Müsavatçılar ittihamlara cavab verdilər

Adil Qeybulla: “Partiya funksionerləri siyasi etikadan uzaq ifadələrdən çəkinməlidirlər”
Qubad İbadoğlu: “Artıq gecdir. Yekun qərar qəbul olunub”


Müsavatın MŞ-dən rəsmən imtina etməsi bu qurum daxilində başlanan qarşıdurmanı daha da alovlandırıb. Son günlər AXCP və digər müxalifyönümlü siyasi partiyaların Müsavata qarşı ittihamları daha geniş miqyas alıb. Müxalif partiya rəsmiləri Müsavat başqanı İsa Qəmbəri MŞ-nin önəmsiz hala salınmasında mühakimə edirlər.

İ.Qəmbərin sonuncu addımı gələcəkdə keçiriləcək bələdiyyə və parlament seçkilərinə təkbaşına getmək istəyi kimi yozulur. Hətta, Müsavat heyətinin hakimiyyətin oyuncağına çevrildiyi və mövcud iqtidara xidmət etdiyi bildirilir. Son günlər müxalifət cəbhəsində yaşananları şərh edən Müsavat Partiyası Divanının üzvü, tanınmış professor Adil Qeybulla "Şərq”ə açıqlamasında qeyd edib ki, "Müsavat”-la AXCP arasındakı münasibətlər funksionerlər tərəfindən şişirdilir. Onun sözlərinə görə, hər iki siyasi təşkilat barədə irəli sürülən ittihamlar cəmiyyətdə psixoloji uyğunsuzluğun olmasını göstərir: "Bu da iki partiya arasındakı birliyə ciddi zərbə vurur. Hesab edirəm ki, siyasi qurumlar böhtan və şərdən uzaq durmalıdırlar”.

MŞ-nin hazırkı taleyinə gəldikdə həmsöhbətimiz bildirib ki, sözügedən qurumun fəaliyyət müddəti seçkidən sonra bitib: "Ona görə də MŞ-nin üzərinə götürdüyü missiya bitmiş hesab olunmalıdır. Yeni birliklərin yaradılması daha məqsədəmüvafiqdir. Növbəti illərdə keçiriləcək bələdiyyə və parlament seçkilərinə hazırlaşmaq lazımdır. Siyasi təşkilatlar arasında bu cür münasibətlər təəssüf doğurur. Bəzi funksionerlərin bəyanatları adıçəkilən qurumlar arasındakı münasibətləri kəskinləşdirməyə hesablanıb”.

"Müsavat”-ın MŞ-ni lüzumsuz təşkilata çevirməsinə gəldikdə isə professor bunun düzgün fikir olmadığını vurğulayıb: "Qurumun perspektivi bir partiyadan asılı ola bilməz. Adıçəkilən bloku məhz ölkədəki ictimai-siyasi durum perspektivsiz hala saldı. Son zamanlar MŞ-nin fəaliyyətinin azalan xətt üzrə inkişafı hər kəsə məlum idi. Sosial sifarişin kifayət edəcək səviyyədə olmadığı üçün qurumun siyasi əhəmiyyəti qalmadı. Bu baxımdan bələdiyyə və parlament seçkilərini nəzərə alaraq, yeni bloklar yaratmağa ehtiyac duyulur. İrəliyə baxmaq lazımdır”.

A.Qeybulla təmsil olunduğu partiyanın bələdiyyə və parlament seçkilərinə təkbaşına getməsi barədə səsləndirilən bəyanatları düzgün saymır: "Müsavat”-ın seçkilərə təkbaşına və blok şəklində gedəcəyini zaman göstərəcək”.

AXCP üzvlərinin İctimai Palatanın üzvlüyündən çıxmasına münasibət bildirən professorun qənaətinə görə, İP-də önəmini itirmiş qurum hesab olunmalıdır: "Yeni siyasi birliklər və bloklar yaradılmalıdır. Onunla bağlı məsləhətləşmələrə başlanılmalıdır. Partiya funksionerləri siyasi etikadan uzaq ifadələrdən çəkinməlidirlər. Düşünməlidirlər ki, nə vaxtsa bir masa arxasında oturmaq zərurəti ortaya çıxa bilər”.

Müsavat Divanının digər üzvü Qubad İbadoğlu isə məsələ barədə bunları deyib: "Müsavat Divanının MŞ ilə bağlı 6 yanvar qərarının qəbulunda iştirak etməsəm də, məsələyə dair partiya yığıncaqlarında, mətbuat səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək

hüququmdan yararlanaraq mövqeyimi səsləndirmişəm. Mövqeyim son qərardan fərqli olsa belə, onu təkrarlamaq istəməzdim. Artıq gecdir. Yekun qərar qəbul olunub. Müsavatın nizamnaməsinə görə, partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir. Ona görə də yalnız Divanda qərarın tələsik qəbul olunmasına, eyni zamanda bu fonda müxalifət düşərgəsində onsuz da yaxşı olmayan münasibətlərin gərginləşməsinə xidmət edən qarşılıqlı ittihamlara görə təəssüflənirəm”.

Ayyət Əhməd