Sabah Azərbaycanda 28 dərəcə temperatur olacaq




Mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturunun gecə 15-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.