“Narkotika və telefon həbsxanaya göydən düşmür ki?”




Cəzaçəkmə müəssisəsinə, yaxud da istintaq təcridxanasına narkotik maddə, mobil telefon keçirməyə cəhdlərlə bağlı zaman-zaman məlumatlar verilir. Həbsdəki yaxınına narkotik maddə, mobil telefon keçirmək istəyənlər daha nələrə əl atmır; gah gətirdikləri sovqatın içinə, gah da ayaqqabının, hətta vaflinin, xurmanın, mürəbbənin də içinə narkotik maddə yerləşdirirlər. Belə hallara istər cəzaçəkmə müəssisəsi, istərsə də istintaq təcridxanalarında tez-tez rast gəlinir. Bəzən məhbuslar mobil telefonu şorun içində də gizlədirlər.

Belədə məhkumla yanaşı, ona qadağan olunmuş vasitələri ötürməyə çalışan şəxslər də məsuliyyət daşıyır. Azərbaycan insanı niyə bu qanunsuzluğa əl atır. Həbsxanaya narkotik

maddənin, mobil telefonun, hansısa qadağan olunmuş əşyanın keçirilməsinə niyə belə "can-başla” girişir? Sanki hansısa qanunsuzluq etməkdən xoşlanırıq.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri, hüquqşünas Elçin Behbudov "Şərq”ə açıqlamasında bu kimi halların başvermə səbəblərindən danışdı:

- Məhkumların valideynlərinin, yaxınlarının həbsxanaya qadağan olunmuş əşyalar keçirməyə cəhd göstərməsinin bir neçə səbəbi var. Birincisi, bir çox hallarda məhkumlar valideynlərini, yaxınlarını, ailə üzvlərini buna məcbur edirlər. Xəbər göndərirlər ki, nə eləyirsən, elə, gələndə telefon gətir, yaxud, narkotik gətir. O gün televiziyada göstərirlər ki, yaşlı bir qadın içəri narkotik maddə keçirmək istəyəndə yaxalanıb. Bu, yaşlı, ağbirçək qadını niyə axı buna məcbur edirsən? Bəlkə də o qadın, öz ixtiyarına qalsa, bunu eləməz. Ancaq məhkum oğlu istəyir, tələb edir, anasını məcbur edir. Belə hallar çox olur. 1 dəfə tutulurlar, 10 dəfə keçirirlər. Cəzaçəkmə müəssisəsinin daxilində, kameralarda aparılan axtarışlar zamanı bir də görürsən ki, mobil telefon aşkarlandı, narkotik maddə tapıldı. Deməli, bunları kimsə içəri keçirib. Narkotik maddə həbsxanaya göydən düşmür ki!.. Deməli, onu kimsə vaxtında içəri keçirə bilib və tutulmayıb da. Əlbəttə, burada həbsxana nəzarətçiləri, sovqata baxış keçirən personal məsuliyyət daşıyır. Narkotik maddələrin cəzaçəkmə müəssisəsinə keçirilməsinə cəhdin arxasında, həm də, məhkumların müalicə olunmaması da dayanır. Narkotik istifadəçisi əslində, xəstə adamdır. Narkotik maddəyə aludəçilik xəstəlikdir. Xəstə adam həbsxanada ağır vəziyyətə düşür. Narkotik elə bir bəladır ki, ona tutulmuş adam ya müalicə olunmalıdır, ya da ondan istifadəni davam etdirməlidir. Əks halda, bu, ölümlə də nəticələnə bilər. Narkotikə alışmış bədən, orqanizm onu tələb edir. Məsələn, Respublika Narkoloji Dispanserində narkotik asılılığından qurtulmaq üçün müalicə aparılır. Narkotik aludəçilərinə onu qismən əvəzləyən, amma zərərsiz, narkotik maddə asılılığından yavaş-yavaş qurtulmağa kömək edən dərman preparatları verilir. Elə psixotrop maddələr var ki, narkotiki əvəz edə bilir. Yavaş-yavaş bu insanları asılılıqdan çıxarırlar. Cəzaçəkmə müəssisələrində isə belə bir müalicə yoxdur. Narkotik aludəçisi olan məhkum dəhşətli vəziyyətə düşür. Məlumdur ki, narkomanların "lomkası” gələn vaxt var. Elə ki, orqanizmin tələbatı baş qaldırır, insan özünü bilmir, başını itirir. Belə vəziyyətdə hətta intihara da əl atırlar, özlərini doğrayırlar. Bu insanlar müalicə olunmalıdır. Təəssüf ki, bizdə hələ də narkotik maddə istifadəçisi ilə, narkotik maddə ticarətçisi bir-birindən fərqləndirilmir. Daxili işlər naziri cənab Ramil Usubovla görüşlərimdə bu problemə dəfələrlə toxunmuşuq və cənab nazir də həmişə bildirib ki, narkotik ticarətçiləri məsuliyyətə cəlb olunmalıdır, narkotik istifadəçiləri deyil. Çünki bunlar xəstə adamlardır. Onlar müalicə olunmalıdır. Amma cəzaçəkmə müəssisələrində narkomanlar müalicə olunmur. Onlara sakitləşdirici preparatlar verilmir. Ona görə də belə hallar baş verir, məhkumların yaxınları, doğmaları içəriyə narkotik maddə keçirməyə cəhd edirlər.

Mobil telefon məsələsi isə başqadır. Cəzaçəkmə müəssisələrində telefon aparatları quraşdırılıb. Qanunvericiliyə uyğun olaraq məhkumlara telefon danışığı vaxtı verilir. İstintaq təcridxanasında isə telefon danışığına icazə yoxdur. Ancaq işi aparan müstəntiqlər istintaq altında olan şəxsin istintaqa zərər verməyəcəyi, istintaq materiallarını yaymayacağı təqdirdə doğmaları, yaxınları, vəkilləri ilə danışmasına icazə verirlər. Məsələn, hazırda MTN-in istintaq təcridxanasında saxlanılan jurnalist Pərviz Həşimliyə telefonla danışmağa da, doğmaları ilə görüşə də icazə verilib. Ona görə də mən təəccüblənirəm ki, gizli mobil telefon əldə etməyə nə ehtiyac var? Hər məhkumun telefonla danışmaq hüququ var, limitə uyğun danışa bilirlər. Daha əlavə telefon istəmək, doğmalarını, yaxınlarını zərbə altında qoymaq yaxşı iş deyil.

Məlahət Rzayeva