Dənizi hasarlayanlar acgöz insanlardır
“Yalnız prezident səviyyəsində bu işə müdaxilə olunsa, problem həll oluna bilər”
Milli Məclisin ötən iclasında Torpaq Məcəlləsində dəyişikliklər edilməsi ətrafında müzakirələr zamanı millət vəkili Fazil Mustafa qanunda "İctimai çimərlik” anlayışının olmadığından gileylənib. Azərbaycanda isə çimərliklərin çoxunun özəl olduğunu vurğulayan millət vəkilinə görə, qanun qadağan etmirsə, deməli, özəl şirkətlər hasar çəkə biləcəklər:
"Hasarlanmış xüsusi dövlət mühafizəsində olmayanları necə edəcəklər? Hərəsindən bir kubik çıxaracaqlar ki, dənizin sahili görünsün? Bu qanunda dolaşıqlıq yaranıb. Özəllərin üstündən keçilib”.
Xanım deputat Qənirə Paşayeva da dəyişikliyin daha çox qeyri-müəyyənlik yaradacağını deyib və həmkarının fikirlərini dəstəkləyərək dəyişikliyin bu şəkildə qəbul edilməsinin doğru olmamasını xüsusi vurğulayıb: "Ölkə başçısının tapşırığına əsasən insanların çimərliklərə rahat girişinə şərait yaradılmalıdır”.
Q.Paşayeva dəniz sahillərindəki hasarların sökülməsinin vacib olduğunu deyib.
Millət vəkili Çingiz Qənizadə də digər həmkarları ilə həmrəy olduğunu deyib. O, yay fəslinin yaxınlaşdığını və insanlara çimərliklərdən istifadə üçün şərait yaradılmalı olduğunu deyib: "Hər kəs imkanından asılı olmayaraq təbiətin bizə bəxş etdiyi dənizdən istifadə edə bilməlidir”.
Deputatların çıxışından sonra spiker Oqtay Əsədov qanunda müəyyən boşluqlar olduğunu, bu səbəbdən təklif edilən dəyişikliyin saxlanılaraq gələn dəfə müzakirəyə çıxarılacağını söyləyib.
Qeyd edək ki, qanunun 46-cı maddəsinin 2-1-ci hissəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri "İctimai çimərliklər” sözləri ilə əvəz edilib. Dəyişiklikdə ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu və digər üsullarla bağlanmasına yol verən hallar nəzərdə tutulub. Hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmamalıdır. Hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədi mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli, eni 6 metrdən az olmamaq şərtilə sahilə birbaşa keçid təmin olunmalıdır.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu yay da vətəndaşların çimərlik üzünə həsrət qalacağını deyib. AİB sədri bu məsələnin belə tezliklə öz həllini tapmasının inandırıcı olmadığını bildirib.
Onun sözlərinə görə, ölkə başçısının insanların xeyrinə olan bir neçə rəsmi qərarı və tapşırıqları var, ancaq həmin göstərişlərin dövlət məmurları tərəfindən icra olunmaması səbəbindən ölkə vətəndaşları ictimai nəzarətə cəlb olunur.
Dənizi hasarlayanların hər şeydən öncə vətənini sevməyənlər olduğunu qeyd edən E.Hüseynov dünyanın heç bir yerində dənizin bizdəki kimi hasarlanması, özəlləşdirilməsi təcrübəsinin olmadığını vurğulayır:
"Bir çimərlik həvəskarı olaraq dünyanın bir çox ölkələrinin çimərliklərində olmuşam, lakin heç bir ölkədə belə əcaib vəziyyət yoxdur. Ən qatı kapitalist ölkələrində belə ictimaiyyət üçün açıq olan çimərliklərdə pul yığıldığını görməmişəm. Dəniz ümumxalq sərvəti olduğu üçün hər kəs ondan bərabər şəkildə istifadə hüququna sahibdir.
Bizdə isə Bakı-Hacıqabul yolu boyunca dəniz görünmür. Halbuki insanlara bu qədər zülm etmək, onları dəniz üzünə həsrət qoymaq qanunsuzluqdur. Fikrimcə, dənizi hasarlayanlar vətənini sevməyən və ona hörmət etməyən adamlardır. Gələcək nəsillərə davamlı, müsbət bir iş qoyub getmək lazımdır. Doymayan, acgöz adamlar isə gələcək nəsillərə heç bir şey qoymur. Bu, anormal haldır.
Hasarlanmış əraziləri sökməyə kiminsə iradəsi çatacağını düşünmürəm. Yalnız prezident səviyyəsində bu işə müdaxilə olunsa, problem həll oluna bilər. Başqa heç bir qurumdan müsbət nəticə gözləmirəm. Necə ki, cənab Prezidentin ortaya qoyduğu iradə sayəsində ötən il 42 villa söküldü, dəniz kənarına çəkilən hasarların sökülməsi üçün də eyni münasibət sərgilənməlidir. Onsuz da dənizi çəpərə alanlar da harınlamış, xalqın hesabına varlanmış oliqarxlardır. Ancaq yaxşı olar ki, dəniz kənarındakı villaları sökmək əvəzinə, uşaqlar və ya qocalar evinə çevirmək olar”.
Şəymən