Azərbaycanda sulu qəlyan da MONOPOLİYADADIR ? - İzah




"Azərbaycana qəlyan gətirilməsinin monopoliya altında olması ilə bağlı ciddi məsələ yoxdur”.

Bunu Sherg.az-a "Azərbaycanda sulu qəlyandan istifadə tamamilə məhdudlaşdırıla bilərmi?  "sualına gəlincə, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Onun fikrincə,  ola bilər ki, ölkəyə gətirilən tütünlərin nəzarəti və ya müəyyən məhdud sayda insanlara və ya şirkətlər aid olması müzakirə oluna bilər, amma sulu qəlyanın özünü istənilən şəxs, istənilən ölkədən alıb gətirə bilər:

"Burada söhbət sadəcə qadağalar yolu ilə məsələnin həllində maraqlı olan düşüncədən gedir. Əslində dünyanın bütün ölkələrində müxtəlif məsələlərə münasibətdə qadağalarla paralel olaraq həmişə təşviq proqramları, addımlar həyata keçirilir. Azərbaycanda hər şeyin qadağalarla həll olunacağına inanırlar. Amma sulu qəlyanın istifadəsini tamamilə qadağan etsələr, onsuzda insanlar bunu öz evlərində onsuzda çəkəcəklər. İstəyən gizlin şəkildə, qaçaqmalçılıq yolu ilə tütünü əldə edəcək. Sulu qəlyanın qismən qadağan olunması digərlərinin, qəlyandan istifadə etməyənlərin hüquqlarının qorunması üçün doğru addımdır. 

Belə tədbirlərlə insanları buna öyrəşdirmək mümkündür. Amma tamamilə qadağan olunması mümkün deyil. Dünyanın bir çox ölkələrində narkotik qadağandır. Bu, o demək deyil ki, narkotiklər tamam sıradan çıxıb. Nə qədər qadağa çox olursa, ona maraq artır və qeyri-leqal yollarla ticarəti genişlənir, qiyməti də bahalaşır. Ona görə, insanların sağlam həyat tərzinə cəlb olunması üçün idman salonlarında ucuz qiymətə abunə haqlarının verilməsi, dövlət hesabına tikilmiş olimpiya komplekslərində belə əhaliyə yüksək qiymətə idman xidmətləri təklif olunur. Əhalinin sağlamlığı üçün daha ucuz və əlçatan idman qurğularının olması sağlam həyat tərzinin təşviq olunmasına mühüm addımlardır. 

Televiziyalarda yayımlanan sosial çarxlar da müsbət rol oynayır. Məsələn, Türkiyə kanallarında bunlara rast gəlirik ki, hətta məcburi şəkildə gün ərzində bir neçə dəfə bunları yayımlayırlar. Bu insanlara çox pozitiv təsir göstərir. Buna görə də qadağalarla deyil, izah məsələləri ilə, diskussiyalar və təşviq proqramları ilə bu məsələləri həll etmək daha effektiv və dayanıqlı olur”.

Aysel Aslan