“Yəqin ki, Ukrayna hökuməti dövlət və milli maraqları üçün zidd olan məqamlarla bağlı çoxsaylı müraciətlər edib”
Prezident Pyotr Poroşenko sanksiya tətbiq edilən Rusiya fiziki və hüquqi şəxslərinin siyahısının genişləndirilməsi barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 28 aprel tarixli qərarının həyata keçirilməsi barədə fərman imzalayıb.
Genişləndirilmiş siyahıda 1228 fiziki və 468 hüquqi şəxsin adı var. Qərarda "VKontakte”, "Odnoklassniki”, "Yandex”, "Mail.ru” kimi məşhur internet resurslarına girişin blok olunması nəzərdə tutulur. RBK, "TV Tsentr”, "NTV Plyus”, "Zvezda” telekanalları, VQTRK, "Kasperskaya Laboratoriya”, "DrWEB” də sanksiya siyahısına salınıb. Ukrayna internet provayderlərinə bu resurslara 3 il müddətində girişi dayandırmaq barədə tapşırıq verilib.
Maraqlıdır, Ukraynanın bu cür addım atmasının səbəbi nədir və bu qərar informasiya istifadəçiləri üçün nə dərəcədə əhəmiyyətli olacaq?
Məsələ ilə bağlı "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz "Şərq”ə açıqlama verib. Mərkəz direktoru məsələnin təəssüfdoğurucu məqam olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir media vasitəçisi olaraq insanların informasiya mübadiləsini gerçəkləşdirmək üçün əhəmiyyətli resursların istənilən ölkədə məhdudlaşdırılması insan hüquqları baxımından doğru addım hesab olunmur:
"Uzunmüddətli müşahidələrimiz göstərirdi ki, Ukrayna hökuməti ilə Rusiya mediasının resursları, Rusiyanın təhlükəsizlik antivirus fəaliyyətini həyata keçirən şirkətlər, ümumiyyətlə, Rusiyadakı bir sıra fiziki-hüquqi şəxslərlə Ukrayna hökumətinin problemi var idi. Xüsusən də bu, sosial media resursları ilə bağlıdı. Ukrayna tərəfinin iddiası ondan ibarət idi ki, Rusiyaya məxsus "Odnoklassniki”, "Yandex”, "Mail.ru” kimi sosial media resursları Rusiyanın xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Yəni ukraynanlıların dediyinə görə, rusların bu sosial media resursları xüsusi xidmət orqanları tərəfindən Ukraynanın maraqlarına qarşı fəaliyyət göstərirdilər.
Dəfələrlə Ukrayna hökuməti tərəfindən bununla bağlı açıqlamalar da verilmişdi və belə bir qərarın verilməsi gözlənilən idi. Əgər burda dövlətin milli maraqlarına zidd məqam varsa və həmin resursların sahibləri dövlət cinayətlərinin və terrorçunun qarşısını almaq üçün əməkdaşlıqdan imtina edirlərsə, bu, ədalətli bir məhkəmə olur. Məhkəmənin qərarı belə olsa ki, sözügedən resurslar vasitəsilə həqiqətən də bir ölkənin milli maraqlarına zidd fəaliyyət var və bu tip məhkəmə qərarları da sosial media resurslarının rəhbərləri tərəfindən qulaqardına vurulur, o zaman bu qərarlar qaçılmaz olur.
Biz bir sıra ölkələrin də təcrübəsində görmüşük, məsələn, Türkiyənin təcrübəsində də olur ki, "Twitter” və "Youtube” ilə bağlı ölkənin milli maraqlarına zidd informasiya var. Bu zaman hökumət informasiya ilə bağlı məhkəməyə müraciət edirdi, qurum rəhbərləri isə bunu ciddiyə almırdılar. Amma bəzən müşahidə edirik ki, bu cür resursların sahiblərinə ikili standartlar olur, yəni hansı ölkələr müraciət edirsə, onunla bağlı əməkdaşlıq edilir, lakin başqa ölkələrdən müraciət olunduqda əməkdaşlıq edilmir. Yəqin ki, Ukrayna hökuməti dövlət və milli maraqları üçün zidd olan məqamlarla bağlı çoxsaylı müraciətlər edib. Bunlara məhəl qoyulmadığına görə də son addım atılıb. Ümid edirəm ki, bəlkə məhkəmə səviyyəsində və ya hansısa danışıqlar səviyyəsində məsələnin həll olunması gözlənilən ola bilər”.
Yeganə Bayramova