"Şərq" qəzeti ev almaq üçün namizədləri müəyyənləşdirdi - SİYAHI - FOTO

Bu gün "Şərq” qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.
İclası "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın iki üzvü - Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə və MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli izləyib.
İclasa sədrlik edən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını elan edib. 6 nəfərlik siyahıda açıqlanan meyarlara uyğun redaksiyanın yaradıcı heyətindən 2 nəfər, texniki heyətdən isə 4 nəfər namizəd müəyyənləşib.
Namizədlər isə bunlardır: Məmmədova Fazilə Oruc qızı, Kazımov Rasim Aslan oğlu, İmaməliyeva Tahirə Məmməd qızı, Abdullayev Anar Bayram oğlu, İbrahimova İlahə Əhməd qızı, Cabbarova Nailə Hüseyn qızı, İclasda iştirak edən əməkdaşların namizədlərlə bağlı fikirləri öyrənilib, adıçəkilən namizədlərin lehinə və əleyhinə səsvermə keçirilib.
Səsvermə nəticəsində "Şərq” qəzetinin adları çəkilən 6 əməkdaşının adının müvafiq komissiyaya təqdim olunması qərara alınıb.
A.Aşırlı çıxışında ölkədə mətbuata göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə, Prezident İlham Əliyevə təşəkkür edib: 
"Prezident İlham Əliyevin verdiyi sərəncama uyğun jurnalistlər üçün ayrılan mənzillərin bölüşdürülməsi ilə bağlı namizədlərin təqdim olunması məqsədilə iclas təşkil olunub. "Şərq” qəzeti 21 ildir nəşr olunan qəzetdir. Keçən mərhələdə redaksiyadan 3 nəfər evlə təmin olunub. Hazırkı iclasda isə artıq ev alacaq namizədlərin siyahısı 6 nəfərdən ibarətdir. Bu siyahıya həm yaradıcı, həm texniki heyətin nümayəndələri daxildir. Təbii ki, "Şərq” qəzetinin Azərbaycan mətbuatında və jurnalistikasının inkişafında yüksək xidmətləri olub. Hər zaman peşəkarlığa önəm verən qəzet olaraq Azərbaycan mətbuatında yerimiz danılmazdır. Azərbaycan dövləti peşəkar jurnalistin hər zaman arxasındadır. Cənab prezident hər zaman azad sözə, azad mətbuatın inkişafına dəstəyini göstərib və jurnalistlər üçün mənzil ayrılması bunun bariz nümunəsidir. Hesab edirəm ki, müəyyən olunmuş meyarlara da heç kim etiraz edə bilməz. Redaksiyada keçirilən ilkin müzakirələrdə bu barədə söhbətlər aparılıb, ümumi razılıq əldə olunub. Hər kəsin jurnalistikada xidmətləri və tərcümeyi-halı var. Bütün bunlara diqqət edilir. İlkin rəyi redaksiya olaraq biz veririk və sonrakı seçim mərhələlərindən uğurla keçən namizədlər evlə təmin olunacaq.
Daha sonra idarə heyətinin üzvləri redaksiya heyətinin suallarını cavablandırıb.
V.Rəhimzadə müəyyən olunan seçim meyarlarını bir daha diqqətə çatdırıb:
"Hazırda çox önəmli bir tədbir keçirilir. İlk olaraq cənab Prezidentimizə minnətdarlıq edirəm ki, şəxsən onun təşəbbüsü ilə belə şərait yaradılıb. Artıq jurnalistlər üçün tikiləcək növbəti binanın da təməli yaxın vaxtlarda qoyulacaq. Bir müddətdən sonra üçüncü bina hazır olanda növbəti jurnalistlərin evlə təmin olunması həyata keçiriləcək.
Hazırkı mərhələdə hər redaksiyadan neçə namizədin ev ala biləcəyini demək üçün çətinlik çəkirəm. Ola bilər ki, bir redaksiyadan 4, 5 nəfər, ya 3 nəfər ev ala bilsin. Həmin müəyyən olunan şərtlərə cavab verən namizədlərin sənədləri çox dəqiqliklə incələnəcək. İlkin olaraq KİVDF tərəfindən informasiyaları incələnən namizədlərin siyahısı Prezident Administrasiyasına (PA) təqdim olunacaq. Demək olar ki, minlərlə müraciət daxil olub. Haqqı olan, olmayan, evi olan, olmayan namizədlər ev almaq istəyir. Reallıq budur ki, 255 mənzilə görə, imkan olduğu qədər namizədlərə ev veriləcək. Şəxsi analizimə görə, bu dəfə ev alan jurnalistlərin sayı daha artıq olmalıdır. Ona görə ki, indi mənzillərin sayı daha çoxdur. Bu mənada proses tam ədalətli şəkildə həyata keçirilməlidir. Kim alacaqsa, içində can sağlığı ilə yaşasın. Arzu edək ki, ev almayanların da növbəti binadan ev almaq imkanı olsun”.
