Elnur Rüstəmov: “İnsan hələ cavan vaxtı qocalığına bir şeylər saxlamır, bu zaman qocalıq təhlükəli ola bilər”Dəniz Tacəddin: “Qocalıqda olacaq görünüşümüz gənc yaşlarımızdan dərimizə, ruhumuza, beynimizə etdiyimiz yatırımların təzahürüdür”
Qulu Ağsəs: "Söz verirəm ki, qocalanda özümdən cavanlara heç bir tövsiyələr verməyəcəm”
Aysel Əlizadə: "Hər kəs istədiyi kimi yaşayanda qocaldığı zamanı gözü arxada qalmır”
Əsəd Cahangir: "Qocalıq və ölüm qorxusu ədəbiyyatımızın bilavasitə inkişafına əngəl olan ən ciddi problemdir”
Aydın Mirzəzadə: "Hər kəs öz qocalığını özü planlaşdırır, bünövrəsini özü qoyur”
Əziz Rzazadə: "... Mən bu işlərdə gerçəkçiyəm və yaşımı, görkəmimi, davranışımı təmkinlə qəbul edirəm”
Əhməd Qəşəmoğlu: "Çalışmaq lazımdır ki, sağlam həyat tərzi yaşayasan, qocalanda kiməsə möhtac olmayasan. Yoxsa saçın ağarması və qocalmaq mənim üçün gülməlidir”
Hər yaş dövrünün gözəl olduğunu deyirlər. Gəncliyin insan həyatında qayğısız, mənalı dövr olduğunu söyləsələr də, eyni sözlərin qocalığa aid olduğunu demək çətindir. Çünki bu gün cəmiyyətimizdə qocalmaqdan qorxan insanlar var. Elmi dildə "Gerontofobiya” adlanan qocalıq qorxusu əksər insanların qorxulu yuxusu hesab olunur. Kimisi zahiri görünüşünü, kimisi də yalnız qalacağını düşünərək qocalmaqdan qorxur. Vaxtilə bir çox dahi şəxslər də qocalıq haqqında maraqlı fikirlər söyləyiblər:
Qırx yaş, gəncliyin yaşlılığı, əlli yaş, yaşlılığın gəncliyidir. (Viktor Hüqo)
İnanın mənə, yaşlılıq, gözəl və xoş bir şeydir. Doğrudur, nəzakətlicə səhnədən endirilərsiniz, amma daha sonra sizə ən ön sırada rahat bir tamaşaçı kreslosunda yer verilər. (Konfutsi)
Gənclərin aynada görə bilmədiklərini, yaşlılar bir kərpic parçasında oxuyarlar. (Hz.Mövlana)
"Şərq” qəzeti olaraq mövzu ətrafında maraqlı sorğu keçirdik. Müxtəlif sahələrdən olan ictimai şəxslərin qocalıqdan qorxub-qorxmadıqlarını, onların qocalıq haqqında ümumi fikirlərini öyrəndik. Daha maraqlısı isə "FaceApp” adlı xüsusi proqram vasitəsilə müsahiblərimizin qocalıq görüntüsünü yaratmağa çalışdıq.

Psixoloq Elnur Rüstəmov qocalığın birbaşa insanın dünyagörüşü ilə bağlı məqam olduğunu dedi. Onun sözlərinə görə, insan həyatının qocalığa qədər olan dönəmini məhsuldar, ailəsinə, cəmiyyətə faydalı bir şəkildə yaşayırsa, onun üçün qocalıq problem deyil: "Qocalıq hər insana qismət olmur və birdən-birə gəlmir. İnsan zaman-zaman düşüncə baxımından və həyata baxış bucağı tərzindən qocalığa hazırlaşır. Düşünən insan öz qocalığı üçün bir şeylər planlayır. Kimi nəvələri ilə, kimi kitab yazmaq və mütaliə etməsi ilə, kimi də dünyanı gəzməyi ilə bağlı planlar hazırlayır. İnsan hələ cavan vaxtı qocalığına bir şeylər saxlamır, bu zaman qocalıq təhlükəli ola bilər. Əksinə, qocalığın gözəl tərəfləri var. Yetər ki, insanın stimulu və qocalanda hər zaman edə biləcəyi bir məşğuliyyəti olsun.
