Sosial şəbəkə aludəçiliyi qadınların evini “dağıdır”
İctimaiyyət nümayəndələrinin və ailəli xanımların mövzu ilə bağlı fikirləri haçalandı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın "qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdır” sözləri geniş müzakirələrə səbəb olub. Artıq iki gündür ki, sosial şəbəkə fəalları, əsasən də qadınlar, komitə sədrinin fikrini eninə-uzununa çözələyir.
İnsafən, H.Hüseynova bu fikri ailəsinə lazımi qayğı göstərməyən, övladlarının tərbiyəsi ilə az məşğul olan qadınları nəzərdə tutaraq deyib. Əlbəttə, problemin varlığı danılmazdır. İllər öncə, yəni, internet, feysbuk, instaqram həyatımıza müdaxilə etmədiyi vaxtlarda bir lətifə çox populyar idi; soruşurdular ki, sizcə, zəng çalan telefona yaxınlaşan qadının ilk hərəkəti nə olur? Cavab da belə idi; dəstəyi qaldırmamış stul çəkib əyləşmək. Anlaşıldı, məncə: qadınlar çox danışandılar, uzun-uzadı danışacaqlarını bildiklərindən bəri başdan stul çəkib əyləşirlər ki, rahatca qeybət etsinlər. Telefon danışığına yağı daşdıran, dəmi qaynadan, soğanı yandıran o qədər qadın vardı ki!.. Amma, yazar Sevinc Elsevərin sözü ilə desək, "indi qeybət virtuallaşıb”.
Komitə sədri də, böyük ehtimalla sosial şəbəkələrə hədsiz vaxt ayıran və bəzən zərərli nəticələrlə üzləşən qadınları nəzərdə tutub. Bu zərərli nəticələrdən biri də qadınların bəzən dini sektaların, təriqətlərin toruna düşməkdir.
1990-cı illərdə paytaxtın park və xiyabanlarında əlində dini kitablar tutan, yolla keçənləri xoş dillə dindirib söhbətə çəkənlər vardı. Əsasən də, onlar qadınlar idi. İnsanları söhbətə çəkir, sonra da kitabları oxumağı məsləhət görürdülər. Onlar dini sekta təmsilçiləri idi. Bəlkə də, kimlərsə onların təsiri altına düşmüşdü. İndi isə zaman da dəyişib, şərtlər də. Sosial şəbəkələr açıq qapıdır. Daha kimsə özünə əziyyət verib küçədə dayanmır, ya qarşısındakı kompüterlə, ya da əlindəki mobil telefonla başqalarını cəlb edir. Bəs bundan qorunmağın yolları yoxdurmu?
"Qonşular da "virtuallaşıb”
Müzakirələr qoşulan ictimaiyyətçi - həm də ailəli qadınların fikirləri ilə tanış olaq:
Yazar Sevinc Elsevər:
- Ailədəki problemləri bütünlüklə sosial şəbəkələrin üzərinə yıxmaq doğru deyil. Hər şey insanın özündən asılıdır. Ailəsiylə, övladıyla məşğul olmaq istəyənə sosial şəbəkənin dəxli yoxdu. Qadın ailəsini sevirsə, övladının tərbiyəsi, sağlam inkişafı qadın üçün əsasdırsa, sosial şəbəkəyə lazımsız vaxt ayırmayacaq. Sosial şəbəkə bəziləri üçün sadəcə, bəhanədir. Belə bəhanələr həmişə olub. "Xörək hazırlamağa vaxtım çatmır, ev işləri ilə məşğul ola bilmirəm, uşağa anam baxır” və s. belə bəhanələri hər zaman eşitmişik. Əsl qadın odur ki, bütün işlərini nizamlaya bilsin, ailəsinə də xidmət göstərsin, ictimai aktivliyini də davam etdirsin. Bəzilərinə bu, mümkünsüz gəlir, elə bilirlər, söz xətrinə deyilir. Xeyr, belə deyil.
Qadının ən ümdə vəzifəsi ailəsinə, övladına xidmətdir. Bütün digər işlər ikinci dərəcəlidir. Kimsə dərəcələrin yerini dəyişdirib ikincini birinci yerə qoyursa, deməli, belə istəyir, onun üçün belə daha xoşdur. Kimisə güclə məcbur etmək olmaz ki, ailəyə qulluq et, övladınla maraqlan. Bunu hər kəs özü müəyyən edir. Elə qadınlar var, əlindən telefon düşmür, virtual qeybətlə məşğuldur. Hətta qonşular da virtuallaşıb. Qonşudan bir söz soruşmaq üçün də feysbukda yazır, mesajlaşır. Bu, artıq xəstəlikdir. Bizim cəmiyyətin əsas bəlası nədən necə istifadəni bilməməkdir. Müasir zamanda internetsiz keçinmək onsuz da mümkün deyil. Feysbuk istifadəçisi də ola bilərsən, şəxsi instaqram səhifən də ola bilər.
