Atam ikinci dəfə zəng edib “təcili evə gəl” deyə bildi. Səsinin titrəməsindən bildim ki, nə isə olub. İsrarla soruşanda “qardaşın haqqında pis xəbər var” deyib, susdu və telefonu söndürdü."Neçə il idi ki, insanlar arasında belə birlik görməmişdim"
Bu ilin mart ayında Ağdam rayonu ərazisində qəhrəmancasına şəhid olan Süleyman Süleymanovun qardaşı Məhəbbət Süleymanov Sherg.az-a şəhid qardaşı haqqında danışıb.
Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalan Qazax rayon Daş Salahlı kənd sakini Süleymanov Süleyman Elçin oğlu 1997-ci il təvəllüdlüdür. Ailənin kiçik övladı olan şəhidimiz 2016-cı ilin yanvarında hərbi xidmətə yola düşüb və bu ilin martın 2-də şəhid olub. Həmin ayın 3-də isə doğulduğu kənddə torpağa tapşırılıb.
Sherg.az müsahibəni təqdim edir:
Məhəbbət, Süleyman necə insan idi?
Süleymanı bütün qohum-əqrəba mehribanlığına, gülərüzlüyünə görə çox istəyirdi. Hər getdiyi yerdə bir kədər var idisə, orada tamam başqa əhval - ruhiyyə yaradırdı, gülürdü, danışırdı. Hərdən deyirdilər ki, siz bir-birinizdən tamam fərqli qardaşsınız. Ən sevdiyi iş də dostları, tanışları ilə şəkil çəkdirmək idi.
-Gənc idi. Bir az yarımçıq qalan arzularından danışaq...Həmişə dərslərini yaxşı oxuyurdu. Ən çox dinimizi mükəmməl öyrənməyə meylli idi. Dinin gözəlliyini ətrafa yaymaq istəyirdi. 5-ci sinifdə oxuyarkən ilk dəfə 1 il Qazağa məscidə ərəb əlifbasını öyrənməyə getdi. Sonradan öz kəndimizdə məscidə gedib, "Qurani-kərimi", ərəb dilini öyrənmişdi. Müəlliminin ən sevimli şagirdi idi.
Pis oluram ki, qardaşım arzularını həyata keçirə bilmədi. Həmişə dini təhsil almaq, Türkiyəyə gedib, dini "hoca" olmaq, sonra isə qayıdıb, kəndimizə, vətənə xeyirli insan olmaq istəyirdi. Cəmi 18 yaşında bu arzuları ürəyində qaldı...
Mən ondan yaşca böyüyəm. Həmişə mənimlə zarafat edərdi ki, mən səndən əvvəl əsgərliyə gedəcəm. Məktəbi bitirdikdən sonra mən universitetə qəbul olundum və ailəm məni tək qoymamaq üçün Bakıya mənim yanıma gəldilər, qardaşım Süleyman isə məktəbi qurtarıb, bizim yanımıza, Bakıya gəldi. Bir müddət sonra hərbi komissarlıqdan qardaşım Süleymana çağırış gəldi. Biz Süleymanı əsgərliyə yola saldıq.
-Etiraf edək ki, çox ailələr övladlarının cəbhə bölgəsində hərbi xidmət çəkməsini istəmir və müəyyən vasitələrlə onun təyinatını başqa yerə dəyişdirmək istəyirlər. Sizin ailəniz də xidmət bölgəsini dəyişmək haqqında düşünmüşdümü?
-Düzü, əvvəl qardaşım döyüş bölgəsinə düşdüyünə görə, valideynlərim istər-istəməz narahat oldular. Tərəddüd etdik, amma sonra bununla barışdıq. Andiçmə mərasiminə gedəndə Süleyman danışırdı ki, hər şey yaxşıdır, hətta zarafat da elədi ki, 10 il də əsgərlikdə qalaram. Müəyyən vaxtlarda komandirin icazəsi ilə bizimlə telefon əlaqəsi saxlayırdı. Ən çox anamla danışırdı. Heç vaxt vəziyyətindən narazılığı yox idi.
