“Əhməd bəy Ağaoğluya aid 80 sənədi Bakıya gətirdim”- Akif Aşırlı

Azərbaycan mətbuat tarixinin araşdırıcısı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı böyük çətinlik hesabına İstanbuldakı muzeydən Əhməd bəy Ağaoğluna aid 80 yeni sənədin surətini Bakıya gətirib.
Akif Aşırlı Moderator.az saytına açıqlamasında Əhməd bəyin qızı Sürəyya Ağaoğlunun saxladığı bu sənədlər arasında dəyərli yazışmalar, məktub və teleqramların olduğunu da deyir:
"Mart ayından etibarən, Əhməd bəy Ağaoğluya aid sənəd, arxiv materiallarının toplanmasına başlamışdım. Dostlarımızdan biri onun arxivinin böyük əksəriyyətinin qızı Sürəyya Ağaoğluda olduğunu, bir neçə il bundan əvvəl dünyasını dəyişən xanımın şəxsi arxivinin isə İstanbuldakı Qadın Əsərləri Muzeyinə verildiyini dedi. Gedib, həmin muzeyi tapdım. Araşdırma üçün müraciət etdim. Müraciətimə razılıq cavabı çox uzun çəkdi, təqribən, 3 ay. İstanbul bələdiyyəsi və müəyyən distansiyaların icazəsindən sonra nəhayət, Ə.Ağaoğluya aid 80 sənəd mənə təqdim edildi. Bu sənədlər arasında Ağaoğlunun Qars millət vəkili olan zaman Atatürklə yazışmaları, Əli bəy Hüseynzadəyə məktubları, Qafqaz İslam Ordusunun əsgərlərinin Azərbaycandan geri çəkilən zaman Ağaoğluna müraciəti, Sürəyya Ağaoğlunun, ümumiyyətlə, Əhməd bəyin ailəsinin Atatürkün ailəsi ilə münasibətinə aydınlq gətirən yazışmalar var. Məktubların bir hissəsi də Ağaolunun yaxın qohumları tərəfindən Bakıdan göndərilib. Həyat yoldaşı Sitarə, qızı Sürəyya xanımın Əli bəy Hüseynzadənin xanımına yolladığı məktublar da var.
Sənədlər arasındakı iki teleqramı da qeyd edim: Məhmət Əmin Yurdakulun və Mürsəl Paşa Bakünün Əhməd bəyin ölümünə yazdığı təziyyə teleqramlarıdır. MÜrsəl Paşa Qafqaz islam Ordusdunun tərkibində vuruşub, Bakının azad olunması uğrunda fədakarlıq göstərib. Bu məktubların hamısının sürətini gətirmişəm”.
Araşdırmaçının Bakıya gətirdiyi 80 mühüm sənəd arasında Sürəyya xanımın arxivində olan Bakı qəzetləri- "Odlar yurdu” və "Baku”,həmçinin, "Pravda” qəzetinin bir nüsxəsi var. Təəssüflər olsun ki, iki dəyərli sənədi əldə edə bilməyib:
"Bildiyimiz kimi, Sürəyya xanım bir zamanlar hüquqşünasların konqresi üçün Bakıya da gəlmişdi. Lakin getdikdən sonra ata yurdu Şuşaya baş çəkmədiyindən təəssüfləndiyini, atasının qohumlarını ziyarətini qeyd etmişdi. Amma çox təssüf edirəm ki, iki vacib sənədi gətirə bilmədim. Müraciət etmişəm, onların da sürətini əldə edəcəyəm. Biri, Rəsulzadənin Əhməd bəy Ağaoğluna vurduğu teleqram, o biri isə Ağaoğlunun Şuşaadakı evinin şəklidir”.