Sim kartın başqasına verilməsinə qadağa qoyulur
Ələsgər Məmmədli: “Qanunvericilikdə ciddi şəkildə cərimələr yüksəlir və vətəndaşlara əlavə maliyyə yükü gətirilir”
Milli Məclisdə "Telekommunikasiya haqqında” Qanuna əlavə və dəyişikliklər təklif edilib. Yeni dəyişikliyə görə, qanunun 40-cı maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilir.
Maddəyə abunəçinin identifikasiya modulunun və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə edilməsi də təklif olunur.
Bəs görəsən, bu dəyişikliklərin əlavə olunmasını hüquqşünaslar necə dəyərləndirir? Sim kartın başqasının istifadəsinə verilməsinin qadağan olunması hansı zərurətdən irəli gəlir?
"Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliklərlə bağlı "Şərq”ə açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bu əlavələrin müəyyən problemlər yaradacağını düşünür.
Sim kartın daimi istifadə üçün başqasına verilməsinin qadağan olunmasına ehtiyac olmadığını vurğulayan Ə.Məmmədlinin sözlərinə görə, hansısa bir məsələ gündəmə gəlməzdən əvvəl sosial tələb olmalı, həmin məsələ toplumda ciddi şəkildə müzakirə olunmalıdır. Onun müsbət və ya mənfi təsirləri araşdırılmalıdır. Bütün bu tələblərə əməl etmədən qanunvericiliyə hansısa maddə əlavə etmək uğurlu addım deyil.
Onsuz da Azərbaycanda şəxsiyyət vəsiqəsi olmadan simkart almağın mümkün olmadığını vurğulayan hüquqşünasın sözlərinə görə, son zamanlar heç bir zəmin olmadığı halda qanunvericilikdə ciddi şəkildə cərimələr yüksəlir və vətəndaşlara əlavə maliyyə yükü gətirilir: "İstifadədə olan bütün simkartlar konkret olaraq kimlərinsə adına qeydiyyatdadır. Həmin nömrə ilə bağlı hansısa bir anlaşılmazlıq yaranacaqsa, məsuliyyət daşıyacaq şəxs də bəllidir. Bu sahədə hər hansı bir boşluq yoxdur axı? Əgər mənim adıma olan nömrəni başqa birisi istifadə edirsə, deməli, mənim həmin adamla münasibətim var ki, nömrəmi ona etibar eləmişəm və məsuliyyətimi də bilirəm”.
"Telekommunikasiya haqqında” qanunun 40-cı maddəsinin abunəçi ilə bağlanan müqaviləyə dair tələblərin siyahısını müəyyən etdiyini vurğulayan Ə.Məmmədlinin sözlərinə görə, orada kifayət qədər geniş tələblər var: "Buradakı tələblərin mahiyyəti ondan ibarətdir ki, mobil telefon istifadə edən şəxs identifikasiya oluna bilsin və əgər həmin mobil telefondan hər hansı bir qanuna zidd əməllər törətmə təşəbbüsü olunubsa, həmin şəxsi identifikasiya edib məsuliyyətə cəlb etmək mümkün olsun. Birinci növbədə bu qanunun məqsədi budur.
Yeni əlavələrdə anlaşılmazlıq odur ki, praktikada bir ailədə yaşayan şəxs telefon ala bilir və 18 yaşına çatmamış övladlarına da telefon alıb istifadə etdirir. Çünki qanunvericiliyə əsasən hər hansı bir şəxs bəlli bir yaşdan sonra müqavilə tərəfi ola bilər. Müasir kommunikativ münasibətlərdə telefonsuz bir orta məktəb şagirdinin uzun müddət valideyndən kənar olmasını düşünmək belə mümkün deyil. Yəni şəhər yerlərində telefonsuz şagird real görünmür. Belə olan halda, təbii ki, biz övladımıza SİM kart alırıq və o kartı öz adımıza alırıq.
Sonra isə övladımız həmin kartı istifadə edir. Çünki 18 yaşına çatmamış uşaq özünə nömrə ala bilməz. Belə çıxır ki, atasının adına olan nömrəni işlədən övlad qanunsuzluq edir?! Mənim fikrimcə, bu, normal yanaşma deyil. Ən azından o qanuna bir istisna qoyulmalı idi ki, ailədaxili münasibətlər buna daxil deyil, yəni cərimələr ailə üzvlərinə şamil olunmasın. Əks halda belə bir istisnanın qoyulmaması ciddi problem yaradacaq. Bu, telefon provayderlərinə də problem yaradacaq, çünki onların abunəçisi azalacaq. Qanunun məqsədinə baxmaq lazımdır”.
Telefon və ya nömrə itdiyi halda bununla bağlı məlumat vermə öhdəliyinin qoyulmasının normal yanaşma olduğunu qeyd edən hüquqşünas hesab edir ki, bir çərçivə müəyyən edib hər kəsi də ora sığdırmaq doğru deyil:
"Tənzimləyici xarakter olmalıdır. Ancaq tənzimləmə zamanı hökmən münasibətlər zərər görməməlidir. Bir sözlə, qanunu bu formada müzakirə etmədən qəbul etmək yanlışdır. Hökmən yaxın münasibətdə olan, qohumluq bağı olanların bir-birinin nömrəsini istər müvəqqəti, istər daimi olaraq istifadə etməsinə məhdudiyyət qoyulmamalıdır. Çünki onlar bir ailədirsə, məsuliyyət daşıyan şəxs bəllidirsə, burada hər hansı bir hüquq pozuntusundan söhbət gedə bilməz”.
Simkartın başqa bir şəxs tərəfindən istifadə edilməsinin necə müəyyənləşdirilməsinə gəldikdə isə Ə.Məmmədlinin bu məsələnin hələ ki, sual altında olduğunu deyib:
"Hesab edirəm ki, bu amilin özü qanunun icrası zamanı ciddi problemlər yaradacaq. Əgər hansısa bir hadisə və ya qeyri-müəyyən hal yaşanarsa, mənim adıma olan nömrənin başqa bir şəxs tərəfindən istifadə olunduğu üzə çıxacaq. Əks halda sim kartın başqa bir şəxs tərəfindən istifadəsi praktikada problem yaratmayacaq. Bəlkə yeni bir qurum yaradıb, 50-60 nəfər də işçi götürüb, bir-bir zəng edib sorğu keçirəcəklər ki, görək kim öz nömrəsini işlədir, kim başqasının! Sözün düzü, hansı düşüncəyə əsaslanaraq belə bir maddə əlavə ediblər, bilmirəm!”
Şəymən