Professor “Maşın” şoudan DANIŞIB: "Hər şeyin dürüst olması daha vacibdir, lakin..."

"...Bu şəkildə aparıcıya hücum etmək doğru deyil"


"Verilişdəki toplanan faiz fərqində saxtakarlıq olduğunu düşünmürəm”.

Bunu Sherg.az-a "Maşın” realiti şousunda səs faizlərində yaranmış mübahisəli məqamları izah edərkən tanınmış televiziya eksperti, professor Qulu Məhərrəmli deyib. 

O bildirib ki, faizlərin cəmi maksimum faizdən aşağı olarsa, o zaman saxtakarlıqdan danışmaq olar:

"Məsələn, 50 və 49 faiz göstərilsə, bu zaman cəmi 100 etməsə, saxtakarlıq olduğuna şübhə yaranar". 

Murad Dadaşovun aparıcılığına gəlincə, Q.Məhərrəmli qeyd edib ki, o, Azərbaycan televiziya məkanında formalaşmış ən yaxşı şoumendir. Onun apardığı verilişlər, dil-üslubu, prosesləri idarə edə bilməyi məmnunluq yaradır: 

"Sözügedən verilişdə səslərlə bağlı məqama isə diqqət etmədiyimdən dəqiq fikir söyləyə bilmərəm. Adın məsələdir ki, bu, yarışmadır, məğlubiyyətlə barışmaq da bəzən çətin olur. Hər şeyin dürüst, ədalətli olması daha vacibdir. lakin bu şəkildə aparıcıya hücum etmək doğru deyil. Mənim yanaşmam budur”.

Azərbaycanda saymaq məsələsinin hər zaman problemli olduğunu deyən Q. Məhərrəmlinin sözlərinə görə, seçkilərdə də bəzən yanlış rəqəmlər ortaya çıxır:

"Amma ədalətsizlik o zaman olur ki, bir nəfər istedadlıdır, ona basqı var və istedadlı olmayanı üzə çıxarırlarsa, bu, milyonların gözünün qarşısında olur. Ona görə, bunu qurma, ədalətsizlik adlandırmaq olar. Eyni dərəcədə istedadlı insanlar varsa, həmişə belə mürəkkəblik ortaya çıxır. Amma yenə deyirəm, bu gün Azərbaycanda Murad Dadaşov səviyyəsində şoumen yoxdur. Kifayət qədər intellektual səviyyəsi var, maraqlı televiziya verilişləri ortaya qoyur. Arzu olunandır ki, belə situasiyalar ortaya çıxmasın. Olubsa belə bir elementə görə, Murad Dadaşova belə hücumu təqdir etmirəm”.

Qeyd edək ki, ötən gün əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu "Maşın şou”nun daha bir buraxılışı baş tutub. C.Rəcəbov səs toplayacağı təqdirdə rejissor Kənan Mahmudovu yarışmadan uzaqlaşdıracağını deyib. Verilişin bitməyinə bir neçə dəqiqə qalmış Cavad Rəcəbov səsvermə nəticəsində 35,71 faiz səs-qalsın, 65,29 faiz səs "getsin”ə toplayıb. Bu səs faizlərini topladıqda isə 101 faiz olması nəzərdən qaçmayıb.

A24.Az olaraq, bu hadisə haqqında Murad Dadaşova zəng etsək də, telefonumuza cavab vermədi. Prodüseri Pərvin Sevdimalıdan açıqlama aldıq. "Görəcəyimiz işlər həddindən artıq çox ağır və məsuliyyətlidir. Hər bir yayımda texniki qüsurlar ola bilər. Təbii ki, bu bizdən də yan keçmədi. Adımıza bəzi ittihamlar səslənsə də, bu sadəcə olaraq texniki səhvlə bağlıdır. Buna görə də, tamaşaçılardan yanlış anlaşılmaya görə, üzr istəyirik”.


Ayyət Əhməd