Rusiyadakı Azərbaycan icmasına PSİXOLOJİ TƏSİR...

Aydın Mirzəzadə: "Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı Azərbaycan səfirliyi dövlətin rəsmi hakimiyyət orqanlarına bu tədbirin qarşısının alınması ilə bağlı müraciət edə bilərlər"

"Vaxtaşırı Ermənistan və digər ölkələrdəki erməni millətçilər tərəfindən Azərbaycana qarşı təxribat xarakterli tədbirlər reallaşdırılır”.

Bunu Sherg.az-a Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilməsinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib. 

O bildirib ki, çox hiyləgər, aqressiv və provakator düşmənlə üzbəüz dayanmışıq:

"Onlar bizim torpağımıza yiyələnmək istəyir, mədəniyyətimizə və mədəni sərvətimizə sahiblik etməyə cəhd edir. Vaxtaşırı bu tip tədbirlər təşkil etməyə səy göstərirlər. Şübhəsiz ki, yığacaqları auditoriya o qədər də böyük olmayacaq. Kursk Rusiyanın nə mədəni, nə də böyük inzibati ərazisi deyil. Bununla belə onlar bu tədbirin Azərbaycan ictimaiyyətinə, Rusiyadakı Azərbaycan icmasına psixoloji təsir edəcəyini yaxşı bilirlər. Ermənilər bizim hissiyatımızla oynamağa çalışırlar. Onlara veriləcək ən yaxşı cavab isə sayıq olmaq, belə məsələlərə qarşı mübarizə aparmaq, orada yaşayan azərbaycanlılar bununla bağlı yerli hakimiyyət orqanlarına müraciət edə bilərlər. 

Tanınmış insanlar Rusiyanın hakimiyyət orqanlarına müraciət edərək, bunun provakasiya olması barəsində məlumatlandırıb və qarşısının alınmasını xaiş edə bilərlər. Eyni zamanda gözləniləndir ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı Azərbaycan səfirliyi dövlətin rəsmi hakimiyyət orqanlarına bu tədbirin qarşısının alınması ilə bağlı müraciət edə bilərlər. İstənilən halda, həmişə düşmənin tədbirinə cavab vermək, qabaqlayıcı addımlar atmaq həm dövlət, həm də ictimai rəyin mövqeyini bildirməsi vacibdir”.

Qeyd edək ki, Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə "Şuşanın azad olunmasının 25 illiyi" adlı təxribat xarakterli aksiya və "bayram konserti" ilə bağlı elanları yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.

Aysel Aslan