Qazın, elektrikin qiyməti hələlik artmayacaq

Vahid Əhmədov: “Yanacağın qiyməti yeni artırılıb və bununla əlaqədar da bazarlarda bir sıra məhsulların qiymətlərində artım müşahidə olunur”


Bazarlara yaxın durmaq mümkün deyil, qiymətlər od tutub yanır. Baş verən bahalaşma demək olar ki, bütün növ məhsullar üzrə qeydə alınmaqdadır. Bütün bunlar azmış kimi indi də ekspertlər kommunal xidmətlərin bahalaşacağı ilə bağlı proqnozlar verir. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, hökumət kommunal tarifləri son 7-8 il ərzində qaldırmayıb və indi bunun artırılmasına ehtiyac yaranıb. Bunu 2014-cü ilin büdcəsi tələb edir. Bu səbəbdən qazın kubmetri 10 qəpikdən 15 qəpiyə, elektrikin kilovatı isə 6 qəpikdən 10 qəpiyə qaldırıla bilər.

İqtisadçı, millət vəkili Vahid Əhmədov isə hələlik qaz və işığın qiymətinin bahalaşmasının gündəmdə olmadığını vurğulayıb:

"Azərbaycanda kommunal xidmətlərin tarifləri qalxmayacaq. Yanacağın qiyməti daha yeni artırılıb və bununla əlaqədar da bazarlarda bir sıra məhsulların qiymətlərində artım müşahidə olunur. Xüsusilə də ərzaq məhsullarının qiyməti kəskin şəkildə bahalaşıb. Bu baxımdan indiki şəraitdə hökumətin kommunal xidmətlərin qiymətinin qaldırılması ilə bağlı qərar verəcəyinə inanmıram və bunu heç məqbul da saymıram.

Düzdür, benzinin qiymətinin qalxması məhsulun maya dəyərini artırır və satış qiymətlərinin də qalxmasını şərtləndirir. Həmçinin bu artım kommunal xidmətlərin bahalaşmasına da öz təsirini göstərə bilər. Ancaq cari ilin birinci yarım ili ərzində hökumətin belə bir addım atacağını zənn etmirəm”.

Mətbuatda vaxtaşırı qazın kubmetrinin 10 qəpikdən 15 qəpiyə, elektrikin kilovatının isə 6 qəpikdən 10 qəpiyə qaldırılması ilə bağlı məlumatlar yayıldığını deyən millət vəkilinin sözlərinə görə, bunlar sadəcə ayrı-ayrı iqtisadçıların gözləntiləridir: "Bu cür xəbərlərə mətbuatda tez-tez rast gəlirəm. Ancaq onların nə qədər real olub-olmadığını dəqiq deyə bilmərəm. Ekspertlər iddia edir ki, kommunal xidmətlərin bahalaşmasını 2014-cü ilin büdcəsi tələb edir. Lakin 2014-cü ilin büdcəsi artıq təsdiq olunub və belə bir tələb müzakirə obyekti deyil. Bəzi ekspertlər iddia etsə də,

yaxın aylarda qazın kubmetrinin 10 qəpikdən 15 qəpiyə, işığın kilovatının isə 6 qəpikdən 10 qəpiyə qədər artırılması real proqnoz deyil”.

Şəymən