Universitetlərdə plan yerləri ciddi şəkildə boş qalacaq
“Bakalavr pilləsi ilə yekunlaşmayıb, magistratura pilləsində də təhsil haqlarına göz gəzdirsələr, yaxşı olar”
Dövlət İmtahan Mərkəzi (DİM) magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlərə müraciət edib. DİM-dən verilən xəbərə görə, magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat 22 may saat 23:59-dək davam edəcək.
Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiq etməyib. Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449 nəfəri imtahanın ikinci mərhələsində iştirakını təsdiq edib.
Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.
Maraqlıdır, magistratura və rezidenturaya qəbul olmaq istəyənlərin ərizələrini təsdiq etməməsinə səbəbi nədir? Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda magistratura pilləsində olan təhsil haqları kifayət qədər yüksəkdir. Ekspertin sözlərinə görə, bütün valideynlər daha çox övladlarının bakalavr pilləsində təhsil haqlarını ödəməyə maraqlıdırlar. Çünki bu məbləğlər kiçikdir və valideynlər iki il müddətinə böyük məbləğin ödənilməsində maraqlı deyillər:
"DİM bu il göstərdiyi xidmətlərin qiymətini ortaya qoyanda ilk növbədə belə bir prinsip elan etmişdi ki, bundan sonra daha hazırlıqlı və istəkli şəxslər qəbul imtahanlarında iştirak edəcək. Məhz bu qiymətlərin artımı əvvəlki illərlə müqayisədə imtahanda iştirak edənlərin sayına ciddi təsir göstərir. İlk növbədə bu, açıq şəkildə magistraturada öz təsirini göstərir. Belə ki, əgər əvvəlki illərdə bu pillədə oxumaq üçün sənəd verənlərin sayı 24 min idisə, bu il 13 minə düşdü. Bu zaman dedilər ki, onlar daha çox istəklilərdir. Beləliklə, xoşagəlməz bir hal ortaya çıxdı ki, həmin o daha istəkli dediklərinin 5 min nəfəri 2-ci turda iştirak üçün ərizələrini təsdiq etmirlər və hazırda 8 minə yaxın bakalavr elektron ərizəsini 2-ci turda iştirak eləmək üçün təsdiq edib. Nəzərə alsaq ki, ali məktəblərin magistratura pilləsinə qəbul yeri 6 mindən çoxdu və ərizələrini təsdiq edənlərin sayı 8 mindir, bu onu deməyə əsas verir ki, qəbul plan yerləri ciddi şəkildə boş qalacaq. Əlbəttə, bu 5 min nəfərin 2-ci mərhələdə ərizələrini təsdiq etməməsinin səbəbi, bildiyimiz kimi, universitetlər bakalavr pilləsində təhsil haqlarında ciddi şəkildə azalmalar etdilər və müəyyən qədər güzəştlər həyata keçirdilər. Burda daha çox tələbələrə şans yaradılmalıdır, təəssüflər olsun ki, qanunvericilikdə magistr pilləsində təhsil alanların işləmək icazəsi yoxdu və onlar təhsil haqlarını özləri ödəyə bilmirlər. Yenidən valideynlərdən pul almaq real görünmür və valideynlərin buna maddi imkanları yoxdu. Çünki ölkədə 2 dəfə devalvasiyanın baş verməsi insanların gəlirlərinin aşağı düşməsinə gətirib çıxardı. Hər insanın da maddi imkanı yoxdur ki, 2 il müddətində böyük məbləğdə pul ödəsinlər. Hətta elə universitetlər var ki, orada magistratura üzrə təhsil haqqı 3800-4000 manata qədərdir. Hesab edirəm ki, magistratura "Təhsil haqqında qanun” da göstərildiyi kimi əlavə 20 dərəcə olsa və işə qəbul zamanı əmək haqqına üstünlük verilsə, buna meyil edənlər çoxalmalı idi”.
K.Əsədov həmçinin bildirib ki, ölkə prezidenti İlham Əliyev 2017-ci ildə magistratura pilləsində təhsil alanların hərbi xidmətə möhlət hüququnun verilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamdan sonra isə magistr pilləsində təhsil almaq istəyən şəxslərin sayının çoxalması gözlənilirdi: "Amma DİM-də xidmət haqqı qiymətlərin artırılması və digər tərəfdən universitetlərin təhsil haqqı ilə bağlı güzəşt etməməsi prezidentin sərəncamını reallaşdırmadı, əksinə, təəssüf ki, insanlar ölkədən kənarda magistratura pilləsində təhsillərini davam etdirməyə meyil etdilər. Qanun hamıya şamildir, xaricdə təhsil alanlar da hərbi xidmətdən azaddır, amma xaricdə magistr üzrə təhsil haqqı Azərbaycandan dəfələrlə aşağıdır. Hesab edirəm ki, universitetlər bakalavr pilləsi ilə yekunlaşmayıb, magistratura pilləsində də təhsil haqlarına göz gəzdirsələr, yaxşı olar. Keçən il 75 faiz magistratura pilləsində yerlər dolmuşdu, 25 faizə yaxın yerlər boş qalmışdı. Bu il isə abituriyentlərin sayının azalmağı buna ciddi şəkildə təsir göstərəcək. Nəticə etibarı ilə universitetlərdə plan yeri ciddi şəkildə boş qalacaq”.
Yeganə Bayramova