Zahid Oruc: " Ölkə başçısı özünün yaxın siyasi komandasını bir daha cəmiyyətə elan etdi "
"2018-ci il prezident seçkiləri qarşısında istər ölkə daxilində, istərsə də xarici aləmdə atılacaq addımların xarakteri, idarəçilik modelinin xüsusiyyəti haqqında müzakirələr aparılır”.
Bunu Sherg.az-a Prezident Administrasiyasında son günlər baş tutan struktur dəyişikliyini izah edərkən millət vəkili Zahid Oruc deyib.
O bildirib ki, bu anlaşılandır, çünki regional anlamda bir sıra ölkələr də artıq idarəçilik quruluşlarını dəyişiblər:
"Gürcüstanda və Ermənistanda qeyd etdiyimiz hadisələrin şahidi olmuşuq. Önəmli olan odur ki, resurs ölkəsi, neft - qaz ehtiyatlarına dayanan, dünya ilə transmilli korporasiyalar üzərindən sabit münasibətlər qurmuş, buna görə də ölkə xaricindən hər zaman mənfi təsirlərə məruz qalmış yerlərdə elə idarəçilik formalaşdırmaq lazımdır ki, problemlərə yol açmasın. Hətta böyük neft zənginliyi ilə seçilməyən Ukraynada rəngli inqilablar pis vəziyyətlərə yol açdı. Ortada Ukraynanın suverenliyi və bütövlüyü məsələsi durur. Halbuki bir neçə il öncə bu dövlət GUAM və başqa ölkələr daxilində çoxlarına yuxarıdan aşağı baxırdı. İndi isə hər kəsdən yardım istəyir. Deməli, idarəçilik sistemi büdrəmələri sevmir. Buna görə, bizim üçün ən önəmli məsələ ölkə başçısı tərəfindən ali icra hakimiyyəti orqanının rəhbərliyində bir daha məlum təyinatlar vasitəsilə cəmiyyətə və dünyaya öz mesajlarını verməsidir. Azərbaycan prezidentli üsul idarədir.
Bu səbəbdən ölkə prezidentinin ən yaxın komandasının fəaliyyəti strukturdakı birlik, monolitlik ölkə həyatının əsas müəyyənləşdiricisidir. Biz prezidentin öz komandasını gələcəkdə kimlərdən ibarət görmək istədiyinin bir daha şahidi olduq. Köməkçi institutunun daha da genişləndirilməsi vaxtilə konstitusiyada edilmiş dəyişikliklərdən irəli gəlir. Prezident aparatı məfhumu ilə Administrasiya arasında ciddi fərq var. Əsas siyasəti müəyyənləşdirən, digər hakimiyyət qolları arasında vahidliyi təmin edən qurum prezidentlərin administrasiyasıdır. Bu dünyada özünü doğrultmuş sistemdir. Ən önəmli məsələ odur ki, ölkə başçısı özünün yaxın siyasi komandasını bir daha cəmiyyətə elan etdi. Orada yer alan şəxslər təcrübəlidirlər. Müəyyən sınaqlardan keçiblər. Açıq demək lazımdır ki, digər hakimiyyət qolları arasında administrasiya özünün öncül aparıcılığı ilə hər zaman seçilir”.
Z.Orucun fikrincə, təyinatlarda birinci vitse-prezidentlik institutunun katibliyinin formalaşması da uğurlu şəkildə dövlət başçısının komandasının ayrılmaz hissəsi olmasını sübut etdi:"Birinci vitse - prezident Mehriban xanım Əliyevanın indiyə qədərki fəaliyyəti çərçivəsində lider xanım kimi həyata keçirdiyi işlər, ölkənin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, humanitar missiyası, Şərq qadını kimi onun aparıcı, istedadlı obrazı bütövlükdə idarəçiliyin xeyrinə işləyir. O, bu sistemi tamamlayır, möhkəmləndirir, daha da monolit edir.
Şübhəsiz ki, məlum dəyişikliklər, kiminsə yenidən formalaşmış sistemdə təyinat almamasının başlıca səbəbləri ölkə rəhbərinə bəllidir. Müxtəlif mülahizələrlə fikir yürütməyi artıq sayıram. Çünki ölkə başçısını xarakterizə edən ən mühüm keyfiyyət onun ədalətli və müdrik olmağıdır. Kimsə bu məqamda yenidən etimad əldə etməyibsə, səbəblər özlərinə bağlıdır”.
Hökumət sistemində də fəaliyyətin daha güclü qurulmasına təyinatların təsir göstərməsinin müşahidə olunduğunu deyən Z.Oruc bildirib ki, məqsəd odur ki, funksiyaları dəqiq olsun, heç kəs başqasının səlahiyyətinə qarışmasın, dövlət başçısının qarşısında təşəbbüskarlıq mövqeyi tutulsun, tapşırıqlar yerinə yetirilsin, xalq qarşısında hesabatlıq olsun:
"Yekun olaraq mən dünənki qərarı belə dəyərləndirirəm ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev başda olmaqla administrasiya sisteminin daha möhkəm qurulması ona şaxələnmiş, çevik struktur kimi ölkədəki quruculuq işlərinin önündə gedəcək. Bu, vacib məsələdir. Çünki 2015-16-cı illərdə iqtisadi-maliyyə sahəsində ciddi sıxıntılar yaşanıb. Bunlar isə hökumət tərəfindən etiraf olunur. Problemlərin ortadan qaldırılması üçün komanda içərisində daha peşəkarlara səlahiyyət verilməsi, onların qarşısında mühüm vəzifələr qoyulması o deməkdir ki, Azərbaycan ambisiyalı proqramları yerinə yetirmək imkanına malikdir. Ümidvarıq ki, struktur dəyişikliyi digər orqanlarda eyni ahəngdarlıqla qəbul olunacaq, ona uyğun addımlar atılacaq”.
Aysel Aslan