Məsələn, cəmiyyətdə görə bilərik, elə şəxslər var ki, cavan ikən qocalıblar və heç bir hədəfləri, məqsədləri, arzuları yoxdur. Qocalığa cavan olarkən hazırlaşmaq lazımdır, qocalığı görmək özü bir səadətdir, xoşbəxtlikdir. Qocalıq və ölüm qorxusu isə tamamilə fərqlidir. Ölüm instinktiv bir qorxudur. Çünki insan bütün hallarda yaşamaq istəyir. Ömürlük həbsə məhkum olan insanlar belə günlərin bir günü azad olacaqları arzusu ilə yaşayırlar. Elələri də var ki, azadlıqdadı, amma həyatına qıyır. İnsanın dünyagörüşü zəngin və geniş olduqca ölüm onun üçün qorxulu olmur. O, sonda bilir ki, "mən həyatımı boşuna yaşamadım, insanlara ziyan vermədim”.

Tanınmış aktrisa Dəniz Tacəddin heç bir halda qocalıqdan qoxmadığını deyib. Aktrisanın fikrincə, qocalıq qorxusu cavanlıqdakı səhvlərdən formalaşan özgüvənsizlik nəticəsində əmələ gəlir: "Təbii ki, bu, individualdır. Elə insan var ki, gəncliyinin daimi sürəcəyini düşünərək, addımlarını məntiqli şəkildə atmır və karma-bumeranq anlayışı var ki, nə edirsənsə mütləq sənə qayıdır.
Cavanlıqdakı zahiri görünüşümüz bizə Yaradan tərəfindən bəxş olunmuş bir nemətdir, amma yaşlılıqda olacaq görünüşümüz gənc yaşlarımızdan dərimizə, ruhumuza, beynimizə etdiyimiz yatırımların təzahürüdür. Qətiyyən yaşlanmaq qorxum yoxdu. Əksinə, cavanlıqdan bütün hərəkətlərimi, həyat tərzimi və düşüncələrimi elə qururam ki, illər sonra arxaya baxanda utanacaq bir xatirəm olmasın”.

Yaşadığı həyatın heç bir ayından, fəslindən, paraqrafından qorxmadığını deyən "Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin sözlərinə görə, qorxulu odur ki, bir ömür yaşayasan, öz adını, ləyaqətini qoruyasan, amma nə vaxtsa və nəyə görəsə bunu itirəsən: "Əzizlərini, yaxın dostlarını itirmiş bir adam kimi deyirəm bunu. Hər kəs istəyər ki, müəyyən bir yaş yaşasın, amma bu, Allahın işidir. Özümü klassik Azərbaycan qocası kimi təsəvvür edirəm. Balaca uşaqları görəndə onlara hədiyyə, pul verirəm, onlara ötən günlərdən danışıram. Söz verirəm ki, qocalanda özümdən cavanlara heç bir tövsiyələr verməyəcəm (gülür). Deməyəcəm ki, "filan şeyi eləmə”. Məsləhət verməyəcəm ki, "böyük gələndə ayağa durun, ona yer verin”. Qocalanda avtobusa minməyəcəm ki, mənə yer versinlər. Pulum olanda taksi ilə gedəcəm, olmayanda isə evdə oturacam. Qoy heç kimin yerini tutmayım”.

Yazar xanım Aysel Əlizadə isə bildirib ki, gənclərimiz qoca adamlardan həyat tərzləri, dinamikaları ilə heç seçilmirlər, Azərbaycanda yaşlılar həmişə gəncləri öyüd-nəsihət vermə obyekti kimi görür:
"İstənilən adam gəncliyi üçün təəssüflənir. Amma qocalıq təcrübə deməkdir. Xarici ölkələrdə insanlar var ki, qocalanda həyat təcrübələrini, macəralarını rahatlıqla bölüşürlər. Bu, insanın Nazim Hikmət kimi "yaşadım” deyə bilməsinin müşahidəsidir. Azərbaycan elə bir cəmiyyətdir ki, burda insanlar "yaşadım” deyə bilmir. Çox az adama qismət olur ki, həyatı öz istədiyi kimi, zövqlə yaşasın. Düşünürəm ki, ölkəmizdə qocalıq və cavanlıq arasında elə bir böyük fərq yoxdu. Avropalılar yaşlı vaxtı əl-ələ verirlər, dünyanı gəzirlər, yaxşı təqaüd alırlar və o təqaüdlə qalan ömürlərini yeni eqzotikları görmə maraqlarına sərf edirlər. Əlbəttə, bu zaman qocalığın dadı-duzu olur. Amma bizim qocalara, yaşlılara baxın, onlar nə görürlər, nə yaşayırlar? Maraqlısı odur ki, Azərbaycanda cəmiyyətinin belə bir kompleksi var - kimsə özünün yaşaya bilmədiyini başqasına da qoymur. Məsələn, 50 yaşlı qadın ailə qursa, bu bizdə pis mövqeyə çevriləcək. Halbuki burda eyib bir şey yoxdur. İnsanlar həyatdan, həyatın hər yaşda verdiyi şanslardan bixəbər və qorxa-qorxa yaşayırlar. Məncə, hər kəs istədiyi kimi yaşayanda qocaldığı zamanı gözü arxada qalmır”.

