Azərbaycanda AĞAC TERRORU davam edir - EKOLOJİ ÇİRKLƏNMƏ

Vüqar Tofiqli: "Bu məsuliyyətsizlik ekoloji problemləri yaradan və onu genişləndirən məqamdır "


"Ağacların kəsilməsi, tullantıların dənizə atılması məsuliyyətsizliyin nəticəsidir”.

Bunu Sherg.az-a Bakının Xətai rayonu ərazində Gəncə prospektində ağacların kəsilməsi, çirkab sularının və tullantıların dənizə axıdılması ilə bağlı danışarkən "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib. 

O bildirib ki. məqamı gəldikdə məsələyə reaksiya veriləcək və problem aradan qaldırılacaq.

Ağacların kəsilməsinin və Xəzər dənizinin çirkləndirilməsinin hüquqi həllinə gəldikdə isə V.Tofiqli qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi belə məsələlərə ciddi yanaşır və bununla bağlı hüquq-mühafizə orqanları daha ətraflı tədbirlər görə bilər:

"Müxtəlif obyektlər tikilərkən ağacların qırılması və tullantıların dənizə atılması ciddi məsuliyyətsizlik göstəricisidir. İnzibati qaydada məsələ həllini tapmalıdır. Bu məsuliyyətsizlik ekoloji problemləri yaradan və onu genişləndirən məqamdır. Bunun qarşısını ictimai qüvvələr almalıdır. Problemin ictimailəşdirilməsi ilə aidiyyəti qurumların, yuxarı dairələrin bu məsələlərə diqqətini cəlb etmək olar”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığında yerləşən, Gəncə prospekti 30-da təqribən onlarla hektarlıq ərazidə hasara alınıb. Saytın yazdığına görə, ərazidəki ağaclar hissə-hissə kəsilir. Bundan əlavə məlumata görə, ərazidəki yaşayış massivlərinin çirkab suları və zibilliklər dənizə tökülür.

Aysel Aslan