Tutalım, əlində bir iş görürsən, elə işdir ki, bir neçə dəqiqəliyə ondan ayrılıb telefondakı mesaja baxa bilərsən. Yaxud, kiminləsə yazışa bilərsən, cavab verərsən. Bəzən insanlarda belə təəssürat yaranır ki, feysbukda aktiv olanların əlindən telefon düşmür, bütün günü kompüterin qarşısındadırlar. Belə deyil. Şəxsən mən bir aydır, sosial şəbəkələrdə yoxam. Feysbuk səhifəmi də bağlamışam. Bir az dincəlmək, fikrimi dağıtmaq istəyirəm, ona görə. İnsanlar sosial şəbəkələrdən düzgün istifadəni bilməlidilər. Bu dəqiqə sosial şəbəkələrdə nə istəsən tapa bilərsən. Kimsə satır, kimsə alır. Əlbəttə, sui-istifadə halları da baş verir. İnsanları harasa cəlb edirlər, gəlir əldə etməyə çalışırlar. Bunların qarşısını yalnız maarifləndirmə yolu ilə almaq mümkündü. İnternetin, sosial şəbəkələrin müsbət və mənfi tərəfləri qadınlara başa salınmalıdır. Dini sektalara qoşulmalara gəlincə, hesab edirəm ki, bu, sosial şəbəkəsiz də mümkündü. Cəlb etmək istəyənlər müxtəlif üsullar fikirləşir. İnsan özü başa düşməlidir ki, nə ona ziyanlıdır, nə xeyirli. 21-ci əsrdə qadınlarımız yaxşı mənada gözüaçıq olmalıdırlar.
İnternetdən də, sosial şəbəkələrdən də lazımi məlumatları əldə etmək üçün istifadə etsələr, daha düzgün qərar vermiş olarlar.
"Adi bir yazışma ev dağıda bilər”
Məsələ ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da fikirlərini "xəbəroxu” saytı ilə bölüşüb:
- Qadınları sosial şəbəkəyə aludə olmamağa çağırmaqla problem həll edilməz. Sosial şəbəkədən hərə bir cür istifadə edir. Mən də sosial şəbəkənin aktiv üzvlərindənəm, bu, işimlə bağlıdır. Sosial şəbəkədə çox olmağımın məqsədi də insanları maarifləndirməkdir. Ancaq 18 yaşlı nəvəmin sosial şəbəkədəki səhifəsinə nəzarət edirəm, eləcə də yaxınlarımın səhifələrini izləyirəm. Şəbəkələrdə aktivliyim həm də adi bir yazışma və paylaşımın ev dağıda biləcəyini görməyimə imkan verir. Əlbəttə, burada əsas məsələ kimin, necə istifadə etməsidir. Ümumiyyətlə, sosial şəbəkə fikirlərini bölüşmə, məlumatlandırma baxımından çox yaxşıdır. Qadınlar burada yaratdıqları qruplarda mətbəxdən tutmuş bir çox məişət problemlərinə qədər bölüşürlər. Bu gün Bakıda, eləcə də rayonlarda qadın klubları və ya digər mərkəzlər yoxdur. Ona görə də, başqa ölkələrdə qadınlar bu cür məkanlarda problemlərini bölüşür və sosial şəbəkədən qeybət yeri kimi istifadə etmirlər. Bu mənada yaxşı olar ki, sosial şəbəkələrə aludə olmamağa çalışarkən həm də qadınlara alternativ imkanlar təşkil edək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi elə sosial şəbəkədə qadınların qoşulacağı normal qrupları yarada bilər. Burada qadınları maarifləndirib, məlumatlandırmaq olar.
Xüsusən də, regionlardakı qadınlar paytaxtdakılar qədər məlumatlı deyil. Onlar sosial şəbəkədə tez bir zamanda yanlış qrupların toruna düşə bilər. Bunun üçün regionlarda qadınların bu istiqamətdə maarifləndirilməsinə ehtiyac var. İraddan çox mexanizm irəli sürülməsi vacibdir. Sosial şəbəkədə məlumatlandırıcı səhifələrin sayını artırmaqla, qadınların üzləşəcəyi təhlükələri azaltmaq olar”.
"Sosial şəbəkələrdən qarmaq kimi istifadə olunur”
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da sosial şəbəkələrlə bağlı fikirlərini paylaşıb:
- Mən də sosial şəbəkələrə qoşulduğum ilk vaxtlarda əziyyət çəkmişəm. Sosial şəbəkə aludəçiliyi evli qadının ailəsinə lazımi diqqət ayırmasına mane olur. Əlbəttə, bu həm də qadının məsuliyyəti, intellektindən asılı olan məsələdir. Məlumatlı qadınlar ailələrini sosial şəbəkəyə qurban vermir. İşlə bağlı, yeni informasiyalar əldə etmək, məlumatları ötürmək məqsədilə sosial şəbəkəyə qoşulmaq asılılıq yox, xeyirli məqsədlə istifadədir. Lakin depressiyada olan, ailəsində uğursuzluq yaşayanların bununla bağlı paylaşımları başqalarının toruna düşməsi üçün vasitə ola bilər. Bəzən tanımadığımız biri bundan qarmaq kimi istifadə edə bilər. Biz monitorun arxasında kimlərin oturduğundan xəbərsizik. Qarşı tərəfin bizi tanımadığını düşünürük, lakin sosial şəbəkədə paylaşdığımız məlumat qısa zamanda yayıla bilir. Bu məkanın öz "peşəkarları” var, onlar adi söz, şəkildən şantaj məqsədilə istifadə edə bilirlər. Sosial şəbəkəyə qoşulanda hər dostluq təklifini qəbul edirdim. Sonradan kobud mesajlar yazanlar da olub. Qaydaları və problemləri öyrənəndən sonra daha diqqətli olmağa başladım. Lakin tez tora düşən insanlar hələ də var. Ağıllı və məqsədli istifadə edənlər üçün isə sosial şəbəkə çox yaxşı vasitədir. İstənilən informasiyanı əldə etmək, fikirlərini yazmaq baxımından çox əlverişlidir. Bəzən radikal dini qrupların yanlış məlumatları ilə qarşılaşa bilirik. Odur ki, sosial şəbəkədən istifadə etməmişdən əvvəl məlumatlı, intellektli olmaq lazımdır.
Məlahət Rzayeva