Tanınmış tənqidçi Əsəd Cahangir qocalıqdan deyil, pis qocalıqdan, xəstəliklə, ruhunu şeytana satmaqla, ictimaiyyət arasında mənfi reputasiya ilə nəticələnən və ölüb gedəndə rəhmət yox lənət gətirən qocalıqdan qorxduğunu deyib:
"Mənəvi və fiziki cəhətdən sağlam qocalıq məni qorxutmur, başa düşürəm ki, bu, həyatın qaçılmaz bir tələbidir. Yaxşı bilirəm ki, qocalmağın sonu ölümdürsə, ölümün də sonu ölməzlikdir. Çünki ölümlə həyat qurtarmır, ruhani olaraq biz öz həyatımızı sürdürürük, yaşayırıq. Ölüm hər şeyə qoyulan nöqtə deyil. Qocalıqdan və ölümdən o kəslər qorxurlar ki, onlar üçün ölümlə hər şey bitir. Çünki hər gün öz aləmlərində onlar heçliyə bir addım da yaxınlaşırlar. Bu da onların xarakterində bir çox mənfi keyfiyyətlər əmələ gətirir. Məsələn, cavanlara qarşı qısqanclıq, ümumiyyətlə insanlara paxıllıq və xəbislik hissi yaradır. V.Hüqonun və digər 19-cu əsr müəlliflərinin əsrlərində də belə qocalar var-pulu yığırlar və xəbisliklərindən heç kimə vermirlər. Bu isə "mən bir azdan ölüb heçliyə qovuşacam, bunlar hələ məndən cavandılar, yaşamağa davam edəcəklər” kimi düşüncə yaradır.
Bu gün bizim ədəbi mühitimizdə də belə qocalar var. Onlar gənc ədəbiyyat adamları üçün böyük bir problem yaradırlar. Qocalıq və ölüm qorxusu ədəbiyyatımızın bilavasitə inkişafına əngəl olan ən ciddi problemdir. Mirzə Cəlil vaxtilə "Lisan bəlası” yazırdı. Amma ən ciddi problem lisan bəlası deyil, iman bəlasıdır. İmanı olan adam qocalıqdan və ölümdən qorxmur, onu çox rahat və sakit qarşılayır. Lev Tolstoyun "Uşaqlıq” əsərində bir qarı obrazı var. Qarı ölümünə bir həftə qalmış çimir, bəzənir, gözəl libas geyinir və şamı yandırıb çarpayıda uzanıb ölümünü gözləməyə başlayır. Bir həftə ərzində o yerindən tərpənmir, ölümünü toya-bayrama gedən kimi qarşılayır. İmanlı olduğu üçün belə edir. Çünki qocalıq qorxusu imansızlıq və Allahsızlıqla bağlı olan məsələdir”.

Qocalığın müdriklik, yaşanılan həyatın məntiqi nəticəsi olduğunu deyən millət vəkili Aydın Mirzəzadə hər yaşın öz gözəlliyi olduğunu bildirib. Millət vəkilinin fikrincə, həyat elə qurulub ki, bütün nəsillərə və yaş dövrlərinə ehtiyac var: "İnsan yaşadığı hər günə görə taleyinə, təbiətə, ali qüvvələrə təşəkkürünü bildirməlidir. Hər günü, hər yaşı sevmək lazımdır. Bütün yaş dövründə ya biz kimlərəsə öz insani istiliyimizi veririk, yaxud da bizə o istiliyi verirlər. Uşaq vaxtı nənədən, babadan, anadan, atadan alırıq o istiliyi. Yaşa dolduqca isə bu sistem dəyişir. İndi isə o istiliyi biz gənclərə və uşaqlara veririk. Eyni zamanda onlardan heç bir şeylə əvəz olunmayan istilik alırıq.
