Eyyub Hüseynov:"Təəssüf ki, “Azərsu” bu məsələlərə tam aydınlıq gətirmir”
"İnsanlar evə gələn hər su təmizləyici filtr şirkətlərinə güvənməməlidir”.
Bunu Sherg.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Bu cihazlardan AİB-də olduğunu söyləyən təşkilat sədri qeyd edib ki, həmin su filtrçilərinin monitorinqini aparıb, həqiqi detalları üzə çıxarmaq mümkün olmayıb:
"Çünki mütəxəssis yoxdur. Bu mövzunu aktuallaşdırmaq lazımdır. Mən 4 il öncə Fransanın Marsel şəhərində keçirilən Dünya Su Konqresində iştirak etdim. Həmin tədbirə 25 min insan qatılmışdı və bütün dünyanın su təchizatçıları, ekspertlər iştirak edirdi. Həmin konqresdə suyun necə təmizlənməsi barədə öyrəndiyim biliklərdən istifadə edərək Azərbaycanda suyun təmiz olub-olmadığını bilmək üçün ötən ilin ortalarında «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin təmizləyici qurğularına baxış keçirtdim. Hətta icazə verilməyən yerlərə də xüsusi geyimlə girməyimə şərait yaratdılar. Buradakı vəziyyəti Dünya Su konqresində öyrəndiklərimlə müqayisə etdim və qərara gəldim ki, Azərbaycanda borulara verilən sular kifayət qədər təmizlənir. Lakin su infrastrukturu, borular köhnəlib. Bir yerdə qəza baş verən zaman əhalinin krantından müəyyən müddət bulanıq su gəlir. Krantın gözü bulantılarla tutulur və s. İnfrastrukturun köhnəlməsi mənfi vəziyyət yaradır. Bu vəziyyətdən istifadə edən su filtrçiləri bazarda böyük ajiotaj yaradır. Təəssüf ki, "Azərsu” bu məsələlərə tam aydınlıq gətirmir”.
Evlərin qapısını döyən su təmizləyici filtr şirkətlərinin təcrübələrinin primitiv olduğunu deyən E. Hüseynovun sözlərinə görə, suyun əsl analizi 300 parametrə qədər olandan sonra su haqqında fikir söyləmək olar:
"Su təbiətin möcüzəsidir. İnsanların orqanizmi də suya qarşı fərqli reaksiya verirlər. Məsələn, bir insana təmizlənməmiş su yaxşı təsir edə bilər, digərinə isə çox distrelizə olunmuş su müsbət olar. Ona görə də biz həmin su filtrçilərini araşdırmaq qərarındayıq. Təəssüf ki, onların içərisində təxmini 10 faizi həqiqi çirklənməni deyən və həqiqi filtr satanlardır. Onların 90 faizi insanları aldatmaqla məşğuldur. Bizə gələn şikayətlər də bunu göstərir. Şəxsən mən özüm evimdə su filtrindən istifadə etmirəm".
Müsahibimiz onu da əlavə edib ki, bazarda elektrik çaynikləri satılır. Əhali həmin çayniklərdə suyu bir neçə dəfə qaynadır, istifadə edir. Lakin hər kəs bilməlidir ki, eyni suyu bir neçə dəfə qaynadıb içmək çox təhlükəlidir:
"Ona ağır su deyirlər. Çox qorxuludur. Bir suyu qaynadıb, bir dəfə içmək lazımdır. İkinci dəfə qaynatmaq olmaz. İnsan orqanizminin fərqliliyini nəzərə alaraq düşünürəm ki, Azərbaycanda krantdan gələn, lakin bulanıq olmayan suyu içmək təhlükəli deyil. Əlbəttə, doldurulmuş sularda da problem yaşanır. Su o qədər qeyri-adi məhsuldur ki, onu dərk etmək çətindir. Dadı və iyi olmayan yeganə maldır, özəl xüsusiyyətləri var. Ona görə də məsləhət görürəm ki, suyu daim dəyişib için. Su filtrləri barədə nə qədər ki, monitorinq aparılmayıb, hansının yaxşı, hansının pis olduğu bilinmir, etibar edilməsin. Düşünürəm ki, həmin filtrçilərin əksəriyyəti insanları aldadıb, malını satmaq məqsədi güdür”.
Qeyd edək ki, son günlər "Ocean" şirkətinin su filtirçiləri qapı-qapı gəzərək bu şirkətə məxsus apartlarla "Azərsu"nun xalqa içməli su adi ilə verdiyi suları sınaqdan keçirir. Və bu suda xlorun çox olduğunu iddia edərək insan orqanizminə ziyanlı olduğunu bildirirlər.
Ayyət Əhməd