəzarəti yüksək səviyyədədir”.
Şəymən