
Cəlilabadda Uluslararası Aktivist Sanatçılar Birliyinin şöbəsi açılıb
"21 may 2017-ci il tarixində Baş İqamətgahı Türkiyədə olan Uluslararası Aktivist Sanatçılar Birliyinin (UASB) Bakı şəhəri, 28 may 86 ünvanında yerləşən Azərbaycan Təmsilçiliyinin Cəlilabad rayon şöbəsinin rəsmi açılışı olub.
Sherg.az xəbər verir ki, açılış mərasimində respublikanın tanınmış ziyalılarından Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Asif Azerelli, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, tanınmış ziyalı, şair Mikayıl Bozalqanlı, ictimaiyyət nümayəndələri, UASB Azərbaycan Təmsilçiliyinin Cəlilabad rayon şöbəsində fəaliyyət göstərən müxtəlif yaradıcılıq kurslarında təhsilə başlayan şagirdlər və onların valideynləri iştirak etdilər.
UASB Azərbaycan təmsilçisi, rəsm komitəsi başqanı Nəvai Metin UASB Genel başkanı Ümit Yaşar İşıkhanın salamlarını çatdıraraq mərasimi açıq elan etdi və UASB yarandığı gündən bəri göstərdiyi fəaliyyət, əldə etdiyi uğurlar haqqında məlumat verdi. O bildirdi ki, UASB Azərbaycan Təmsilçiliyi birliyin ideya və prinsiplərini əsas götürərərk fəaliyyət göstərməkdədir. Belə ki, 2012-ci ildən etibarən UASB Azərbaycan təmsilçiliyi Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində geniş miqyaslı tədbirlərə imza atmışdır. Bunlara misal olaraq şair Akif Səmədin 55 illik yubiley tədbiri, "Yurdumuzu qarış-qarış gəzək” adlı layihə, respublikanın yaradıcı ziyalıları ilə görüşlər, müxtəlif səpkili və janrlı kitabların təqdimatı, rəssam, şair, yazıçı və digər görkəmli ziyalıların yaradıcılıq gecələri də bu qəbildəndir. 2015-ci ildə "Yurdumuzu qarış-qarış gəzək” layihəsi ilə yola cıxan təmsilçilik bu ildən həmin layihəni davam etdirmək fikrindədir. UASB-nin nəzdində yaranmış "Sedet ART” Rəsm Akademiyası da təmsilçiliyin son dövrdə reallaşdırdığı ən ümdə layihələrdən biridir.

"Sedet ART” Rəsm Akademiyasının bir neçə filialı da artıq fəaliyyət göstərməkdədir. Bundan sonra Cəlilabad rayonunda fəaliyyət göstərən "Almaz” rəsm studiyası da yerli rəssam Musa Əmiraslanovun rəhbərliyi ilə "Sedet ART” Rəsm Akademiyasının şöbəsi kimi fəaliyyət göstərəcəkdir.
Nəvai Metin inandığını bildirdi ki, bölgədə fəaliyyət göstərən bu rəsm studiyası gənclərin bədii zövqünün formalaşmasında öz müsbət təsirini göstərəcəkdir. UASB Azərbaycan təmsilçisi, rəsm komitəsi başqanı Nəvai Metin sözünə davam edərək bildirdi ki, Əməkdar İncəsənət xadimi, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, professor Asif Azərelli, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyatxan Əliyev, UASB Azərbaycan mətbuat xidmətinin təmsilçisi Günay Nəriman Həsənli, tanınmış ziyalı, şair Mikayıl Bozalqanlı kimi şəxslərin iştirakı, "Şərq qəzeti”nin və ARB TV kanalının mediya dəstəyi bizi daha da cəsarətləndirir, gələcəkdə daha da geniş fəaliyyət göstərməyə ruhlandırır.
Çıxış edən Əməkdar İncəsənət xadimi, professor Asif Azərelli UASB Azərbaycan Təmsilçiliyinin bu layihəsini yüksək qiymətləndirərək gələcək fəaliyyətində "Sedet ART” kollektivinə uğurlar arzuladı.
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyatxan Əliyev, eyni zamanda konsultantı olduğu UASB Azərbaycan Təmsilçiliyinin yarandığı gündən bəri məhsuldar fəaliyyətini xatırladaraq gənc nəslin sənətçi olaraq yetişməsində onun müsbət rolunu qeyd etdi. Bəzi mötəbər mənbələrin görməli olduğu işi UASB Azərbaycan Təmsilçiliyinin etdiyini bildirdi. Tanınmış ziyalı, şair Mikayıl Bozalqanlı çıxış edərək "Sedet ART” Rəsm Akademiyasının yaranmasında onun da əməyi olduğundan məmnunluğunu ifadə etdi. UASB Azərbaycan Təmsilçiliyin bü günədək olan fəaliyyətini yüksək qiymətləndirərək gələcək layihələrində də daha böyük uğurlar əldə edəcəyinə əminliyini bildirdi.
UASB Azərbaycan Təmsilçiliyinin Cəlilabad rayon şöbəsinin rəhbəri, rəssam Musa Əmiraslanov, ictimaiyyət nümayəndələri və valideynlər çıxış edərək "Sedet ART” Rəsm Akademiyasının Bakı şəhərindən kənarda ilk filialının məhz Cəlilabad rayonunda açılmasından məmnunluq hissi keçirdiklərini bildirdilər.
UASB Azərbaycan Təmsilçiliyinin rəsm komitəsi başqanı Nəvai Metin Cəlilabad rayon şöbəsinin açılış mərasimini yekunlaşdıraraq bir daha Cəlilabad rayon filalının rəhbəri rəssam Musa Əmiraslanova, eləcə də, şöbədə təhsilə başlayanlara uğurlar arzuladıqdan sonra özü ilə gətirdiyi müxtəlif texniki yardımı və xatirə hədiyyərini Cəlilabad rayon filalına təqdim etdi.
UASB Azərbaycan təmsiçiliyi mətbuat xidməti