Vəzifəyə təyin olunacaq qadınlarla bağlı informasiya bankı yaradılmalıdır

Mehriban Zeynalova: “İndiyə qədər onlar barədə informasiya bankı yaradılıb prezidentə təqdim olunmayıb”


Qadınların vəzifələrə çəkilməmələri, yuxarı istansiyalarda işə cəlb olunmamaları son illərin daha çox müzakirə predmeti idi. Bu barədə zaman-zaman müəyyən fikirlər səsləndirilirdi. Qadınların potensialından faydalanılmaması ciddi etirazlar doğururdu. Savad və zəkasına güvənən, idarəçilik bacarıqlarının ölkənin ictimai-siyasi həyatına töhfə verəcəyini iddia edən xanımlar hüquqlarının pozulmasından şikayətlənirdilər. Cəmiyyətdə gender bərabərliyinin təmin olunmasını tələb edirdilər.

İndiki halda bu narazılıqlara son qoyulub. Artıq qadınların yüksək postlara gətirilmələri hökumətin prioritet istiqamətinə çevrilib. Belə ki, ötən günlərdə Nəsimi rayonu 152 saylı orta məktəbinin direktoru Verdiyeva Gülarə Eyvaz qızı Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub. Gənc xanım humanitar məsələlər üzrə müavin kimi fəaliyyətə başlayıb.

Xatırladaq ki, bu, birinci hal deyil. Ötən il daha iki gənc xanım icra orqanlarında müavin vəzifəsinə gətirilib.

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında bildirib ki, bu cür siyasi addımların atılması çox müsbət dəyişikliyə gətirib çıxaracaq. Birlik rəhbərinin sözlərinə görə, məlum proses gender bərabərliyi barədə siyasi iradənin ortaya qoyulmasını göstərir: "Hesab edirəm ki, qadınların icra strukturlarında yüksək vəzifədə təmsil olunmaları müxtəlif məsələlərə pozitiv töhfə verəcək. İcra orqanlarına müraciət edən şəxslərin problemlərinin dinlənilməsinə və həlli prosesinə təsirini göstərəcək. Qadınların korrupsiya və rüşvətxorluq hallarında daha az iştirakı, bu məsələlərə o qədər də meyilli olmamaları müraciət edən vətəndaşların istəklərinin operativ şəkildə icrasına müsbət təkan verəcək”.

M.Zeynalovanın qənaətinə görə, qadınların icra başçısı vəzifələrinə təyin olunmaları da aktuallaşmalıdır: "Nədən icra başçıları qadınlar deyil? Nədən bu posta qadınlar hələ layiq görülmür? Yüksək vəzifələrdə kişilərdir. İkinci-üçüncü yerlərdə qadınlardır. Düşünürəm ki, məlum siyasi iradənin ortaya atılması, ölkədə yaxın perspektivdə icra başçıları arasında qadınların olması ilə nəticələnə bilər”.

Həmsöhbətimiz onu da əlavə edib ki, yüksək vəzifədə oturan şəxslər əxlaqı və mədəniyyəti ilə digərlərinə nümunə olmalıdırlar.

Qurum sədrinin fikrincə, hazırda ölkədə siyasi proseslərə qatılmaq istəyən kifayət sayda xanım var: "Sadəcə həmin qadınlarla bağlı informasiya bankı yaradılmalıdır və ölkə rəhbərinə təqdim edilməlidir. Ölkəmizdə təhsilli, bacarıqlı, zəngin dünya görünüşünə malik və əxlaqı dəyərləri ilə

seçilən qadınlar çoxdur. Amma indiyə qədər onlar barədə informasiya bankı yaradılıb prezidentə təqdim olunmayıb. Bu addım atılandan sonra hər şey qaydasına düşər”.

M.Zeynalova hesab edir ki, qadınların ədalətli təyinatı mümkün olacaqsa, onlar güclərini sınamağa çalışacaqlar: "Əslində görünməyən əngəllər qadınların siyasətdə iştirakına həmişə mane olub”.

Həmsöhbətimiz xanımların balans xatirinə önə çəkilməsinin əleyhinə olduğunu söyləyib: "Hər kəs bacarıq və qabiliyyətinə görə irəli çəkilməlidir. Vəzifəyə gedirəm deyərək xalqı məhv etmək və yaxud yerində oturub heç bir iş görmək istəməyən qadınların qabağa aparılmasının lehinə deyiləm”.

Prosesin təqdirəlayiq olduğunu deyən fəlsəfə elmləri doktoru, tanınmış politoloq Qabil Hüseynli bunun müsbət effekt verəcəyini düşünür: "Qadınların irəliyə çəkilməsi Azərbaycan dövlət siyasətinin qabaqcadan yürüdülən xətti idi. İndiki halda həmin tendensiya intensivləşib. Dövlət qurumlarında xanımların yerləşdirilməsinə diqqət artıb. Əlbəttə, bu, müsbət tendensiyadır. Qadınların daha inzibati vəzifələrə gətirilməsi prosesinə start verilib. Bu, hökumətin mühüm nailiyyətlərindən biridir. Çünki qadınlar ölkə əhalisinin yarıdan çoxunu təşkil edirlər. Onların içərisində təhsillilərin sayı kifayət qədər artmağa başlayıb”.

Ekspert qeyd edib ki, ali məktəblərdə təhsil alan qızlar oğlanlara nisbətən daha yaxşı göstəricilərə malikdirlər: "Bu reallıqlar fonunda yuxarı vəzifələrə qadınların gətirilməsinin dövlətçiliyin və idarəçiliyin daha səmərəli işləməsinə gətirib çıxaracağına inanıram”.

Ayyət Əhməd