Zəfər Quliyev: “Son vaxtlar Milli Şurada bir partiyanın ağalığı aydın görünürdü”

“Müsavat da vəziyyətdən narazı idi”



Müxalifətin Milli Şurası iflic durumdadır. Baş verənlər onu göstərir ki, qurum son dönəmlərini yaşayır. "Müsavat” Partiyasının təşkilatın tərkibindən çıxması qurumu əhəmiyyətsiz duruma salıb. Prezident seçkilərində ciddi uğursuzluqla üzləşən təşkilatın fəaliyyətini başa vurduğu iddia olunur.

Gələcəkdə baş tutacaq bələdiyyə və parlament seçkiləri ilə bağlı yeni birliklərin yaranmasına ehtiyacın duyulduğu bildirilir. "Müsavat”-ın qurumdan ayrılmasından sonra MŞ-dən istefalara start verilib. Son günlər bu hal daha geniş vüsət alıb. Bu günlərdə "El” Hərəkatı sədrinin müavini Zəfər Quliyev və sabiq daxili işlər naziri İsgəndər Həmidov MŞ-dən istefaları barədə bəyanat veriblər. Əgər Milli Şura bir ay ərzində özünün sonrakı fəaliyyəti ilə bağlı ortaya konkret tədbirlər planı qoymasa, "Turan” agentliyinin direktoru Mehman Əliyev də bu qurumu tərk edə bilər.

Son günlər müxalif düşərgədə baş verənlər və MŞ-dəki istefalar barədə "Şərq”-in suallarını adıçəkilən qurumdan istefa vermiş Z.Quliyev cavablandırdı.

- Sizin və ya sizdən sonra MŞ-dən ayrılanların addımını "Müsavat”ın istefası ilə əlaqələndirirlər. Bu doğru yanaşmadırmı?

- MŞ-yə daxil olanda da hansı partiyanın qatılıb- qatılmaması ilə maraqlanmırdım. Qurumu yaradanlardan biri də mən olmuşam. Onun yaradılması ideyası ortaya atılanda, layihəni ən çox təbliğ edən və yaranması prosesində ən fəal iştirak edənlərdən olmuşam. Məni bu işə hansısa partiya təhrik etməyib. Hətta MŞ yarananda təklif etdim ki, təsisçilər siyahısında adım müstəqil politoloq kimi yazılsın. Hansısa bir siyasi təşkilatın üzvü kimi yazılmağıma ehtiyac görmədim. Ona görə də müstəqil politoloq kimi yazıldım. İstefa verəndə də müstəqil fərd kimi bəyanatımda da göstərdim ki, bu, şəxsi seçimimdi. İstefamın "Müsavat” Partiyası ilə əlaqələndirilməsi məntiqsizdir. Məndən sonra da istefa oldu. Belə çıxır ki, hörmətli İsgəndər bəy istefasını mənim istefamla əsaslandırıb. Hadisələrin bir-birinin ardınca baş verməsi, o anlama gəlməli deyil ki, bunlar bir-biri ilə bağlıdır. Şəxsi mövqeyim vardı. MŞ-dən çıxma səbəblərimlə "Müsavat”ın ayrılma səbəbləri üst-üstə düşmür.

- MŞ-dən ayrılmağınıza səbəb nə idi?

Mövqeyimi MŞ-nin dekabrın 3-də baş tutan sonuncu sessiyasında bildirdim. Proseslərin gedişindən narahat olduğumu qeyd etdim. Təkliflərimi verdim. Həmin dönəmlər ümid var idi ki, prosesləri düzgün istiqamətə yönəltmək olar. Toplantıda söyləmişdim ki, MŞ də İctimai Palatanın səhvlərini təkrarlayır. Əvvəllər qurumda iki partiyanın dominantlığı müşahidə olunurdu. Son vaxtlar isə bir partiyanın ağalığı aydın görünürdü. Kollegiallıq mühiti itmişdi. Başqa səbəblər də var. Geniş danışmaq istəmirəm. Bir daha qeyd edirəm ki, istefam nəinki "Müsavat”, heç təmsil olunduğum "El” Hərəkatı ilə də bağlı deyil. Ona görə ki, təmsil olunduğum qurum hələ qərar verməyib. Gələn həftənin əvvəlində "El”in MŞ də qalıb- qalmaması müzakirə olunacaq.

