“Ona nəyisə sübut etməyə ehtiyac görmürəm”

Gülüstan Əliyeva: “Mən Samirə kimi insana cavab versəm, onun səviyyəsinə düşmüş olaram”


Sənət aləmində zaman-zaman qalmaqalların, söz-söhbətlərin şahidi oluruq. Kimisi gündəmə gəlmək üçün qalmaqal yaradır, kimisi isə istəmədən qalmaqalda adı hallanır. İstənilən halda sənət adamları arasında yaranan insidentlərdə tərəflər arasında yaranan soyuqluq özünü göstərir. Elə bu günlərdə meyxanaçı Samirə Yusifqızı ilə Əməkdar artist Gülüstan Əliyeva arasındakı mahnı qalmaqalı buna misaldır. Əslində bu qalmaqal artıq iki ilə yaxındır bitmək bilmir.

G.Əliyeva səsləndirdiyi "Ay nənə” mahnısını ilk dəfə özünün ifa etdiyini və aranjimanın ona məxsus olduğunu bildirsə də, meyxanaçı israrla mahnının ilk ifaçısı olduğunu sübut etməyə çalışır.

Əməkdar artist meyxanaçı Samirə ilə aralarında yaşanan qalmaqala "Şərq”də cavab verdi: "Mən Samirə kimi insana cavab versəm, onun səviyyəsinə düşmüş olaram. Mənim kim olduğumu hamı bilir. Səhnədə nə zamandan varam, yaradıcılığım göz qabağındadır. 

Ona nəsə sübut etməyə ehtiyac belə görmürəm. Tamaşaçı kimin sənəti hansı səviyyədədi, çox gözəl bilir. Mən Əməkdar artistəm, Konservatoriyanın dossentiyəm. Durub o insana cavab verməyim nə dərəcədə düzdü. Qoy yazsın desin, müsahibə versin. Yəqin yenə reklama ehtiyacı var. Yazıq neyləsin, indiki zamanda bəziləri reklamsız yada düşmürlər. Bu xanım da reklamsız, qalmaqalsız heç kimin yadına düşmür. Sadəcə, məsləhət edərdim ki, öz səviyyəsində olanlarla qalmaqallara getsin, bəlkə gələn dəfə alındı”.

Yeri gəlmişkən, Gülüstan Əliyeva ilə söhbət zamanı o da bəlli oldu ki, sənətə gəldiyi gündən onunla gündəm yaratmaq istəyən, onun bostana daş atanların sayı heç də az olmayıb: "Mən sənətə gələn gündən mənə paxıllıq edənlərin də, bostanıma daş atanların da o qədər çox şahidi olmuşam ki, mənə artıq bunlar qəribə gəlmir. Gücü çatan da, gücü çatmayan da bostanımı daşlamağa çalışıb. Yellər dağdan nə apara bilər ki?”.

Əməkdar artist qalmaqaldan danışmaqdansa, bir az da yaradıcılığından danışmağa üstünlük verdi: "Yeni mahnılar üzərində ciddi işlər gedir. Bəstəkar Tahir Əkbərin yeni bir mahnısını lentə aldırmışam. Eyni zamanda Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun yeni mahnısı üzərində çalışıram. İşlər çoxdu. Bu yay Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış etməyi planlaşdırmışam. İnşallah, ilin sonuna qədər ola bilsin ki, Heydər Əliyev adına Sarayda konsert verməyi nəzərdə tutmuşam. Ötən il Heydər Əliyev adına Sarayda konsert proqramı nəzərdə tutmuşduq, plakatlar hazırlanmışdı, biletlər satılmışdı. 

Aprel şəhidlərinə görə təxirə saldım. Çünki konsert şəhidlərimizin qırx günlərinə təsadüf edirdi. İnşallah, bu ilin sonu həmin layihəni təqdim etməyi düşünürəm. Hər bir sənətkarın arzusudu Heydər Əliyev adına Sarayda Konsert proqramı ilə çıxış etsin. İnşallah, bu arzum reallaşar”.

Qeyd edək ki, Samirə Yusifqızı "Ay nənə” mahnısının ilk ifaçısı olduğunu iddia edir: "Gülüstan Əliyeva mənim haqqıma girib. Mahnını əsla o ortaya çıxarmamışdı. Mahnı 1996-cı ildə ərsəyə gəlib. Həmin ildə Gülüstan Əliyeva heç səhnəyə çıxmamışdı. Nəyə görə yalan danışırsan? Görürsən, indi o yalanın vaxtı gəlib çatdı. Haqqa girmək olmaz”.

Tahirə