Natiq Cəfərli: "FED növbəti faiz artımına gedəcək. Bu, dünyada dolların bahalaşmasını özü ilə paralel gətirə bilər"
"Dolların ucuzlaşacağı barədə proqnozlar doğru deyil”.
Bunu Sherg.az-a dolların zəifləməsi haqqında proqnozlara münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, dollar uzun müddətdir sabitləşib:
"Mərkəzi Bank uzun müddətdir məzənnəni dəyişmir, dəyişdikdə isə qəpiyin yüzdə biri,yüzdə ikisi qədərə dəyişir ki, bu da nəzərə çarpmır. Əslində banklarda dolların alış qiyməti kifayət qədər artıb. Alış və satış arasındakı fərq aradan qalxıb. Əvvəl hər 100 dolların alışı və satışı arasında 7-8 manat fərq olurdusa, indi bu fərq 1-2 manata qədər azalıb. Əvvəl 1,65-1,66-a qiymətə valyutanı insanlardan alırdılar, indi isə bu məbləğ 1,69-a qədər artıb. Əgər Dünyada son bir həftədən çoxdur ki, dollar kifayət qədər zəifləyib. Bu, Rusiyada, Qazaxıstanda və digər ölkələrdə hiss olundu, lakin Azərbaycanda hiss olunmadı.
Cəmi 10 gün bundan əvvəl 1 avro 1,7 sent idi. Bu gün isə 1 avro 1,12 sentə qədər ucuzlaşıb. Amma bu, Azərbaycanda hiss olunmadı. Deməli, hazırda gedən proses Mərkəzi Bankın maliyyə vəsaitlərinə ciddi nəzarətin güclü olması, inzibati resursların, manat kütləsinin dövriyyədə azalması hesabına baş verir. Bu, müəyyən sabitlik yaratsa da, iqtisadi aktivliyin zəifləməsinə ciddi təsir göstərir. Son zamanlar rəsmi rəqəmlərə görə, ölkədə ümumdaxili məhsulun 1,2 faiz azalması onu sübut edir ki, manat kütləsinin azalması iqtisadi aktivliyin də azalmasına səbəb olur. Bu da heç xoş deyil. Qarşımızda duran problemlərin həllində önəmli rol oynamır. Çünki iqtisadi aktivlik artmalıdır ki, yeni iş yerləri yaransın, ölkədə ümumdaxili məhsulun artım tempi yüksəlsin. Mərkəzi Bank sadəcə manat kütləsini azaltmaq şərti ilə məzənnəni sabit saxlamaq istəyir”.
Gələn ayın 14-15-də Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclasının keçiriləcəyini xatırladan N.Cəfərli deyib ki, FED növbəti faiz artımına gedəcək:
"Bu, dünyada dolların bahalaşmasını özü ilə paralel gətirə bilər. Bahalaşma baş verəndə istər-istəməz Azərbaycana da təsir edəcək. Azərbaycanda manatın möhkəmlənməsini təmin edəcək yeganə amil dünyada neftin qiymətinin artmasıdır. Neftin qiyməti artıb, ən azı 60 dolları keçməlidir ki, manat möhkəmlənsin. İndiki şəraitdə isə manatın kəskin şəkildə möhkəmlənməsini, dolların çox ciddi ucuzlaşmasını gözləmək əbəsdir”.
Qeyd edək ki, rusiyalı makroiqtisadiyyat analitiklərinin proqnozunda ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətinin dolların zəifləməsinə gətirib çıxaracağı bildirilir.
Aysel Aslan