- Bəzi ekspertlər iddia edirlər ki, artıq MŞ-nin fəaliyyətinə xitam verilməlidir. Bələdiyyə və parlament seçkilərinə hazırlıq üçün müxalif düşərgədə yeni bloklar yaradılmalıdır. İndiki halda MŞ-nin ölkənin siyasi səhnəsində nə kimi əhəmiyyəti var? Qurumun fəaliyyətini davam etdirməsinə lüzum görülürmü?

- Hesab edirəm ki, MŞ özündə güc tapıb böhrandan çıxa bilsə, yaxşı olacaq. Orada təmsil olunan insanların əksəriyyəti dostlarımdı. Təşkilatdakı ziyalılar bir araya gəlib vəziyyətdən çıxa bilsələr, ümumi işlər üçün böyük fayda verə bilər. Amma etiraf edək ki, hazırda MŞ böhran içərisindədir.

- Necə düşünürsünüz, MŞ böhrandan çıxa biləcəkmi?

- Bu barədə proqnoz vermək çətindir.

- Mövcud durumdan yaxa qurtarmaq üçün nələr edilməlidir?

- Daxili iqlim və münasibətlər sistemi dəyişməlidir. Ziddiyyətli və konfliktual sfera davam edəcəksə, onun perspektivi sıfıra enəcək.

 -MŞ-nin perspektivsiz və önəmsiz quruma çevrilməsi "Müsavat”-ın istefası ilə əlaqələndirilir...-

- "Müsavat” Partiyasının siyasi çəkisi və qurumdakı rolunu nəzərə alsaq, görəcəyik ki, adıçəkilən siyasi partiya sıradan bir təşkilat deyil. "Müsavat” Partiyası MŞ-nin yaranmasında və seçki kampaniyası dövründə böyük rol oynayıb. "Müsavat” və AXCP seçki prosesini potensialları hesabına çox ciddi şəkildə apara bildilər. Ona görə, adıçəkilən təşkilatın MŞ-dən çıxması qurumun nüfuzuna və siyasi perspektivinə təsir edir. Bu, təkzibolunmazdır. MŞ böhranlı vəziyyətdən "Müsavat”sız üzüağ çıxa biləcəksə, yolunu davam etdirəcək.

- Başqa təşkilatların da MŞ-dən istefası barədə söz-söhbətlər dolaşır. Bu gözləniləndirmi?

- Əlbəttə. Qurum daxilində münasibətlər sistemi dəyişməsə, başqa təşkilatlar da ayrıla bilərlər.

- "Müsavat”ın MŞ-dən ayrılması onun növbəti illərdə keçiriləcək bələdiyyə və parlament seçkilərində təkbaşına iştirak etməsi kimi yozulur...

- Bu fikirləri o qədər də məntiqli saymıram. Parlament seçkilərinə çox müddət qalıb. 2 il var. Bələdiyyə seçkiləri isə Azərbaycanda çox əhəmiyyətsiz bir prosesə çevrilib. Hətta bələdiyyə seçkilərinə də kifayət qədər vaxt var. "Müsavat” Partiyasının istefasını növbəti seçkilərlə izah etmək yanlışdır.

- Bəs "Müsavat”ın ayrılmasını nə zəruri edirdi?

- Bu partiya da qurumdakı vəziyyətdən narazı idi. Müəyyən məsələlərlə bağlı təklifləri və yanaşmaları vardı. Lakin istəkləri üçün münbit şərait yaradılmadı. Uzun müzakirələrdən sonra qərara gəldilər ki, təşkilatdan ayrılsınlar.

Ayyət Əhməd