İŞİD terroru Avropaya daşımaq istəyir

İlqar Vəlizadə: "İŞİD özünə qarşı prosesdə daha fəal iştirak edən ölkələrə daxili xaos və anarxiya elementləri gətirməyə çalışır"


"İŞİD özünün regiondakı fəaliyyəti ilə kifayətlənmir, çalışır ki, terroru təkcə Yaxın Şərqdə deyil, Avropa ölkələrinə və digər ərazilərə daşısın”.

Bunu Sherg.az-a İŞİD terror təşkilatının ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürməsinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, Avropada terror törətmək İŞİD üçün daha təsirli vasitə kimi görünür:

"Çünki İŞİD-in terror törətməsi nəticəsində həmin ölkələr diqqətini Yaxın Şərqdən öz ölkələrinə yönəldirlər. Orada gedən proseslərdən uzaqlaşmağa məcbur olurlar. Daha doğrusu, diqqəti öz daxili təhlükəsizlik sistemini təkmilləşdirməyə yönəldirlər. 

Əslində İŞİD-in taktikası müəyyən dərəcədə aparılan geosiyasi proseslərdən xəbər verir. İndi bir çox ölkələr səylərini birləşdirir ki, İŞİD-i yer üzündən silsinlər və tamamilə, bu strukturu ləğv etsinlər. 

Bununla bağlı müəyyən addımlar atılır. Bunların kifayət qədər effektiv olmamasının səbəblərindən biri də bundan ibarətdir ki, İŞİD bu ölkələrə qeyri-proporsional cavab verməyə çalışır. 

İŞİD özünə qarşı prosesdə daha fəal iştirak edən ölkələrə daxili xaos və anarxiya elementləri gətirməyə çalışır. Ona görə də əsas məqsəd Yaxın Şərqdəki, Suriyadakı proseslərdən diqqəti yayındırmaq və beləliklə, burada möhkəmlənməkdir”.

Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcı qurğunu işə salıb, özü də hadisə yerində ölüb.

Aysel Aslan