Oncə redaksiya heyətini Ramazan bayramı münasibətilə təbrik edən M.Ələsgərli ev məsələsinin Azərbaycan xalqı üçün çox önəmli olduğunu diqqətə çatdırıb:
"Biz xarici ölkələrdə səfərlərdə olarkən maraqlı hadisə ilə qarşılaşırıq. Baxırsan ki, milyonçu adamdır, amma ipoteka ilə ev götürüb, yaşayır. Bizdə isə vəziyyət tam fərqlidir. Bizdə isə ev həm də bir ocaq anlayışına gəlir. Allah hər birimizə ocaq qismət etsin.
Ölkədə orta statistikaya görə, 25 mindən çox jurnalist var. Onların içərisində daimi, mövsümi çalışanlar, peşəkarlar və qeyri-peşəkarlar var. Bilirik ki, 25 min jurnalistin 20 min nəfərini kənara qoyduqda, real şəkildə ölkədə informasiya yükünü çəkən 3-4 min jurnalistimiz qalır. Həmin jurnalistlərin isə haqqı var iddia etsin ki, onun da evi olsun. Həm mentalitetdən irəli gələn məsələlərə uyğun, həm də əməyinə, xidmətinə görə, hər kəs istəyər ki, bu tarixi fürsətdən istifadə etsin. Dünyanın heç bir yerində belə model yoxdur ki, dövlət ev tiksin, təmənnasız jurnalistlərə bağışlasın. KİVDF-nin standartlarına uyğun ədalətli seçim aparmaq əsas niyyətdir. 
Amma nə qədər kriteriyalara uyğun addım atsan da 250 mənzil, 5 mindən yuxarı isə real jurnalistlərdir. Kənarda qalan jurnalistlər üçün bu ümidsizlik olmalı deyil. Artıq növbəti binanın da təməl qoyma mərasimi keçiriləcək və ümid edək ki, növbəti dəfə daha çox jurnalist evlə təmin olunacaq. Nə qədər ki, bu siyasi kurs, mediaya dövlət qayğısı davam edir, həmin strategiya da davam edəcək. Sadəcə bizə arzulamaq düşür ki, Allah dövlətimizə qüdrət, prezidentimizə can sağlığı versin. Bu siyasi kurs davam etsin. 4-cü, 5-ci, 6-cı binalar tikilsin və bizim jurnalist həmkarlarımız da mənzillə təmin olunsun. Hər kəsin bir ocağı olsun.
"Hər redaksiyadan neçə jurnalistə mənzil verilə bilər ?" sualına gəlincə, M.Ələsgərli qeyd edib ki, ev 6 nəfərə də verilə bilər, 1 nəfərə də:
"Düşünürlər ki, redaksiyadan 1 nəfər namizədlik verdikdə, mütləq ev alacaq. Elə şərt yoxdur. Ola bilər ki, bir redaksiyadan heç bir namizəd ev almasın, ya da 6 nəfər namizədin hamısı alsın. Akif müəllim kifayət qədər güzəşt və ürəyiaçıqlıq göstərir ki, texniki heyət də daxil olmaqla namizədlərin siyahısı məhdudlaşmır".
M.Ələsgərli mənzilin verilməsi ilə bağlı müəyyən olunmuş şərtlərdən də danışıb: " Artıq şərtlər müəyyən edib. Bu ilk olaraq, namizədin ehtiyac meyarıdır. İkinci şərt jurnalistika prinsiplərinə bağlılığı, üçüncü şərt isə dövlət və millət qarşısında xidmətləridir. Biz birinci və ikinci meyarları asanlıqla müəyyənləşdirə bilirik. Dövlət və millət qarşısında xidmət məsələsi müəmmalıdır. Biz müəyyənləşdirə bilmərik ki, namizədlərin dövlət qarşısında hansı xidmətləri var. Bunu yoxlamaq üçün dövlətin xüsusi xidməti var. Namizədlərin sənədləri PA-a göndəriləcək, dövlətin müvafiq qurumları tərəfindən araşdırılacaq. Bir də baxırsan ki, jurnalistin başının altından elə məsələlər çıxır ki, biz bunu araşdıra bilmərik. Qiymətləndirmədə kimsə kənarda qalacaqsa, bu, idarə heyətinin üzvlərinin və baş redaktorların günahı deyil. Mənzil verilməyən jurnalistlər o demək deyil ki, hansısa problemə görə ev almayacaq. İstənilən halda mənzil sayına uyğun seçim ediləcək. Buna qarşı çıxmaq, hər hansı kompaniya keçirmək deyil, daha çox xidmət etmək, fəaliyyət göstərmək lazımdır”.
Sonda baş redaktor A. Aşırlı hər kəsə təşəkkür edib.
Aysel Aslan