Azərbaycan Beynəlxalq Bankı öhdəliyi yerinə yetirə bilmir

“Balans normal səviyyəyə çatdığı zaman göstəricilərə yenidən baxıb, reytinqi dəyişəcəklər”


Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesinin növbəti mərhələsində Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra "Fitch” və "Moody’s” beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, "Fitch” bankın reytinqini SSS səviyyəsində elan edib. "Moody’s” isə Banka Caa3 reytinqini verib. Beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib. 

O, bunun normal praktika olduğunu və bizim üçün gözlənilən qərar olduğunu deyib: "Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır”.

Maliyyə bazarında normal şirkətlərin hamısının reytinqinin müəyyənləşdirildiyini deyən iqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, bu meyar da şirkətlərin maliyyə vəziyyətinin və idarəetməsinin, kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirməsinin əsas göstəricisi hesab olunur: "Beynəlxalq Bankın reytinqi hər zaman Azərbaycan respublikasının reytinqi ilə paralel olub. Dünya təcrübəsində də belədir ki, dövlət bankda əsas payçı olduğu halda reytinqlər təxminən eyni olur”. Son iki ildə ölkədə baş verən iqtisadi prosesləri xatırladan iqtisadçının sözlərinə görə, ölkənin də reytinqində fərqlilik var: "Amma onu deyim ki, əvvəlki illərdə də Beynəlxalq Bankın aktivlərində ciddi itkiyə məruz qaldığı üçün onun reytinqini dövlətin reytinqindən ayırıb bir az daha aşağı salmışdılar”.

C.İbrahimlinin sözlərinə görə, bankın reytinqinin aşağı düşməsi onun kreditorlar qarşısındakı öhdəliyini yerinə yetirə bilmədiyinin təsdiqidir. Ancaq restrukturizasiya başa çatandan sonra Bankın aktivlərində və idarəetmə sistemində müəyyən bir irəliləyiş olacaqsa, Bankın reytinqinə təkrar baxılacaq: 

"Onu da deyim ki, hazırkı mərhələdə aktivlərin bir hissəsi sağlamlaşdırılıb, yaranmış və yarana biləcək öhdəliklərini də Azərbaycan dövləti öz üzərinə götürdüyü halda Beynəlxalq Bankın xarici kreditorlar qarşısında bir o qədər də ciddi öhdəliyi qalmır. Balans normal səviyyəyə çatdığı zaman göstəricilərə yenidən baxıb, reytinqi dəyişəcəklər. Restrukturizasiya tədbirləri başa çatdırıldıqdan sonra bankın kapital mövqeyi müəyyən edilmiş normativ səviyyəyə qayıdacaq. ABB-nin maliyyə dayanıqlılığı təmin olunacağı və bankın bazar dəyəri artacağı halda Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksələcəyi istisna deyil”.

Şəymən