Hilal Əsədovun həyat yoldaşı məhkəmədə ifadə verdi - "MTN İŞİ"




Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında təqsirləndirilən polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadə danışıb.
Proses "Vasmoy” bazarı kimi tanınan "8 km bazarı” epizodu üzrə davam edib.

Məhkəmə şahid qismində bazarın keçmiş sahibi Çingiz Əsədov dindirilib.

Şahid qeyd edib ki, bazar ilk dəfə ona məxsus olub: "Mən idarə edirdim. Qardaşım adam öldürəndən sonra problemlər yarandı. O vaxt Cəfər Seyidov və qardaşları bazarı məndən icarəyə götürdülər. Bir il kirayə pulunu verdilər. İkinci il gələndə isə dedilər ki, bazarı səndən almışıq. Məhkəməyə verdim, prosesi udsam da, xeyri olmadı. Cəfərgil cəlilabadlıydı. Hər yerdə Fərhad Əliyevin adından istifadə edirdilər. Heç kimi saymırdılar. Məhkəmə icraçıları gəlib onları çıxartdı. Bu vaxt Fərhad Əliyevin qardaşı Rafiq bazara gəldi, məni söyüb-təhqir elədi. Mən onlara cavab vermək istədim. Bu zaman Cəfər və qardaşları məni döydülər. Bazardan çıxardılar, qardaşımı oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm, polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim”.
Çingiz Əsədov qeyd edib ki, Fərhad Əliyev tutulandan sonra Cəfər Seyidovgildən MTN-ə şikayət edib: "Arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm, daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə pul verirlər".
Prosesdə sabiq MTN-in nazir müavini general Hilal Əsədovun arvadı Nüşabə Əsədova dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
İstintaqa verdiyi ifadəsində Nüşabə Əsədova bildirib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov "Vasmoy" bazarını almaq istəyib: "Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı”.
Nüşabə Əsədova ifadəsində qeyd edib ki, bazarı atası sonradan ona bağışlayıb: "Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Ümümiyyətlə, bazarın neçəyə alındığını, nə vaxt, kimdən alındığını bilmirəm. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi”.
Generalın həyat yoldaşı istintaqa ifadəsində bazarın keçmiş sahiblərini tanımadığını deyib: "Hilalın xidməti işi bağlı ondan heç nə soruşmurdum. Onun işi ilə bağlı kimlərlə əlaqədə olduğu, ümumiyyətlə nə iş gördüyünü bilmirəm. Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Çovdarovadır və Elşən Hüseynov bazardakı 50 faizlik payını ona verib”.
İstintaqa ifadə verən Hilal Əsədovun qayınatası Ənvər Məmmədov isə bildirib ki, 2005-ci ildə kürəkəni ona zəng edərək "Vasmoy bazarı” kimi tanınan meyvə-tərəvəz satış mərkəzinin 450 min dollara satılır: "Hilalla birlikdə 225 min dollar topladıq və bazarın 50 faizini Çingiz Əsədovdan aldıq. Bazar alınanda "Maral-Veqa” MMC-nin tərkibindəydi. Bazar alınandan sonra Elşən Hüseynov "Nəzrin E” MMC-ni yaratdı. Bazarın 50 faizi Elşənin, 50 faizi isə mənim oldu. Bir müddətdən sonra 50 faizlik payımdan 49-nu qızım Nüşabəyə bağışladım. 2007-ci ildədək bazarda direktor oldum, sonra səhhətim imkan vermədi”.
Proses iyunun 7-də davam edəcək.