-Süleymanda vətənpərvərlik hissini gücləndirən nə idi?Atam, dayım, əmim... Atam da uzun müddət Qarabağ döyüşlərində iştirak edib və Qarabağ veterandır. Dayım isə uzun müddət komandir olub. Əmim də bir neçə il könüllü olaraq hərbidə qulluq edib. Bəlkə də onların apardığı söhbətlər, uşaqlıqdan gələn tərbiyə, vətəni qorumaq hissi Süleymanın vətənpərvərliyinin daha da güclənməsinə, onun şəhidlik zirvəsinə ucalmasına çox təsir etdi.
-Bəs qardaşının şəhid olması xəbərini necə aldın?
Mən universitetdə dərsdə idim. Birdən atam zəng etdi. Telefonu götürdüm, səs gəlmirdi. Bir necə dəfə səslənsəm də atam cavab verə bilmədi. Sonra yenə zəng etdi. Bu dəfə telefonu açanda özünü toplayıb, "təcili evə gəl” deyə bildi. Atamın səsinin titrəməsindən də bildim ki, nə isə olub. İsrarla soruşanda "qardaşın haqqında pis xəbər var” - deyib, susdu, telefonu söndürdü. Evə gələndə isə atam dedi ki, qardaşın ağır yaralıdır, tez kəndə (Qazax rayonu, Daş Salahlı kəndi) getməliyik. Düşündüm ki, yaralıdırsa, niyə xəstəxanaya deyil, kəndə gedirik. Amma heç nə deyə bilmədim. Sanki şəhid olmasını eşitməkdən qorxurdum. Yolda atam dedi ki, qardaşın şəhid olub. İnanmağım gəlmədi, çünki iki gün əvvəl danışmışdıq. Zəng etmişdi. Bütün qohumlarımızla və bizimlə hal - əhval tutmuşdu. Sanki hiss edib şəhid olacağını, sonuncu dəfə hamının səsini eşitmək istəyirmiş kimi...
Yol boyu şok vəziyyətində idim. Kəndə gələndə gördüm, evimizin qarşısına kənd sakinləri yığılıb. Elə onda başa düşdüm ki, həqiqətən qardaşım şəhid olub.
-Övlad itkisi ağırdır... Valideynlərin indi necədir?- Özlərini toparlamağa çalışırlar. Düzdür, Süleymanın yeri heç vaxt dola bilməz. Bəlkə də heç zaman qardaşımın sağ olmadığını qəbul edə bilməyəcəklər. Anam hər dəfə Süleymanla danışandan sonra ağlayırdı, düşünün indi nə vəziyyətdə olar. Amma bu da qismətdir, neynəmək olar? Qardaşım ad, iz qoydu, getdi.
-Bölükdə Süleymandan əvvəl şəhid olan olmuşdumu? Ya da Süleymanın yanında şəhid olan əsgər görmüşdümü?
Doğrusu, bu barədə sizə düzgün məlumat verə bilməyəcəm. Çünki qardaşım heç vaxt bizə hərbidən danışmazdı.
-Döyüş yoldaşları Süleymanın şəhid olması haqqında nə deyib?
Döyüş yoldaşları hələ də hərbi xidmətlərini davam edir. Ona görə, əlaqə saxlaya bilməmişik heç biri ilə. Məlumat da verməyiblər.
-Şəhid qardaşısan... Bu necə hissdir?
-Nə yalan deyim, böyük bir boşluq var... Qardaşım yoxdur, şəhid olub. Amma fəxr edirəm Süleymanla.