Ona görə də hər kəs öz qocalığını özü planlaşdırır, bünövrəsini özü qoyur. Gənclikdən elə yaşamaq, insanlarla elə münasibət qurmaq lazımdır ki, səni sevsinlər, səndən məsləhət istəsinlər, sənin kiminsə yanında olmağını xoşbəxtlik sansınlar. Təbiət canlını elə qurub ki, hər bir yaşın çətinliyinin və sevincinin özünəməxsus bir quruluşu var. Bizim uşaqlıqda dözmədiyimiz ağrılar orta yaşda adi bir hal sayılır. Yaxud da cavan yaşda təsəvvür eləmədiyimiz bir məsələ yaşlı vaxtımızda tamam başqa bir rəng alır. Biz həmişə kimlərəsə lazımıq. Yadımdadır, mən gənc yaşımda yaşlı adamlarla söhbət etməyi çox xoşlayırdım. Onlardan nələrsə öyrənirdim, həyata onların gözü ilə baxmağa çalışırdım. Artıq müəyyən qədər yaşa dolmuşam, ola bilsin mənimlə söhbət kimin üçünsə maraqlıdır”.
Yazıçı-publisist Əziz Rzazadənin sözlərinə görə, qocalmamaq istəyi bəlkə də bütün insanlara xasdır. Hətta Quranda da min il yaşamaq istəyən insanlara rişxəndli işarə var.
Yazıçı bildirib ki, insanların daim cavan qalmaq istəyi əslində anlaşılandır: "Mənim psixoloq olma, yaxud onların yerinə rəy vermə vərdişim yoxdur, odur ki, onların işlətdiyi köhnə qəlibi xatırlatmalı olacağam - insan özünü hansı yaşda hiss edirsə, elə o yaşdadır.
Ta qədimdən bu günə cavanlıq inkisirindən tutmuş cürbəcür müasir reseptlərə qədər hər kəs illərindən qurtulmaq istəyir. Nağıllarımız yəqin ki, yadınızdadır, məgər oğlanlarını qaranlıq quyulara endirərək sehirli aləmlərdən ecazkar alma gətirdən padşahlar az olub...
Əgər elə bir möcüzə reseprt olsaydı, bəlkə də sınayardım. Amma mən bu işlərdə gerçəkçiyəm və yaşımı, görkəmimi, davranışımı təmkinlə qəbul edirəm. Ölümə gəlincə, haqdır, haçansa dünyaya qapını bağlayacağımızı doğuşdan bilirik. Qorxu hissi də anlaşılandır - o üzdə nə gözlədiyini bilmirik.
Amma adının əvvəlində "Mehriban” və "Rəhimli” sözləri gələn Allah sığınmaqdan başqa nə çarəmiz var ki?! Həm də axirətin özü yeni bir həyat, yeni bir başlanğıcdır.
Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, məni qorxudan qocalıq deyil, görmək istədiyim işləri sona çatdıra bilməməkdi: "Hətta bununla bağlı şeir də yazmışam.
"Səndən qorxduğum qədər
heç nədən qorxmuram, ömrüm
İnsaf elə əlimdə işim çoxdu...”
Hər kəs kimi mənim də arzularım var. Bu arzuların da çoxu yaradıcılıqla, elmi işlərimlə bağlıdır. Yazıları, kitabları bitirmək arzusundayam. Ən çox qorxduğum odur ki, birdən işlərimi bitirə bilmərəm. Əksinə, həmişə qocalıq haqqında fəxrlə, Allaha şükürlə düşünürəm.
5 il bundan qabaq yaşım tamam olanda fikirləşirdim ki, yaşlanıram. Birdən məndə fikir aydınlığı yarandı, düşündüm ki, yaşıma görə sevinməliyəm. Ona görə də qocalmaqdan qorxmağın heç bir mənası yoxdu. Çalışmaq lazımdır ki, sağlam həyat tərzi yaşayasan, qocalanda kiməsə möhtac olmayasan. Yoxsa saçın ağarması və qocalmaq mənim üçün gülməlidir”.
Yeganə Bayramova