Qardaş ölən qardaşının arvadını ala bilər - Din icazə verir

Şahin Həsənli: "Bunun Allah qarşısında heç bir qəbahəti yoxdur"


"Qardaşın dünyasını dəyişmiş qardaşının həyat yoldaşını alması islam dinində var".

Bunu Sherg.az-a İlahiyyatçı alim hacı Şahin Həsənli söyləyib. Onun sözlərinə görə,
din bunu qadağa etmir, icazə verir . Sadəcə olaraq, mentalitetimizdə yanlış əməl kimi dəyərləndirilir və buna pis əməl kimi baxılır:

"Dini baxımdan bunun hər hansı bir qəbahəti yoxdur. Eşitdiyimə görə, keçmişdə bizdə də belə adət olub. Qardaş dünyasını dəyişəndə gəlinin başqa ailəyə getməməsi və övladlarının həmin ocaqda qalması üçün onu mərhumun qardaşı ilə evləndirərlərdilər. 

Yəni yad insanların onun övladları ilə necə davranacağı bilinmədiyi üçün ailə özü ona sahib çıxırdı. Bir daha deyirəm ki, bunun dini baxımdan heç bir qəbahəti yoxdur. Amma onu da əlavə edim ki, din bizə vacib də buyurmur ki, bu, mütləq baş verməlidir. Sadəcə buna icazə verir. Kimsə mənfi yanaşırsa, pis əməl kimi baxırsa, bunu etməyə də bilər. Amma bunun Allah qarşısında heç bir qəbahəti yoxdur".

Ayyət Əhməd