Bu il əsgər gedəcəksən. Cəbhə xəttinə düşsən... (sualımı kəsir)Hər il məni əsgərlik üçün çağırırdılar. Lakin universitetdə oxuduğum üçün, arayış göndərilirdi və əsgərliyə aparmırdılar. İnşallah, universiteti bitirib mən də əsgərlik borcumu yerinə yetirəcəm. Cəbhə xəttinə düşmək də Allahın qismətidir. Mənim üçün fərqi yoxdur. Həmişə öz vətən borcumu namus və qeyrətlə yerinə yetirməyə hazıram.
-Heç olubmu ki, öz-özünə, kaş Süleymanın yerinə mən şəhid olardım demisən?
-Əlbəttə.Şəhidlik zirvəsinə ucalmağı Kim istəməz? Şəhidlik hər kəsə qismət olmur. Vətənpərvərlik isə insanın daxilində olmalıdır.
-Dilim də gəlmir deməyə, qardaşının dəfnində nə hisslər keçirdin?
Mən neçə il idi ki, insanlar arasında belə birlik görməmişdim, Aysel. Vətənpərvərlik o qədər güclü idi ki, qardaşımın dəfnində demək olar bütün kənd əhalisi yığılmışdı. Nəinki kənd əhalisi başqa rayonlardan və Qazaxın özü və bütün kəndlərindən əhali bizim evə axın olmuşdu. Bir sözlə evimizdən Şəhidlər Xiyabanına kimi insan seli var idi.
-Dövlət və ya rayon rəhbərliyinin diqqəti necə idi?Dövlətin dəstəyi çox böyük oldu. Qardaşımın dəfnində, ailəmə təsəllidə, dəstəkdə həmişə dövlətin qayğısı üzərimizdə idi. Ən çox əziyyət çəkənlərdən biri Qazax rayon icra başçısı Rəcəb Babaşov oldu. Qardaşımın dəfn günündən yeddisinə qədər, hər gün ailəmə dəstək oldu, iştirak etdi, təsəlli verdi. Qırx mərasimində də özü gəlmişdi. Hər cür köməkliyi göstərirdi.
Bundan başqa Qazax rayon Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov Süleymanın məzar daşının hazırlanmasını öz üzərinə götürdü, yüksək səviyyədə dəstək göstərdi. Çox sağolsun. Ailəmiz adından dərin təşəkkürümüzü bildiririk.
-Gənclər, sıravi insanlar Süleymanın adını yaşadırlarmı?
-Bəli. Sosial şəbəkələrdə qardaşımın adına səhifələr açılıb. Gənclərin idarə etdiyi müxtəlif səhifələrdə də həmişə şəhidlər yad olunur, Süleymanın da adını yaşadırlar. Süleymanın xətrini çox istəyən yoldaşlardan biri xüsusi səhifə açıb, onun şəkillərini paylaşır.
-Süleymanın cibindən sevdiyi qıza yazdığı şeir çıxmışdı. Tanıyırsanmı sevdiyini?
Əsgər getməzdən əvvəl də Süleymanın sevdiyi qız olduğunu bilirdim. Amma heç vaxt bu barədə danışmırdı, kim olduğunu bilmirdim. Dəfn günündə Müdafiə Nazirliyinin əməkdaşları bizə onun cibindən çıxan bir cib dəftərçəsini təqdim etdilər.Həmin dəftərçədə bir neçə şeir vardı. Sevdiyi qıza aid də şeir yazmışdı. Həmişə sevgisini gizli saxlayıb və heçkəsə deməyib.
-Şəhid qardaşı kimi, gənclərə, əsgərlərə müraciətin nədir?
İstəyirəm ki, qardaşımın adı daim yaşasın, xatirəsi əziz tutulsun, gələcək nəsillərə vətənpərvərlik nümunəsi olsun. Vətən uğrunda döyüşməkdən, canlarını qurban verməkdən çəkinməsinlər. Hər zaman çalışacam ki, qardaşımın adını layiqincə yaşadım.
Söhbətləşdi: Aysel ASLAN