"Dünyanı gözləyən böhranın müharibəyə səbəb olacağı istisna deyil"




ABŞ-ın eks-prezidenti Barak Obamanın iqtisadi müşaviri, məşhur biznesmen Məhəmməd əl-Ərian yaxın 2 ildə iqtisadi böhranın başlaması proqnozunu verib. Hazırda dünyanın yol ayrıcına çatdığını vurğulayan keçmiş müşavir hesab edir ki, bir yol çox sürətli iqtisadi inkişafa, digər yol isə durğunluq, qeyri-sabitlik və xaosa aparacaq. 

Hazırda isə dünya pauza mərhələsindədir. Maliyyə bazarları tədricən "Brexit", Donald Trampın prezidentliyi kimi hadisələri daha düzgün qiymətləndirməyə başlayacaq. Əl-Ərian son illərdə yaşanan zəif iqtisadi artımın zənginlik, gəlir və imkanların bölüşdürülməsində qeyri-bərabərlik yaratdığını xatırladıb. Onun sözlərinə görə, gənclər arasında işsizliyin artması isə ən təhlükəli məqam kimi ortaya çıxır.

İqtisadçının fikrincə, mərkəzi banklar süni şəkildə maliyyə bazarlarına dəstək verərək böhranı önləyə bilib. Lakin bu, çox uzun çəkə bilməz. Süni maliyyə sabitliyi kəskin volatilliklə əvəz oluna bilər. Bunun önlənməsi üçün isə birbaşa investisiyalar artmalı, vergilər azaldılmalı, yüksək borc yükü olan ölkələrin problemləri həll edilməli, nəhayət, qlobal idarəetmə sistemində islahatlar həyata keçirilməlidir.

Keçmiş müşavirin proqnozlarını dəyərləndirən Natiq Cəfərlinin sözlərinə görə, hazırda Avropa da, Amerika da özlərinin daxili bazarlarını qorumaq üçün müəyyən addımlar atmaq niyyətindədirlər. Bu isə ikinci dünya müharibəsindən sonrakı qloballaşma prosesini, dünyanın kooperasiya prinsiplərini sual altında qoyur: 

"Bilirsiniz ki, Tramp Administrasiyası bir neçə sazişlərdən, o cümlədən də Okean hövzəsi ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatından çıxmaq barədə düşünür. 

Bu isə təbii ki iqtisadi proseslərə mənfi təsir edəcək əsas amillərdən biridir. Əgər bundan sonrakı mərhələdə bu cür populist addımllar və çıxışlar davam edəcək, hər ölkə öz problemlərinin həlli barədə düşünəcəksə, dünyada ciddi proseslərin olması ehtimalı yüksəkdir. Paralel olaraq da dövlətlərin xarici borcları kifayət qədər artır. Avropada da, Amerikada da ümumdaxili məhsuldan artıq borcu olan ölkələr var. Yaponiyanın özündə ümumdaxili məhsulun 170 faizinə yaxın borc yığılıb. Borclanma prosesinin artması, ölkələrin qloballaşmadan imtina etməsi böyük təhütümlərə səbəb ola bilər. Necə ki ötən əsrin 29-cu 30-cu illərində Amerikada yaşanan böyük depressiya bütün dünyaya təsir göstərdi. Bunun nəticəsi olaraq dünya ikinci cahan savaşına sürükləndi. Hər nə qədər təəssüfləndirici olsa da, dünyanı gözləyən böhranın yenidən müharibəyə və kataklizimlərə səbəb olacağı da istisna deyil. Tarixi proseslər də göstərir ki, böyük böhranlardan sonra münaqişə təhlükələri hər zaman aktualdır”.

N. Cəfərlinin sözlərinə görə, mövcud şəraitdə ehtimal olunan təhlükələrin reallaşması üçün zəmin yaradılıb. Hətta Avropa Birliyində gedən proseslər də bunu göstərir: 

"Artıq bu Birliyin cəlbediciliyi azalıb, Böyük Britaniyanın "Breksit” qərarından sonra bir neçə ölkə də Birlikdən çıxmaq niyyətində olduğunu elan edib. Hətta Almaniya, Fransa və İtaliya kimi ölkələrdə bu məsələ ilə bağlı fikirlər ciddi xarakter almağa başlayıb. Odur ki, dünyanın taleyi siyasətçilərdən asılıdır. Beynəlxaql güclər əl- ələ verib, mövcud problemləri birgə dəf etməyə çalışacaqlarsa, böhran ehtimalı azalacaq. Hər dövlət külü öz qabağına üfürəcəyi halda iqtisadi böhran artıq qaçılmaz olacaq”.

Şəymən