Kurikulum ləğv olunacaq? - Ekspert izah edir




"Azərbaycanda kurikulum termini hüquqi prizmada 2003-cü ildə təhsil sisteminə daxil olub”.

Bunu Sherg.az-a kurikulum sistemi ətrafında mövcud olan narazılıqlara aydınlıq gətirərkən təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, kurikulum sistemində çətin və qeyri-adi heç bir şey yoxdur:

"Əslində, bundan əvvəlki tədris proqramında da kurikulum istifadə olunurdu. Lakin indi fərqli yanaşma tərzi var. Bu gün ciddi problem odur ki, müəllimlərimiz təkmilləşmək istəmirlər. Haqlı tərəflər də var. İlk öncə qeyd edim ki, söyləntilərin əksinə kurikulumun ləğv olunması məsələsi gündəmdə deyil. Sadəcə, onun əsas standartlarının redaktəyə ehtiyacı var. Hətta təhsil haqqında qanunda da göstərilir ki, təhsil standartını təsdiq edən normativlər 5 ildən bir dəyişdirilməlidir. Hazırda istifadədə olan kurikulum proqramı 2003-2008-ci illərdə hazırlanıb. Və üstündən 20 ildən çox vaxt keçib. İlk dəfə kurikulum hazırlananda Qazaxıstanın və digər kurikulum proqramlarını istifadə edən ölkələrin tədris proqramlarını olduğu kimi tərcümə etməklə bizə köçürdülər. Burada müəyyən alt standartlar var ki, onların reallaşdırılması fənlər üzrə doğru deyil, əlavələr olmalıdır. Bu da işlədikcə ortaya çıxır.

Təhsil sistemi sizin təcrübə aparacağınız laboratoriya deyil. Kurikulum islahatı Qazaxıstanda 18 il müddətində həyata keçirilib. Hələ də başa çata bilməyib. Amma biz ölkədə birdən-birə bunu təhsil sistemində tətbiq etdik. Əvvəl baxmaq lazım idi ki, pilot məktəblərdə bu layihə özünü doğruldurmu? Yəni hər rayondan ən azı 1 məktəb götürmək və bunu tətbiq etmək lazım idi. İlk dəfə kurikuruluma keçən uşaqlar 9-cu sinifdə oxuyur. Əlbəttə, valideynlər narahatdırlar və narazıdırlar. Narazılığın səbəbi kurikulum deyil. Kurikulum normativ sənədlər sistemidir və kifayət qədər də uğurludur. Lakin bu standartlar əsasında yazılmış dərsliklər ciddi şəkildə qüsurludur. Belə deyək, yazılmış dərsliklərin heç biri əslində kurikulum standartlarına cavab vermir. Ənənəvi dərsliklərə yeni 2-3 şəkil, sxem və maraqlı bir neçə mənbə artırmaqla bu kurikulum olmur. Kurikulumun məqsədləri var. Dərslikləri işləyənlərin heç də hamısı orta ümumtəhsil məktəblərinin müəllimləri deyil. Dərslik yazanlar hamısı ali təhsil müəssisələrində, elmi təşkilatlarda çalışanlardır. Onlar şagirdlərin qabiliyyətini bilik və bacarıqlarını müəyyən edə bilmirlər. Çünki kurikulumun əsas məqsədi heç də çox bilik vermək deyil, az biliklər əsasında şəxsiyyətin formalaşmasıdır. Təhsil sisteminizə tətbiq etdiyimiz kurikulumda da bu gözlənilmir”.

