“İstər-istəməz bu insanda qısqanclıq hissləri oyanır və həmin imkanlara sahib olmadığı üçün özünə olan inamı itir, yaşamağa həvəsi qalmır”
İnstaqramın psixoloji təsiri də güclüdür
“Bir qrup insanlar var ki, başqalarının paylaşımlarına baxmaqla həyata qarşı küskün olur”
“İstər-istəməz bu insanda qısqanclıq hissləri oyanır və həmin imkanlara sahib olmadığı üçün özünə olan inamı itir, yaşamağa həvəsi qalmır”
“İstər-istəməz bu insanda qısqanclıq hissləri oyanır və həmin imkanlara sahib olmadığı üçün özünə olan inamı itir, yaşamağa həvəsi qalmır”
Böyük Britaniya alimləri instaqramın insan sağlamlığı üçün ən təhlükəli sosial şəbəkə olduğunu müəyyənləşdiriblər. İctimai Sağlamlıq üzrə Kral Cəmiyyətinin (RSPH) və Gənclərin Sağlamlığı üzrə Hərəkatın hesabatında qeyd olunub ki, sosial şəbəkələrin gənclərə zərərləri barədə aparılan araşdırma zamanı 14 yaşdan 24 yaşa qədər 1479 nəfərlə sorğu keçirilib. Gənclərdən sevdikləri sosial şəbəkələr və onlardan istifadənin nəticələri barədə nə düşündükləri soruşulub. Hər şəbəkəni bir sıra açar sözlər (yalnızlıq, depressiya, həyəcan, ələsalma, zahiri imicin formalaşdırılması) üzrə qiymətləndirmək təklif olunub. Ümumilikdə respondentlərə 14 sual ünvanlanıb.
Tədqiqat çərçivəsində "YouTube”, "İnstagram”, "Snapchat”, "Facebook” və "Twitter” araşdırılıb. Siyahıda ən müsbət imicə malik olan sosial şəbəkə yutub olub. Bu xidmət gənclərə ən pozitiv təsir göstərən xidmətdir. Sonra tvitter və feysbuk gəlir. Snapçat və instaqram isə ən pis qiymətləndirilən sosial şəbəkələr olublar. Araşdırma müəllifləri 16-24 yaş arası gənclərin 91faizinin sosial şəbəkələrdən istifadə etdiyini bildiriblər. "Sosial şəbəkələr asılılıq baxımından siqaret və alkoqoldan daha təhlükəlidir. Hesabata görə, gənclər arasında depressiya və həyəcan hissinin səviyyəsi son 25 ildə 70 faiz artıb. Ən maraqlısı isə odur ki, "İnstagram” və "Snapchat” psixi sağlamlıq və rahatlıq çərçivəsində reytinqdə ən son yeri tutub. Hər iki platforma şəkillərdən ibarətdir və görünən odur ki, bu da gənc insanları özünü natamam hiss etməyə və həyəcanlamağa məcbur edir.
Tədqiqatda xəbərdarlıq edilir ki, şəbəkələr gənclərin psixoloji problemlərini gücləndirə bilər. Lakin bunun üzərində məqsədyönlü işləyəcəkləri təqdirdə platformaların gənclərə müsbət təsir göstərə biləcəyi də qeyd olunur.
Kral səhiyyə təşkilatı sosial şəbəkələri istifadəçilərə həddən artıq davamlı resurslardan istifadə barədə bildiriş göndərməyə və psixi problemləri olan insanları internetdə müəyyən etməyə çağırıb. Təşkilatın fikrincə, sosial media həmçinin paylaşılan şəkillərin necə hazırlanması barədə istifadəçilərə məlumat verməlidir. Bu, məşhurlar və reklam hesablarına aiddir.
İnstaqramın hansı səbəbdən ən zərərli sosial şəbəkə kimi dəyərləndirilməsi ilə bağlı "Şərq”ə açıqlama verən "Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc deyib ki, sözügedən sorğunun hansı meyarlar əsasında aparılması barədə tam məlumatlı olmadığı üçün konkret bir fikir bildirməkdə çətinlik çəkir:
"Çox güman ki, instaqramın ən zərərli sosial şəbəkə seçilməsi oradakı paylaşımların daha çox fotolar və videolardan ibarət olması ilə bağlıdır. Feysbuk və tvitterdə daha çox informasiya xarakterli məlumatlar paylaşılır, müxtəlif qruplar yaratmaqla insanlar biri-birləri ilə fikirlərini orada bölüşür, hansısa bir mövzu ətrafında ciddi fikir mübadilələri aparılır.
Amma instaqram istifadəçilərinin bu cür imkanları məhduddur. İnsanlar ancaq şəxsi yazışmalar və gündəlik həyat tərzlərini paylaşmaqla məşğuldurlar. Bu isə onları real həyatdan uzaqlaşdırır, hətta bəzi insanların instaqramda yaratdığı imiclə normal halı arasında kəskin fərqlər olur. İnstaqramın insan psixologiyası üçün ən təhlükəli təsirlərindən biri də insanların izləyici sayı və topladığı bəyənmələrə həyatı əhəmiyyətli bir hal kimi yanaşmasıdır.
Elə insanlar var ki, bu həyatdakı yerini və önəmini izləyicilərinin, onun paylaşımlarına verilən reaksiyaların sayı ilə ölçür. Sırf şəkillərinə az bəyənmə gəlir deyə özünü çirkin hesab edən insanlar da az deyil. Əksi baş verdikdə isə onların özgüvənləri artır və özlərini bu cəmiyyət üçün daha əhəmiyyətli insan hesab edirlər. Səhər gözünü açan kimi telefonunu əlinə alıb şərhlərə cavab verən, izləyici sayını yoxlayan, yüklədiyi şəkil bəyənilmədiyi halda buna görə uzun-uzadı fikir edən insanlarla doludur ətrafımız”.
O.Orucun sözlərinə görə, bir qrup insanlar da var ki, başqalarının paylaşımlarına baxmaqla həyata qarşı küskün olur:
"Baxır ki, hansısa bir istifadəçi gəzib-dolaşdığı xarici ölkələrdən fotolar paylaşır, digər bir istifadəçi bunun arzuladığı paltardan geyinib, başqa biri bunun üçün ancaq xəyal ola biləcək bir avtomobilini nümayiş etdirir. İstər-istəməz bu insanda qısqanclıq hissləri oyanır və həmin imkanlara sahib olmadığı üçün özünə olan inamı itir, yaşamağa həvəsi qalmır. Bəlkə də real həyatda həmin paylaşımları edən insanlardan daha xoşbəxt və mənalı həyata sahibdir. Amma dostluğunda olan insanların instaqramda yaratdıqları imic bunda tamam fərqli fikirlərin formalaşmasına, sahib olduğu xoşbəxtliyin fərqinə varmamasına səbəb olur. Bu hissləri yaşayan insanların isə depressiyaya düşmə, psixi sağlamlığı ilə bağlı ciddi narahatlıqlar yaşaması ehtimalı artır”.
Şəymən