K.Əsədov hesab edir ki, valideynlər yazılmış dərsliklər şagirdlər üçün uyğun olmamasından narazıdırlar:

"Təəssüf ki, dərslik müəllifləri dərslikləri repetitorlar üçün yazıb. Yəni dərsliklər o qədər qəliz yazılıb ki, valideyn uşağının ev tapşırığına kömək edə bilmir, məcbur qalır, boğazından kəsib, övladını müəllim yanına qoyur. Bu o deməkdir ki, həmin tərtibçilər ya özləri repetitordurlar, ya da repetitorlarla bu və ya digər formada əlaqədədirlər. Misal deyim; bir neçə ay əvvəl dərslik üzrə bir türkiyəli mütəxəssisin seminarlarında iştirak edirdim. O "Dərslik necə yazılır” adlı seminarında Azərbaycandakı 6-7-ci siniflər üçün yazılmış dərsliklərindən nümunə ortaya qoydu. Nəticə isə çox acınacaqlı idi. Düşünün, bizim 14-15 yaşlı şagirdlərimiz üçün nəzərdə tutulmuş kitablarımız, "Dünya Dərslik Düsturu”na görə, bu kitablar dünyada 28-29 yaşda olan insanların yaşına uyğun dərslik gücünü verdi. Bunu analiz edərkən əsas nəzərə alınır ki, bir səhifədə və ya paraqrafda sözlərin, şəkillərin sayı və informasiyanın çoxluğu nə qədərdir. Məlum oldu ki, informasiya yükü olduqca çoxdur. Buna görə də şagirdlər informasiya yükünün altında qalırlar. Hamısında fiziki və psixoloji problemlər bundan ortaya çıxır. Tədris sadələşməlidir. Biz elə bilirik ki, orta məktəbi bitirən məktəbli hər şeyi bilməlidir, kadr olaraq universitetə getməlidir. Bu belə deyil. Orta məktəbdə minimum biliklərə sahib olmaq lazımdır. Kurikulum da onu deyir ki, hər hansı sahəyə maraqlı olacaqsa, bunu gedib, ali məktəbdə öyrənməlidir. Dərsliklərimiz hamısı ensiklopediyanı xatırladır. Təsəvvür edin, şagirdlərimiz Fransa, Amerika, Rusiya tarixini onlardan daha yaxşı bilir. Adi riyaziyyat fənnindən Avropada, Amerikada magistratura və doktorantura bölməsində keçirilən materialları biz orta məktəbin 10-11-ci siniflərində keçirik. İnformasiya yükü Azərbaycan dərsliklərində hədsiz dərəcədə çoxdur. Hesab edirəm ki, kurikulumu ləğv etmək lazım deyil”.

Belə layihələrin həyata keçirilməsinə ayrılan pulların müəllimlərin məvaciblərinə əlavə olunmasını təklif edən K.Əsədov bildirib ki, bu zaman daha effektiv nəticə əldə etmək olar:

"Təsəvvür edin, kurikulum və digər layihələrin həyata keçirilməsi üçün 10 minlərlə pul xərclənir. Həmin pullar müəllimlərin məvaciblərinə əlavə edilsə, müsbət dəyişiklik olardı. Bu gün Azərbaycanda 151 min müəllim var. Onlardan 100 mindən çoxunun kurikulum haqqında sertifikatı var. Amma tətbiq edə bilmir, çünki nəzəriyyədir. Onlar öyrəndiklərində maraqlı deyillər, əmək haqqı da buna imkan vermir. Ölkə başçısı tərəfindən müəllimlərin əmək haqqı hər il artırılır. Amma bununla bərabər devalvasiya, gəlirlərin azalması əsas məsələdir. Hesab edirəm ki, müəllimlərin əmək haqqı artırılmalıdır, onlar kommunal xərclərdən azad olunmalıdırlar ki, gəlirlərini özlərinə tətbiq edə bilsinlər.

Digər tərəfdən kurikulum standartları təcrübəli mütəxəssislər tərəfindən redaktə olunmalıdır. Burada elə standartlar var ki, o bizə heç nə vermir. Reallaşması mümkün deyil. Yekun olaraq kurikulum ləğv olunmamalı, mütəxəssislərin redaktəsinə verilməlidir”.

Aysel Aslan